Əsas Səhifə > Ana xəbər / Güney Press > Gürcüstana gedən turistlər Azərbaycana niyə gəlmirlər?

Gürcüstana gedən turistlər Azərbaycana niyə gəlmirlər?


Bu gün, 05:51

Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 28,1 %-i Rusiya, 21 %-i Türkiyə, 8,2 %-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Pakistan, 2,8 %-i Hindistan, 2,6 %-i İsrail, 2,4 %-i Çin, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla, Almaniya və Böyük Britaniya, 12,4 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.

Bu ilin yanvar-iyun aylarında Azərbaycana səfər etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxs ölkədə ümumilikdə 1 milyard 217 milyon 939,5 min manat xərcləyib. Bu, ötən ilin eyni dövrünə nisbətən 321 milyon 842 min manat və yaxud 21 % azdır.

Xərclərin strukturunda nəqliyyat xidmətləri ən böyük paya malik olub. Belə ki, turistlər 6 ay ərzində nəqliyyata 554 milyon 424,9 min manat vəsait sərf ediblər ki, bu da illik müqayisədə 22 % azdır.

Azərbaycana gələn turist xərclərinin 21 faiz azalması yəqin ki, ölkəyə gələn turist sayının azalması ilə bağlıdır.

Onu da xatırladaq ki, son illər turizmdən əldə edilən gəlirin əsas hissəsi ərəb turistlərin payına düşürdü. Artıq onlar da demək olar ki, gəlmir.

Turistlər niyə qonşu ölkələrə - Gürcüstana, Türkiyəyə gedirlər, ancaq Azərbaycana gəlmirlər?

Məsələ ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, ölkəyə gələnlərin sayında 6 ayda 10 faizə yaxın azalma var:

“Bu ümumi turizm xərcləmələrində də özünü göstərir. Bir sıra istiqamətlərdən ölkəmizə gələn turistlərin sayında kəskin dayanma oldu. Ölkənin cənubunda olan İran-ABŞ müharibəsi, hava məkanının qapalı olması, xüsusilə də ərəb ölkələrindən gələn turistlər üçün Azərbaycan istiqamətini əlverişsiz etdi.

O zaman sual olunur ki, bütün bunların fonunda Gürcüstanda keçən il 4 milyard dollardan çox gəlir əldə edilib və kifayət qədər artan dinamikayla özünü göstərir. Azərbaycan üçün Orta Asiya, Şərqi Avropa, Avropa bazarı müəyyən qədər aktivləşib.

Bütün bunlara baxmayaraq, bizim birbaşa cənub qonşumuzda olan hadisələr regional gərginlik fonunda ölkəmizin turizm destinasiyası kimi gələnlərin sayına təsirini göstərir. Ancaq bir fakt da var ki, turizm o ölkələrdə inkişaf edir, turist axını daha çox olur ki, həmin ölkələr maksimum liberal addımlar atır.

Turizmlə bağlı yanaşmaları çox liberal olur. Məsələn, vizaları asanlaşdırırlar, aradan götürürlər və yaxud da birbaşa uçuşların sayı çox olur. Hər hansı məhdudiyyətlər tətbiq olunmur və s. Quru sərhədlərinin bağlı olmasını təhlükəsizlik amilləri ilə bağlı anlamaq olur.

Ancaq bir real fakt var ki, Azərbaycanda 9 beynəlxalq hava limanımız var. Bu beynəlxalq hava limanlarının daha səmərəli çalışması mümkündür. Bunun üçün də Azərbaycan turist axınını yaratmaq istəyirsə, özü təhlükəsiz ölkədir, kifayət qədər tanınır, turizm destinasiyası kimi də cəlbedicidir.

Hətta qonşu ölkələrlə müqayisədə Azərbaycanda otellərin, yerləşmə, ictimai-iaşə yerlərinin, restoranların qiymətləri kifayət qədər rəqabətlidir. Yeganə geri qaldığımız hissə nəqliyyat xərcləridir”.

Ekspert qeyd edib ki, ölkədə beynəlxalq hava limanlarının çox olmasına baxmayaraq, Bakıdan başqa digər hava limanları çox zəifdir:

“Demək olar ki, heç bir aktivliyi yoxdur. Bəzilərində çox nadir uçuşlar həyata keçirilir. Bunlardan səmərəli istifadə etmək lazımdır və birbaşa uçuşların olması ilə bərabər çalışmalıyıq ki, Azərbaycan istiqamətində gəlmək səmərəli, əlverişli olsun.

Çünki turistlərin hansı istiqamətdə getməklərinə ilk təsir edən faktor məhz həmin istiqamətə gedişin özünün əlçatan, rəqabətli qiymətə olmasıdır. Məhz bu məsələdə Azərbaycan digər regional ölkələrdən geri qalır ki, ölkəmizə istiqamətlənən marşrutlarda qiymətlər kifayət qədər bahadır.

Hətta turpaketlərdə Azərbaycanın turizm məkanı kimi nəqliyyat xərclərinin payı 40 faizdən çoxdur. Ölkəyə gəlmək istiqamətini əlverişli hala gətirə bilsək ciddi şəkildə turizm axınına nail ola biləcəyik”.


Geri qayıt