|
“Konstitusiyamıza görə hüquqlarımız yalnız qanun əsasında məhdudlaşdırıla bilər və həmin qanun da mütləq dərc olunmalıdır”. Yeniavaz.com xəbər verir ki, bunu tanınmış hüquqşünas Əkrəm Həsənov kartdan-karta əməliyyatlarına tətbiq edilən məhdudiyyətləri şərh edərkən qeyd edib. Əkrəm Həsənovun məsələ ilə bağlı açıqlamasını təqdim edirik: “Əvvəlcə dedilər ki, guya kartdan-karta əməliyyatlarına məhdudiyyətlər Mərkəzi Bankla bankların razılaşması əsasında qoyulub. İndi isə məlum olur ki, bu razılaşma Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında bağlanıb. Razılaşmanın özü dərc olunmayıb, yalnız saytlarında qısaca məlumat veriblər. İki təşkilat aşkar şəkildə bank sirrinin pozulmasına yönəlmiş razılaşma bağlayıblar. Çünki bu məhdudiyyətin tətbiqi vahid elektron sistemin olmasını zəruri edir. Həmin sistemdə də hər birimizin əməliyyatları əks olunmalıdır ki, limitlərə riayət etməyimizə nəzarət edə bilsinlər. Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası kimdir ki, bizim bank sirrimizi bilsin? Bank sirrini yalnız məhkəmə, Mərkəzi Bank və vergi orqanı əldə edə bilər. İndi isə keçirəm məlumatın məzmununa. Əvvəla, təkrar edirəm: razılaşmanın özü dərc olunmayıb. Yalnız qısaca məlumatdır. Onu da bundan sonra istədikləri kimi şərh edə bilərlər. Məlumatda vurğulanır ki, limitlər yalnız mədaxil əməliyyatlarına aiddir. Yəni mən istənilən qədər kartdan-karta pul köçürə bilərəm. Amma mənim kartıma aylıq 20 000 manatlıq limit çərçivəsində gündə 5 ödəniş edilə bilər. Məlumatda istisnalar haqda da deyilir. Əvvəla, yaxın qohumlar arasında əməliyyatlara məhdudiyyət olmayacaq. Görəsən sistem haradan biləcək ki, kim kimin qohumudur? Əlavə məlumat verməyə vaxt itirməkdənsə, pulu elə nağd çatdırmaq olar. Digər istisna isə gülməlidir: “Müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır”. Bu məlumatları təqdim edib vaxt itirməkdənsə, elə nağd ödəyər də hamı! Ən əsası isə kiməsə mütləq köçürmə etmək lazımdırsa, istənilən səbəbi qeyd edə bilər. Məsələn, deyər ki, borcum var idi, onu ödəyirəm, vəssalam... Bütün sivil dünyanı yenə analoqu olmayan yanaşmamızla güldürdük...”
Geri qayıt
|