Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan-Ermənistan Sülh Sazişi Rusiyanı istənilən sanksiya paketindən daha çox zəiflədə bilər...

Azərbaycan-Ermənistan Sülh Sazişi Rusiyanı istənilən sanksiya paketindən daha çox zəiflədə bilər...


Bu gün, 11:34

Putinin özü Rusiyanı dağıdıb: işğal onun qərarı idi, arxasındakı kleptokratiya da onun yaratdığı sistem idi; iki onillik ərzində əldə olunan resurs gəlirləri uzunmüddətli müharibəyə davam gətirə biləcək iqtisadiyyat qurmaq əvəzinə saraylara və xarici hesablara çevrildi..."
"Dünyanın ən böyük enerji ixracatçılarından biri öz avtomobillərini yanacaqla təmin edə bilmir..."
"Keçmiş sovet məkanından kənarda çox adam Rusiyanın “Amazon”a cavabı olan "Wildberries" şirkəti haqqında eşitməyib, lakin şirkət artıq xəbər trendinə çevrilməyə başlayıb, çünki alov içindədir. Son həftələrdə Ukrayna dronları həmin şirkətin Moskva və Sankt-Peterburq yaxınlığında, Krasnodarda və işğal altındakı Simferopolda yerləşən 8 logistika mərkəzini yandırıb. Onun anbar gücünün onda birindən çoxu sıradan çıxıb. Bu obyektlərin yenidən qurulması təxminən 460 milyon dollara başa gələcək, içəridə yanan malların dəyəri isə, — onların böyük hissəsi indi məhv olmuş bizneslərindən göz yaşları içində danışan kiçik rus sahibkarlarına məxsus idi, — milyardlarla dollarla ölçülə bilər."
Moderator.az "Turan" Araşdırma Mərkəzinin direktoru və ABŞ-ın Yorktaun İnstitutunun baş elmi əməkdaşı Cozef Epşteynin hazırladığı "Putin Trampın nəzarəti altında Rusiya İmperiyasını itirir" bu analitik materialı dərc olunduğu “Newsweek” nəşrinə istinadla dəyərli oxucuların müzakirəsinə buraxır.
"Bu, yeganə böhran deyil. Ukraynanın zərbələri Rusiya neft emalı gücünün dörddə birini də sıradan çıxarıb və bu, ölkənin regionlarının yarısından çoxunda yanacağın normalaşdırılmasına, yəni limitlə verilməsinə səbəb olub. Nəticədə dünyanın ən böyük enerji ixracatçılarından biri öz avtomobillərini yanacaqla təmin edə bilmir...
Bütün bunların baş verdiyi dövrdə Donald Tramp prezident olub. Tənqidçilər 10 ildən artıq müddətin böyük hissəsində onu Rusiyanın təsirində olan şəxs adlandırıblar, lakin onun Rusiya siyasəti Sovet İttifaqının dağılmasından sonra hər hansı digər prezidentin siyasətindən daha böyük nəticələr əldə edib.
Putinin onun hakimiyyəti dövründə heç nə əldə edə bilmədiyi yeganə prezident Trampdır. Rusiya Corc Buşun prezidentliyi dövründə Gürcüstanın bir hissəsini qoparıb. Barak Obamanın hakimiyyəti zamanı Krımı ilhaq edib və Donbasda münaqişə alovlandırıb. Co Baydenin prezidentliyi dövründə isə tammiqyaslı işğala başlayıb. Trampın dövründə Putin nə ölkə, nə vilayət, nə də liman əldə edib.
"2026-cı il iyulun 24-də səhər saatlarında Ukrayna dronlarının zərbəsindən sonra Sankt-Peterburq yaxınlığında Rusiyanın böyük elektron ticarət şirkətinə məxsus anbarın üzərində tüstü qalxırdı. hücum nəticəsində baş verən yanğın tüstünü tarixi şəhərin üzərinə yaymışdı." (AFP/Getty Images)
Bu, Trampın Putini ilk gündən düzgün qiymətləndirməsi səbəbindən baş verməyib. O, bunu etməmişdi — heç kim də etməmişdi. Müasir Amerikanın hər bir prezidenti hakimiyyətə gələndə əvvəlki rəhbərin Moskva ilə münasibətləri düzgün idarə etmədiyinə və özü bunu düzəldə biləcəyinə inanır.
Buş Lyublyanada Putinlə göz təması qurduqdan sonra "onun ruhunu gördüyünü" demişdi. Obama Cenevrəyə qeyri-adi “sıfırlama düyməsi” ilə Hillari Klintonu göndərmişdi. Bayden özü də 2021-ci ildə, tanklar hərəkətə keçməzdən bir neçə ay əvvəl Cenevrəyə gedərək “sabit və proqnozlaşdırılan” münasibət axtarırdı. Tramp isə müharibəni 24 saata bitirmək vədi ilə gəldi. Bu nümunə partiya məsələsi deyil; bu, Amerika yanaşmasıdır. Trampı fərqləndirən üstün uzaqgörənlik deyil, səhvi daha tez düzəltməsi oldu...
İkinci prezidentlik dövrünün başlanğıcı uğursuz idi. Cey Di Vensin ətrafındakı təcridçi qüvvələr ilkin mübahisələrdə üstünlük qazandılar və ortaya çıxan siyasət faktiki olaraq Kremlin yazdığı şərtləri irəli sürməkdən ibarət oldu. Volodimir Zelenski ilə ilk Oval kabinet görüşü tam fiaskoya çevrildi. Lakin bir neçə ay ərzində Moskvanın Ukraynanın təslim olmasından başqa heç nəyi qəbul etməyəcəyi aydın oldu: təklif olunan heç bir razılaşma yox idi, yalnız təsdiqlənməsi tələb olunan təslim aktı vardı. Və Trampın üstünlüyü ondan ibarət idi ki, bunu anlamaq üçün illər sərf etmədi. O, mövqeyini dəyişdi. Buşa Gürcüstandakı müharibə lazım oldu. Obamaya Krım lazım oldu. Baydenə tammiqyaslı işğal lazım oldu. Trampa isə bir neçə uğursuz görüş kifayət etdi...
Razılaşmaya getmək siyasətini əvəz edən strategiya iki əsas sütuna söykənir...
Birinci sütun Ukraynaya sərbəst fəaliyyət imkanı verilməsidir. Xərcləri Avropa ödəyir; Vaşinqton təmin edir, Kiyev isə dronların hara göndəriləcəyinə qərar verir. Məhz bu sonuncu bənd Bayden administrasiyasının heç vaxt vermədiyi imtiyaz idi. Onun administrasiyası Rusiyanın “eskalasiya üstünlüyünə” malik olduğunu düşünürdü — Moskva məsuliyyətsizdir və nüvə silahına sahibdir, buna görə də Rusiyanın qalxdığı hər pillə Amerikanın geri enməli olduğu pillədir.
"ATACMS" raketlərinin ixracı iki il çəkdi, raketlərin buraxıldığı aerodromlara zərbə endirmək icazəsi isə daha uzun sürdü. Müharibənin qarşısını almaq üçün nəzərdə tutulan ehtiyatlılıq əslində onun başlamasına kömək etdi. Yanan neft emalı zavodları və anbarlar həmin məhdudiyyətlərin aradan qalxmasının nəticəsidir. Tramp iyul ayında Ankarada keçirilən NATO sammitində Zelenskidən danışıqlar üçün Moskvaya gedib-getməyəcəyini soruşanda Zelenski bunun çox təhlükəli olduğunu dedi — “orada çoxlu Ukrayna dronları var”. Hər iki lider güldü...
İkinci sütun daha incədir və müharibədən sonra da davam edə bilər: ABŞ postsovet məkanında mövqelər qazanır, Rusiya isə Ukraynaya o qədər cəmlənib ki, bu əraziləri müdafiə edə bilmir.
Azərbaycanla Ermənistan arasında imzalanacaq Sülh Sazişi Qafqazda Rusiyanın gücünü istənilən sanksiya paketindən daha çox zəiflədə bilər...
Cənubi Qafqazda Tramp Ermənistanın Nikol Paşinyanı ilə Azərbaycanın İlham Əliyevi arasında sülhə vasitəçilik etdi və bununla da Moskvanın üç onillik ərzində həll olunmamış saxladığı münaqişəyə son qoydu; çünki Rusiyaya hər iki tərəf üzərində təsir imkanları verən məhz idarə edə bildiyi və istədiyi vaxt alovlandıra bildiyi müharibə idi. Ermənistanın cənubundan keçən tranzit dəhliz indi Trampın adını daşıyır. Kreml iyun seçkilərində Paşinyana qarşı hər şeyi işə salanda — ticarət tədbirləri, açıq təhdidlər, müşahidəçilərin misli görünməmiş adlandırdığı müdaxilə kampaniyası — o, yenə də qalib gəldi. Vaşinqton indi son addımlar üzərində işləyir, o cümlədən müqavilənin imzalanmasından əvvəl İrəvanın qəbul etməli olduğu Konstitusiya dəyişiklikləri üzərində... İmzalanacaq bu sülh müqaviləsi Qafqazda Rusiyanın gücünü istənilən sanksiya paketindən daha çox zəiflədə bilər...
Mərkəzi Asiyada Tramp istənilən sələfindən daha çox irəliləyiş əldə edib. O, bütün 5 dövlət başçısını Vaşinqtonda qəbul edib. Qazaxıstan və "Cove Capital" Pentaqonun onsuz edə bilməyəcəyi mineral olan volfram hasilatı üçün 1,1 milyard dollarlıq layihə, eləcə də əlavə 17 milyard dollarlıq digər sazişlər imzalayıb və "İbrahim" razılaşmalarına qoşulmağa razılaşıb. Özbəkistan on il ərzində ABŞ-a 100 milyard dollar sərmayə qoyacağını vəd edib. Hər iki ölkə Sülh Şurasındadır. Tramp və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev indi müntəzəm danışırlar; bu, əvvəllər mövcud olmayan bir əlaqə kanalıdır.
Bu hökumətlər Vaşinqtona doğru hərəkət edirlər, çünki onlar onilliklər ərzində Moskvanın təzyiqi altında yaşayıblar və nəhayət alternativ tapıblar. Ermənilər və azərbaycanlılar 30 il ərzində marağı olan bir himayədar tərəfindən bir-birinə qarşı savaş durumunda saxlanılıb. Qazaxıstan Rusiya siyasətçilərinin televiziyada onun hansı vilayətlərinin əslində rus torpağı olduğu barədə müzakirələrini dinləyib; Ukrayna işğal edilməsəydi, Qazaxıstan növbəti ehtimal olunan namizəd idi. Ukraynanın sağ qalması onların da sağ qalması deməkdir və onlar bunu bilirlər...
Onlar bunu açıq şəkildə deyirlər. Əliyev ukraynalılara “işğalı heç vaxt qəbul etməyin” deyib — bu, özü də işğal altında yaşamış bir şəxsdən gələn məsləhətdir. Ötən həftə Omskda canlı televiziya yayımında, Putinin yanında oturarkən Tokayev müharibənin başa çatmalı olduğunu söylədi. “Bu, ayıbdır”, — deyə o bildirdi,- "Gənclər ölür”.
Bütün bunlar yalnız Trampın nailiyyəti deyil. Putinin özü Rusiyanı dağıdıb: işğal onun qərarı idi, arxasındakı kleptokratiya da onun yaratdığı sistem idi; iki onillik ərzində əldə olunan resurs gəlirləri uzunmüddətli müharibəyə davam gətirə biləcək iqtisadiyyat qurmaq əvəzinə saraylara və xarici hesablara çevrildi. Amerika prezidentinin qərar verdiyi məsələ bu özünüdağıtmanı daha da dərinləşdirmək, yoxsa onu zəiflətməkdir. Onun sələfləri sabitlik axtararaq bu prosesi yumşaltdılar. Tramp isə fürsəti gördü və ondan istifadə etdi.
Rusiya 1991-ci ildən bəri heç vaxt olmadığı qədər zəifdir və qonşuları bu vəziyyətin davam edəcəyinə ümid edir. İttihamların nə olmasından asılı olmayaraq, nəticə budur..."

Geri qayıt