Əsas Səhifə > Ana xəbər / Güney Press > “Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib”

“Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib”


Bu gün, 17:44

"Yelo Bank"ın depozit portfeli bu ilin ilk yarısında azalıb.

“DİA-AZ” Plat.az-a istinadla xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, 30 iyun 2026-cı il tarixinə depozit portfeli 1 mlrd 39,2 mln manat təşkil edib.

Bu, ilin əvvəli ilə müqayisədə 55,2 mln manat və ya 5% azdır. Hesabat dövrünün əvvəlində bankın depozit portfeli 1 mlrd 94,3 mln manat olub.

Depozit portfelindəki azalmanın əsas hissəsi həm fiziki, həm də hüquqi şəxslərin əmanətlərinin azalması hesabına formalaşıb. Belə ki, fiziki şəxslərin depozitləri 930,5 mln manatdan 899,8 mln manata düşərək 30,8 mln manat və ya 3,3% azalıb. Hüquqi şəxslərin depozitləri isə 163,8 mln manatdan 139,4 mln manata enərək 24,4 mln manat və ya 14,9% azalma nümayiş etdirib.

Depozit portfelindəki azalma bankın ümumi öhdəliklərinə də təsir göstərib. Belə ki, hesabat dövründə "Yelo Bank"ın cəmi öhdəlikləri 53,4 mln manat və ya 4% azalaraq 1 mlrd 339 mln manatdan 1 mlrd 285 mln manata enib.

Buna baxmayaraq, bankın depozitlər üzrə faiz xərcləri artıb. Hesabat dövründə bu xərclər 26,4 mln manatdan 38,2 mln manata yüksəlib. Bu isə bankın daha kiçik depozit portfelini saxlamaq üçün əvvəlki dövrlə müqayisədə daha yüksək faiz ödədiyini göstərir.

Nəticədə, depozit portfelinin kiçilməsi ilə yanaşı, depozitlər üzrə maliyyələşmə xərclərinin artması "Yelo Bank"ın ilk yarı üzrə maliyyə nəticələrinə mənfi təsir göstərən əsas amillərdən biri olub.


Geri qayıt