Əsas Səhifə > Ana xəbər / Güney Press > Onlayn ticarət mağazaları BAĞLANACAQ?

Onlayn ticarət mağazaları BAĞLANACAQ?


Bu gün, 14:38

“Onlayn ticarətin sürətlə inkişafı ənənəvi alış-verişə təsirini getdikcə daha çox göstərir. İstehlakçılar qiymətləri müqayisə etmək, daha geniş məhsul seçimi əldə etmək və vaxt itirmədən alış-veriş etmək imkanı qazandıqları üçün internet üzərindən sifarişlərə maraq artır”.

Bunu Yenicag.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli onlayn ticarətin ənənəvi alış-verişə təsirlərini şərh edərkən deyib.

İqtisadçı onlayn satışın bəzi ənənəvi mağazaların müştəri sayının azalmasına səbəb olduğunu bildirib:

“Bu, fiziki mağazaların tamamilə əhəmiyyətini itirəcəyi anlamına gəlmir. Ərzaq məhsulları, təcili ehtiyac malları və alıcının məhsulu yerində görmək istədiyi kateqoriyalarda ənənəvi ticarət hələ də üstün mövqeyini qoruyur. Geyim, mebel və texnika kimi sahələrdə də bir çox alıcı məhsulu əvvəlcə mağazada görməyə üstünlük verir.

Yeni şəraitdə ənənəvi ticarətin əsas üstünlüyü xidmət keyfiyyəti, məhsulun dərhal əldə edilməsi və satışdan sonrakı xidmət olacaq. Buna görə də mağazalar rəqabət qabiliyyətini qorumaq üçün rəqəmsal satış kanallarını inkişaf etdirməyə, onlayn sifariş və çatdırılma xidmətlərini genişləndirməyə məcbur olacaqlar”.

Ekspert gələcəkdə onlayn və ənənəvi ticarətin bir-birini əvəz etməyəcəyini, əksinə bir-birini tamamlayacağını vurğulayıb:

“Uğurlu bizneslər həm fiziki mağazalar, həm də elektron ticarət platformaları vasitəsilə fəaliyyət göstərən hibrid satış modelinə üstünlük verəcəklər. Bu model həm istehlakçıların seçim imkanlarını artıracaq, həm də sahibkarların dəyişən bazar şəraitinə daha çevik uyğunlaşmasına imkan verəcək”.


Geri qayıt