Əsas Səhifə > Ana xəbər / Güney Press > ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir?

ADY-nin biznes sinfində qalmaqallı meyvə şirələri təqdim edən "PFM Catering" kimindir?


Bu gün, 06:02

Ajans.az-ın Baş redaktoru Tural Müseyibov ADY sürət qatarlarının biznes sinfində sərnişinlərə təqdim edilən "ADY PFM CATERİNG" etiketli meyvə şirəsinin üzərində istehsal tarixinin göstərilməməsi və qablaşdırma keyfiyyəti ilə bağlı narazılıq qaldırıb. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-yə və sədr Rövşən Rüstəmova rəsmi sorğu ünvanlansa da, uzun müddət keçməsinə baxmayaraq heç bir cavab verilməyib. Sorğuda tenderin keçirilib-keçirilməməsi, şirkətin seçilmə meyarları, xidmətə ayrılan vəsaitin məbləği və AQTA sertifikatının mövcudluğu da daxil olmaqla 12 əsas suala aydınlıq gətirilməsi tələb olunur. Baş redaktor məsələnin ictimaiyyət üçün qaranlıq qalan məqamlarını diqqətdə saxlamaq məqsədilə mövzu ilə bağlı video müraciət də hazırlayaraq aidiyyəti quruma ünvanlayıb.

32gun.az olaraq məsələyə biganə qalmadıq.

Şirkətlə bağlı rəsmi mənbələr və bəzi resurslar üzərindən araşdırma apardıq. Araşdırmalarımız zamanı məlum oldu ki, "PFM Catering" brendi Bakı şəhəri Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi, ev 22, mənzil 49 hüquqi ünvanında qeydiyyatda olan və Elnur Tofiq oğlu İsmayılovun qanuni təmsilçisi olduğu "Private Facility Management" MMC-yə məxsusdur.

Bu şirkət təkcə qatarlara və korporativ sektora iaşə xidməti göstərməklə kifayətlənmir, eyni zamanda binaların texniki idarəedilməsi və qida məhsullarının topdan satışı istiqamətlərində də fəaliyyət yürüdür.

Lakin rəsmi dövlət satınalmaları portalında (etender.gov.az) apardığımız araşdırmalar zamanı ADY tərəfindən biznes sinifdə qida xidmətinin göstərilməsi ilə bağlı hər hansı bir tenderin keçirilməsinə dair heç bir məlumat tapılmayıb. Bu isə tərəflər arasındakı əməkdaşlığın hansı hüquqi əsaslarla və necə qurulması sualını ortaya çıxarır.

Bununla yanaşı, dövlət reyestr məlumatları üzərindən əldə etdiyimiz ən diqqətçəkən fakt şirkətin maliyyə öhdəlikləri ilə bağlıdır.

32gun.az-ın əldə etdiyi məlumata görə, ADY-nin sərnişinlərin qidalanmasını həvalə etdiyi , nizamnamə kapitalı 10 manat olan "Private Facility Management" MMC-nin dövlət büdcəsinə 211 min 851 manat 92 qəpik məbləğində külli miqdarda vergi borcu mövcuddur.

Tender keçirilmədən xidmətin həvalə edilməsi, təqdim olunan qidaların mənşəyinin qaranlıq qalması və təminatçı şirkətin böyük vergi borcunun olması ADY-nin bu əməkdaşlığı hansı şərtlərlə həyata keçirdiyi sualını daha da kəskinləşdirir.


Geri qayıt