Əsas Səhifə > Ana xəbər / Güney Press > Ailə büdcənizi yenidən qurun: Bu mallarda bahalaşma olacaq
Ailə büdcənizi yenidən qurun: Bu mallarda bahalaşma olacaqBu gün, 05:36 |
|
Azərbaycanda baza ssenarisi üzrə illik inflyasiyanın 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağı gözlənilir. Azərbaycan Mərkəzi Bankın(AMB) məlumatına görə bundan əvvəl qurum illik inflyasiyanın 2026-cı ildə 5,9 %, 2027-ci ildə isə 4,5 % olacağını bəyan etmişdi. "İllik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. 2026-cı ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 %, ödənişli xidmətlər üzrə 5,6 %, qeyri-qida məhsulları üzrə isə 3,8 % olub. İllik baza inflyasiya 5,5 % təşkil edib. İllik inflyasiyanın 2027-ci ilin II yarısından hədəfə qayıdacağı gözlənilir. 2026-cı ilin sonuna gözlənilən inflyasiyanın hədəfdən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun artma istiqamətində dəyişdirilməsi əsasən birbaşa və dolayı xarici mənşəli xərc amillərinin təsirlərinin fəallaşmasından irəli gəlir ki, bu da ortamüddətli dövrdə qalıcı xarakter daşımır. Mürəkkəbləşən qlobal geosiyasi mühitdə enerji və ərzaq qiymətlərinin yüksəlməsi və bu yolla ticarət tərəfdaşı olan ölkələrdən inflyasiya idxalının genişlənməsi riski yüksək olaraq qalır. Tərəfdaşlardakı inflyasiyanın daxili qiymətlərə ötürülməsi manatın nominal effektiv məzənnəsinin möhkəmlənmə dinamikasından da asılı olacaq. Növbəti dövrdə AMB-nin inflyasiya proqnozlarının dəyişmə ehtimalı əsasən bu risklərin reallaşma miqyasına bağlıdır. Daxili tələb amillərinin isə mövcud fiskal və pul siyasəti fonunda inflyasiya təzyiqləri yaratması ehtimalı yüksək deyil", - deyə AMB bəyan edib. İnflyasiya proqnozunun yüksəlməsi əhalinin gündəlik xərclərinə necə təsir edəcək? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, inflyasiya proqnozunun yüksəldilməsi yaxın dövrdə qiymət artımlarının əvvəl gözlənildiyindən bir qədər yüksək olacağı ehtimalı yaradır: “Bu, əhalinin gündəlik xərclərinə, xüsusilə də gəlirləri sabit olan ailələrin büdcəsinə əlavə təzyiq yarada bilər. Əgər əməkhaqqı və sosial ödənişlər inflyasiya ilə eyni tempdə artmazsa, alıcılıq qabiliyyəti zəifləyəcək, ailələr əvvəlki qədər mal və xidmət ala bilməyəcəklər. Bahalaşmanın daha çox ərzaq məhsullarında hiss olunacağı gözlənilir. Çünki qlobal bazarlarda ərzaq və enerji qiymətlərində baş verən dəyişikliklər Azərbaycana da təsir edir. Xüsusilə ət və süd məhsulları, bitki yağı, şəkər, çay, qəhvə, taxıl məhsulları və idxaldan asılı olan digər ərzaq mallarında qiymət artımı riski daha yüksəkdir. Enerji və yanacaq xərclərinin artması isə nəqliyyat, logistika və istehsal xərclərini yüksəldərək digər məhsul və xidmətlərin də qiymətinə təsir göstərə bilər”. Onun sözlərinə görə, ödənişli xidmətlər sahəsində də müəyyən bahalaşma ehtimalı qalır: “Nəqliyyat, ictimai iaşə, təhsil, səhiyyə, məişət xidmətləri və kirayə bazarında qiymətlər xərclərin artmasına uyğun olaraq yüksələ bilər. Qeyri-ərzaq məhsullarında bahalaşma nisbətən zəif olsa da, idxaldan asılı olan məişət texnikası, elektronika, geyim və tikinti materiallarında qiymət dəyişiklikləri mümkündür”. Ekspert qeyd edib ki, bununla yanaşı, AMB-nin qiymətləndirməsinə görə, inflyasiya əsasən xarici amillərin təsiri ilə yüksəlir: “Daxili tələbin qiymətlərə ciddi əlavə təzyiq yaratması gözlənilmir. Əgər qlobal enerji və ərzaq bazarlarında vəziyyət sabitləşərsə, inflyasiya təzyiqləri də tədricən zəifləyə bilər. Buna görə də qiymət artımının miqyası əsasən beynəlxalq bazarlardakı proseslərdən və idxal inflyasiyasının səviyyəsindən asılı olacaq”. Geri qayıt |