Əsas Səhifə > Ana xəbər / Güney Press > Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq?

Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq?


Bu gün, 16:23

Azərbaycanda məcburi köçkünlərin hüquqi statusu ilə bağlı qəbul edilmiş son qanun dəyişiklikləri cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Əgər məcburi köçkünə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsi təklif olunarsa və o, həmin yaşayış sahəsini qəbul etməkdən imtina edərsə, məcburi köçkün statusunu itirirmi və uzun illər məskunlaşdığı başqa vətəndaşa məxsus yaşayış sahəsindən çıxarıla bilərmi?
Hüquqşünas Emil Qurbanov məsələ ilə bağlı Yeniavaz.com-a danışıb.
O bildirib ki, bu suallara düzgün hüquqi cavab vermək üçün ilk növbədə iki fərqli hüquqi münasibəti bir-birindən ayırmaq lazımdır:


1. məcburi köçkün statusunun itirilməsi;
2. başqa şəxsə məxsus yaşayış sahəsindən çıxarılma.

Bu iki məsələ bir-biri ilə əlaqəli olsa da, hüquqi baxımdan eyni anlayış deyil.

Qanunvericilikdə əsas dəyişiklik
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən məcburi köçkün aşağıdakı hallarda statusunu itirir:
- əvvəl adətən yaşadığı yerə qayıtdıqda;
- əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda əvəzsiz qaydada başqa yaşayış sahəsi ilə təmin edildikdə;
- bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş yaşayış sahəsi ilə təmin edildikdə;
- qanunun 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş yaşayış sahəsini qəbul etməkdən imtina etdikdə.Beləliklə, qanun ilk dəfə olaraq yaşayış sahəsindən imtinanı məcburi köçkün statusunun itirilməsi üçün müstəqil hüquqi əsas kimi müəyyən edib.

Yeni yaşayış sahələrinin hüquqi statusu
Eyni zamanda Mənzil Məcəlləsinə edilmiş dəyişikliklərlə işğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşdırma fondu yaradılıb.
Bu fondun əsas məqsədi:
- məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi;
- onlara təqdim edilən yaşayış sahələrinin sonradan mülkiyyətinə verilməsidir.
Hazırda dövlət tərəfindən təqdim olunan yaşayış sahələri müasir şəhərsalma və tikinti standartlarına uyğun inşa edilib, tam təmirli, bütün mühəndis-kommunikasiya infrastrukturu ilə təmin olunmuş yaşayış evləridir. Mənzillər ailə üzvlərinin sayı nəzərə alınmaqla ayrılır və qanunvericiliyə uyğun olaraq sonradan həmin şəxslərin mülkiyyətinə verilir.
Bu amil hüquqi qiymətləndirmə baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki dövlət yalnız alternativ sığınacaq deyil, daimi yaşayış və mülkiyyət hüququ yaradan yaşayış sahəsi təqdim edir.

Statusun itirilməsi nə deməkdir?
Qanunvericiliyin məntiqinə görə dövlət öz sosial və konstitusion öhdəliyini yerinə yetirdikdən, yəni məcburi köçkünü daimi yaşayış sahəsi ilə təmin etdikdən sonra həmin şəxsin məcburi köçkün statusunu davam etdirməsi üçün hüquqi əsas qalmır.
Eyni hüquqi nəticə qanuna uyğun təklif edilən yaşayış sahəsindən əsassız imtina edildiyi hallarda da yaranır.
Bu səbəbdən yeni qanun statusun itirilməsini nəzərdə tutur.

Başqa vətəndaşa məxsus yaşayış sahəsindən çıxarılma məsələsi
İctimaiyyətdə ən çox müzakirə olunan məsələ məhz budur.
Uzun illər ərzində işğal faktı və humanitar vəziyyət nəzərə alınaraq minlərlə məcburi köçkün dövlət və ya digər şəxslərə məxsus yaşayış sahələrində məskunlaşmışdı.
Bu dövrdə həmin şəxslərin çıxarılması barədə məhkəmə qərarlarının icrası faktiki olaraq təxirə salınırdı. Bunun məqsədi insanların alternativ yaşayış sahəsi olmadan evsiz qalmasının qarşısını almaq idi.
Lakin hazırkı mərhələdə hüquqi vəziyyət dəyişmişdir.
Əgər dövlət qanunvericiliyin tələblərinə uyğun olaraq məcburi köçkünü daimi yaşayış sahəsi ilə təmin etmişdirsə və ya belə yaşayış sahəsini təqdim etmiş, lakin şəxs onu qəbul etməkdən imtina etmişdirsə, həmin şəxsin məcburi köçkün statusu qanuna əsasən başa çatır.
Bununla da əvvəllər statusdan irəli gələn xüsusi hüquqi müdafiə mexanizmi tətbiq olunmur.
Bu isə o deməkdir ki, başqa şəxslərə məxsus yaşayış sahələri ilə bağlı mülkiyyətçilərin hüquqlarının həyata keçirilməsi üçün mövcud olan əsas hüquqi maneələrdən biri aradan qalxır.

Avropa İnsan Hüquqları Məhkəməsinin yanaşması
Bu məsələyə münasibətdə Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış təcrübəsi də nəzərə alınmalıdır.
Məhkəmə Azərbaycanla bağlı qərarlarında vurğulayıb ki, məcburi köçkünlərin sosial müdafiəsi dövlət tərəfindən həyata keçirilən legitim məqsəddir. Lakin bu məqsəd naminə digər şəxslərin mülkiyyət hüququ qeyri-müəyyən müddətə məhdudlaşdırıla bilməz.
Məhkəmə hesab edib ki, dövlət humanitar problemlərin həlli ilə mülkiyyət hüququ arasında ədalətli tarazlıq yaratmalıdır. Müharibə şəraitində tətbiq olunan müvəqqəti tədbirlər vəziyyət dəyişdikdən sonra qeyri-məhdud müddət davam etdirilə bilməz.
Məhz qəbul edilmiş son qanun dəyişiklikləri də bu tarazlığın qanunvericilik səviyyəsində bərpasına xidmət edir.

Hüquqi nəticə
Mənim hüquqi qənaətimə görə, yeni qanunvericilik aşağıdakı nəticəyə gəlməyə əsas verir:
Əgər dövlət tərəfindən qanunun tələblərinə uyğun, yaşayış üçün tam yararlı, ailə tərkibinə uyğun müəyyən edilmiş və sonradan mülkiyyətə verilən yaşayış sahəsi məcburi köçkünə təklif olunursa və həmin şəxs bu təklifdən imtina edirsə, o, qanuna əsasən məcburi köçkün statusunu itirir.
Statusun itirilməsi ilə həmin şəxsin əvvəlki xüsusi hüquqi müdafiə mexanizmi də aradan qalxır və başqa vətəndaşa məxsus yaşayış sahəsinin boşaldılması barədə mövcud məhkəmə qərarlarının icrası üçün hüquqi maneələr əhəmiyyətli dərəcədə aradan qalxmış olur.
Bununla yanaşı, çıxarılma prosesi yenə də qanunvericiliyin müəyyən etdiyi məhkəmə və icra prosedurlarına uyğun həyata keçirilməlidir. Heç bir normativ akt statusun itirilməsi ilə çıxarılmanın avtomatik baş verdiyini nəzərdə tutmur. Lakin statusun başa çatması mülkiyyət hüququnun bərpası istiqamətində ən mühüm hüquqi maneənin aradan qalxması deməkdir.
Nəticə etibarilə, qəbul edilmiş dəyişikliklərin əsas məqsədi bir tərəfdən dövlət tərəfindən daimi yaşayış sahəsi ilə təmin olunmuş şəxslərin artıq məcburi köçkün statusunu davam etdirməməsini, digər tərəfdən isə uzun illər məhdudlaşdırılmış mülkiyyət hüquqlarının qanunvericiliyə və hüququn aliliyi prinsipinə uyğun şəkildə bərpasını təmin etməkdir. Bu yanaşma həm Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş sosial dövlət və mülkiyyətin toxunulmazlığı prinsipləri, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyi ilə uzlaşır”.


Geri qayıt