Əsas Səhifə > Ana xəbər / Cəmiyyət > Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ
Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİBu gün, 16:41 |
|
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı orqanlarında səsvermə hüquqlarından məhrum edilməsi qərarı konsensus tələb edəcək”. Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev belə deyib. Vasiliyev agentliyə bildirib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası 11 noyabrda Moskvada keçiriləcək və liderlər, çox güman ki, bu məsələni müzakirə edəcəklər. Lazım gələrsə, bu barədə qərar konsensusla qəbul ediləcək. “Cebheinfo.az” xatırladır ki, KTMT Nizamnaməsinin 25-ci maddəsinə görə, üzv dövlətlər təşkilatın büdcəsinə olan borclarını iki il ərzində ödəmək öhdəliklərini yerinə yetirmədikdə bu cür qərarlar çıxarıla bilər. Yəni KTMT-nin ali orqanı olan Şura həmin dövlətin vətəndaşlarının alyans daxilində kvota vəzifələrini irəli sürmək hüququnu dayandıra bilər. Nizamnaməyə əsasən, eləcə də borc tam ödənilənə qədər Şura onları təşkilatın orqanlarında səs vermək hüququndan məhrum etmək barədə qərar qəbul edir. Ona görə də KTMT Şurası sözügedən qərarı çıxararsa, bu, Ermənistanın Rusiya ilə münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq. Bu isə öz növbəsində, Ermənistanın KTMT-dən çıxması üçün Nikol Paşinyan hakimiyyətinə ciddi bəhanə yarada bilər. Xatırladaq ki, Ermənistan 2024-cü il yanvarın 1-dən KTMT-də fəaliyyətini dondurduğunu elan etdikdən sonra alyansa üzvlük ianəsi ödəməyib. KTMT-nin daimi işçi orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi təşkilatın büdcəsi hesabına həyata keçirilir. Təşkilatın büdcəsi üzv dövlətlərin ödədikləri ianələrlə formalaşır. Lakin KTMT-yə daxil olan ölkələrin büdcəyə köçürdükləri vəsaitlər “ianə” adlandırılsa da, üzvlük haqqı şəklində ödənildiyindən icbari xarakter daşıyır. Nizamnamənin 24-cü maddəsinə görə, KTMT-nin büdcəsində kəsir ola bilməz. Ermənistanın 2 il 8 aydır KTMT-yə ianə haqqını ödəməməsi alyansın büdcəsində kəsir yaradıb. Qeyd edək ki, KTMT-nin ümumi büdcəsində Ermənistanın payı 10 faiz təşkil edir. Təşkilatın büdcəsinin 50 faizi Rusiyanın ianələri hesabına fortmalaşır. Digər KTMT üzvlərinin hər biri büdcəyə 10 faiz ianə haqqı köçürür. Ancaq son illər Ukraynada baş verən müharibə Rusiyanın hərbi və maliyyə xərclərini kəskin artırdığından KTMT-yə ödənilən ianə əlavə yükə çevrilib. Bu baxımdan, Ermənistanın ümumi büdcədən yayınması Rusiya üçün problem yaradır. Ermənistanın üzvlükhaqqı ilə bağlı mübahisələr son aylar tərəflər arasında ciddi mübahisə predmetinə çevrilib. İyunun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı bildirib ki, İrəvan KTMT-də tamhüquqlu iştiraka qayıtmaq niyyətində deyil və gələcəkdə təşkilatdan çıxmaq qərarına gələ bilər. Bir neçə gün sonra KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra Rusiyanın XİN rəhbəri Sergey Lavrov buna cavab olaraq təşkilata daxil olan ölkələrin Ermənistana üzvlük haqqını ödəmədiyinə görə sanksiyaların tətbiq edilməsi məsələsini nəzərdən keçirmək barədə razılığa gəldiyini deyib. İyunun 22-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da qeyd edib ki, Ermənistan təşkilat qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməməyə davam edərsə, KTMT daxilində hüquqlarına məhdudiyyətlər qoyula bilər. Viktor Vasilyevin Ermənistanın noyabr ayında KTMT-də səsvermə hüququndan məhrum ediləcəyi barədə açıqlaması məhz Rusiya XİN-in verdiyi bəyanatların davamı hesab edilə bilər. Ermənistan tərəfi üzvlük haqqının ödənilməməsini təşkilatda fəaliyyətinin olmaması ilə əsaslandırır. Çox güman ki, Rusiya tərəfi bununla Ermənistanı KTMT-dən çıxartmaq və Avropa İttifaqı ilə yaxınlaşdırmaq cəhdlərinin daha sərt sanksiyalarla qarşılaşacağına dair Nikol Paşinyan hakimiyyətinə xəbərdarlıq edir. Geri qayıt |