Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək

Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək


Bu gün, 07:48

Moskva və İrəvan Qafan şəhərində Rusiyanın Baş Konsulluğunun və Vladiqafqazda Ermənistan konsulluq şöbəsinin açılmasını müzakirə edirlər.

Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyinin rəhbəri Bağır Məmiyev açıqlama verib. Hələ 2023-cü ildə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın Şimali Osetiyada konsulluq şöbəsi açmaq istədiyini bildirib.

“Bu günə qədər bu məsələ (Vladiqafqazda Ermənistan konsulluq ofisinin açılması - red.), Qafanda Rusiya Baş Konsulluğunun açılması məsələsi kimi, ikitərəfli gündəmdən çıxarılmayıb. Lakin hər hansı konkret müddətlər barədə danışmaq hələ tezdir”,-deyə Mirzoyan bildirib.

O, həmçinin vurğulayıb ki, Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyi Rostov şəhərindəki Ermənistan Baş Konsulluğu ilə sabit işgüzar əlaqələr qurub. Bura Rusiyanı Gürcüstanla və daha sonra Ermənistanla birləşdirən yeganə quru yolu olaraq qalan Yuxarı Lars keçid məntəqəsindəki erməni yükdaşıyanlarla bağlı məsələlər də daxildir.

Rəsmi Moskva Qafan şəhərində Rusiyanın konsuluğunun açılmasına dair razılaşmanın icrasını dəfələrlə tələb etsə də, Ermənistan hakimiyyəti vədinə əməl etməyib. 2022-ci ilin oktyabr ayında Qafan şəhərində İran konsulluğunun açılmasına baxmayaraq, rəsmi İrəvan Rusiyaya bu imkanı yaratmayıb.

Halbuki, tərəflər arasında əldə olunmuş sazişə görə, Rusiya konsulluğu 2024-cü ilin əvvəlində fəaliyyətə başlamalı idi. Bu mövzuda Moskva və İrəvan arasında fikir ayrılığının artması 2025-ci ilin may ayında Rusiyanın Qafqanda konsulluq açmaq planından de-fakto imtina etməsi ilə nəticələndi. Lakin indi hər iki ölkənin yenidən bu məsələni gündəmə gətirməsi müşahidə olunur.

Ermənistanın Vladiqafqazda konsulluq şöbəsi açmaq qərarı Yuxarı Lars yolunda yükdaşımaların idarə olunması ilə bağlı görüləcək tədbirləri və prosedurları asanlaşdırmaq məqsədi daşıyır. Rusiyanın niyyəti Zəngəzurda geosiyasi fəallığını artırmağa xidmət edir.

Çünki hazırda Zəngəzur Cənubi Qafqaz uğrunda geosiyasi rəqabət aparan xarici güclərin strateji maraqlarının əsas kəsişmə nöqtəsinə çevrilməkdədir. Rusiya, ABŞ, İran, Türkiyə, Avropa İttifaqı, Çin, Britaniya, Fransa və digər aktorların Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya dəhlizinə nəzarət etmək cəhdləri bölgədə gərginliyi artırır.

Rəsmi Moskva Avrasiya İqtisadi İttifaqının ərazisi sayılan Ermənistandan “Tramp marşrutu”nun keçməsinə etiraz edir və bunu özünün strateji maraqlarına zərbə sayır. Ermənistan tərəfi Qafanda konsulluğun açılmasına şərait yaratmaqla, ola bilsin ki, TRIPP layihəsinə etiraz edən Rusiyanın təzyiqlərini neytrallaşdıracağına inanır.

Regionda geosiyasi mövqeyini möhkəmlətməyə çalışan Rusiya isə konnulluğun yaradılmasına TRIPP layihəsinin keçdiyi ərazilərdə ABŞ-nin fəaliyyəti haqqında kəşfiyyat-informasiya məlumatları toplamaq vasitəsi kimi baxır.


Geri qayıt