Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır

Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır


Bu gün, 10:15

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər üzvləri ilə əməkdaşlığın gücləndirilməsi ölkəsi üçün xarici siyasət və iqtisadiyyat sahəsində prioritet olaraq qalır.

APA xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu yanaşma Ermənistanın yeni hökumət proqramında da öz əksini tapacaq.

Baş nazir qeyd edib ki, İrəvan Aİİ-nin əsasını təşkil edən prinsiplərə sadiqliyin qorunmasının tərəfdarıdır. O xatırladıb ki, təşkilatın təməl prinsiplərindən biri malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətidir.

“Təəssüf ki, bu prinsiplər praktikada tam şəkildə həyata keçirilmir. Ayrı-ayrı məhdudiyyətlər və inzibati tədbirlər ümumi bazarın tam fəaliyyətinə mane olur, biznes mühitinin proqnozlaşdırıla bilməsini və inteqrasiya proseslərinin səmərəliliyini azaldır”, – deyə Paşinyan bildirib.

***

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, hazırda ölkəsi üçün Avrasiya İqtisadi İttifaqına (Aİİ) alternativ kimi Avropa İttifaqına (Aİ) üzvlük variantı mövcud deyil.

APA xəbər verir ki, Paşinyan bu barədə Qırğızıstanda keçirilən Aİİ Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan Aİİ və Aİ-yə eyni vaxtda üzv olmağın mümkün olmadığını anlayır, bununla belə, Aİ-yə inteqrasiyaya dair qanunun qəbul edilməsi yalnız Ermənistanın gələcəkdə Avropa İttifaqına üzv olmaq imkanına malik olduğunu göstərir.

Baş nazir qeyd edib ki, Ermənistan gələcəkdə Aİ üzvlüyünə hazır olsa belə, bu, avtomatik olaraq üzvlük demək deyil. Bunun üçün həm Aİ-yə üzv dövlətlərin razılığı, həm də Ermənistan vətəndaşlarının dəstəyi tələb olunur.

Paşinyan vurğulayıb ki, əvvəlcədən zəruri institusional hazırlıq görülmədən və Aİ-yə rəsmi üzvlük ərizəsi təqdim edilmədən, eləcə də namizəd ölkə statusu alınmadan bu məsələ ilə bağlı referendum keçirmək mənasız olardı.

“Bu, vətəndaşları mövcud olmayan alternativlər arasında seçim qarşısında qoymaq deməkdir. Bu isə xalqa qarşı hörmətsizlik və legitim olmayan addım olardı”, – deyə Ermənistanın baş naziri bildirib.


Geri qayıt