Əsas Səhifə > Ana xəbər / Güney Press > Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar?
Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar?Bu gün, 07:15 |
|
Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Azərbaycan Mərkəzi Bankı və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən ölkədə kartla əməliyyatlara (“card-to-card”) limitlər tətbiq edilib. Limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib. Eləcə də, ödəniş kartları və elektron pul hesablarının sayı və elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur.Beləliklə, kart sahibi olan müştərilərin diqqətinə çatdırılır ki, 1 avqust 2026-cı il tarixindən etibarən rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatları üzrə müəyyən dəyişikliklər tətbiq edilir. Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər. Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Əvəzində kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20 000 manat limit müəyyən edilib. Azərbaycanda kartdan-karta köçürmələrə tətbiq edilən yeni limitlər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Rəqəmsal ödənişlərin təhlükəsizliyinin artırılması və kölgə iqtisadiyyatının qarşısının alınması məqsədi daşıyan bu qərarın gündəlik maliyyə əməliyyatlarına necə təsir edəcəyi sual altındadır. Bəs kartdan-karta köçürmələrə limitin tətbiqi nağdsız ödənişlərin inkişafını ləngidərək nağd pul dövriyyəsini artıracaqmı? Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda kartdan-karta köçürmələrə tətbiq olunan yeni limitlərin əsas məqsədinin şəffaflığın artırılması, fırıldaqçılıq hallarının, vergidən yayınmanın və qanunsuz mərc oyunlarının qarşısının alınması olduğu bildirilir: “Lakin bu məqsədə seçilmiş vasitənin nə dərəcədə doğru olduğu müzakirə mövzusudur. Sivil ölkələrdə belə məhdudiyyətlər tətbiq edilmir. Bu cür məqsədlərə kartdan-karta köçürmələrə limit qoymaqla deyil, rəqəmsal monitorinq vasitəsilə nail olunmağa çalışılır. Həmin ölkələrdə hər bir vətəndaş ildə bir dəfə gəlirlərini və onların mənbəyini bəyan edir. Nəticədə kart hesabına daxil olan vəsaitlə bəyan edilmiş gəlirlər arasında uyğunsuzluq yaranarsa, şəxs məsuliyyətə cəlb olunur və vergidən yayınma halları araşdırılır. Azərbaycanda isə belə bir sistem mövcud deyil. Hətta məmurların gəlirlərini bəyan etməsini tələb edən qanun 2005-ci ildən qüvvədə olsa da, Nazirlər Kabineti bəyannamənin formasını təsdiq etmədiyi üçün bu mexanizm artıq 21 ildir tətbiq edilmir. Vətəndaşların gəlir və əmlak bəyannaməsi sistemi də yoxdur. Belə olan halda "çirkli pullar"ın yuyulmasına və vergidən yayınmaya qarşı effektiv nəzarət mexanizmi formalaşmır. Vətəndaş banka əmanət yerləşdirəndə, ev və ya avtomobil alanda, yaxud başqasına böyük məbləğdə pul köçürəndə, vəsaitin mənbəyini soruşsalar, istənilən cavabı verə bilər. Məsələn, "babamdan qalıb" deməsi kifayət edər. Bu səbəbdən hazırda tətbiq olunan kartdan-karta limiti, eləcə də illər əvvəl xarici valyuta alışına qoyulan illik 20 min manatlıq limiti problemin kökündən həll edən mexanizm kimi qiymətləndirmək çətindir". Əsas problem bəyannamə sisteminin olmamasıdır: "Problemi kökündən həll etmək əvəzinə daha kobud və primitiv məhdudiyyətlər tətbiq olunur. Guya bununla bütün problemlər həll ediləcək, amma praktikada bunun mümkün olmadığı görünür”. Onun sözlərinə görə, vergidən yayınmaq istəyən şəxs bu məhdudiyyətlərdən də yan keçməyin yolunu tapacaq: “Şəxs bir kart əvəzinə iki və ya üç kartdan istifadə edə, öz adına mümkün olmadıqda isə ailə üzvlərinin və ya qohumlarının kartlarından yararlana bilər. Digər alternativ isə ümumiyyətlə, nağd ödənişlərə qayıtmaqdır. Məhz bu məqam qərarın ən mənfi tərəfi hesab olunur. Dövlət indiyədək heç olmasa nağdsız ödənişləri izləyə bilirdi. Limitlərdən sonra isə müəyyən ödənişlər sadəcə nağd şəkildə həyata keçiriləcək və nəticədə həmin əməliyyatlar nəzarətdən kənarda qalacaq. Beləliklə, dövlət özü vətəndaşları nağd hesablaşmalara təşviq etmiş olacaq. Digər müzakirə doğuran məqam isə bu məhdudiyyətlərin tətbiq edilmə formasıdır. Bildirilir ki, Mərkəzi Bank bu qərarı banklarla razılaşma əsasında qəbul edib. Halbuki normal bazar iqtisadiyyatı şəraitində kommersiya banklarının öz dövriyyəsini azaldacaq məhdudiyyətləri könüllü tətbiq etməsi inandırıcı görünmür. Vətəndaşların hüquq və öhdəliklərinə təsir edən belə məhdudiyyətlər kommersiya banklarının razılığı ilə deyil, qanunvericilik səviyyəsində müəyyən edilməlidir”. Ekspert qeyd edib kİ, bu limitlər əhalinin böyük əksəriyyəti üçün ciddi problem yaratmayacaq: “Çünki insanların çoxunun nə ay ərzində 20 min manatlıq köçürməsi olur, nə də gün ərzində dəfələrlə iri məbləğdə əməliyyat aparmaq ehtiyacı yaranır. Müəyyən narahatlıq daha çox mikrosahibkarlar və kart vasitəsilə ödəniş qəbul edən şəxslər üçün yarana bilər. Lakin onlar da bu məhdudiyyəti yaxınlarının kartlarından istifadə və ya ödənişləri nağd qəbul etməklə qismən aşa biləcəklər. Nəticədə isə əsas məqsəd kimi göstərilən vergidən yayınmanın və kölgə iqtisadiyyatının qarşısının alınması tam təmin olunmayacaq”. İqtisadçı Xalid Kərimli isə bildirib ki, Banklar Assosiasiyasının Azərbaycan Mərkəzi Bankı ilə apardığı müzakirələrdən sonra kartdan-karta əməliyyatlara limit tətbiq olunması barədə qərar qəbul etməsinin əsas məqsədi vergidən yayınma hallarının qarşısını almaqdır: “Baxmayaraq ki, Vergi Məcəlləsi vergidən yayınmanı qadağan edir, xüsusilə mikro, kiçik və orta sahibkarlar, pərakəndə ticarət və xidmət sahəsində çalışan bəzi şəxslər satış zamanı ödənişləri kartdan-karta köçürmələr vasitəsilə qəbul edirdilər. Bu isə vergi nəzarətini çətinləşdirən hallardan biri idi. Əslində, dövlətin və Azərbaycan Mərkəzi Bankının məqsədi vətəndaşların kartdan-karta əməliyyatlarını məhdudlaşdırmaq deyil. Müəyyən edilən limitlərə nəzər saldıqda görünür ki, bir kart üzrə aylıq 20 min manat hədd müəyyənləşdirilib. Mövcud gəlir səviyyəsi fonunda bu məbləğ əksər vətəndaşlar üçün kifayət qədər yüksəkdir. Hazırda Bakıda orta aylıq əməkhaqqı təxminən 1100–1200 manat təşkil edir. Son altı ayın statistikasına əsasən isə adambaşına düşən nominal aylıq gəlir təxminən 800 manata çatır. Buraya əməkhaqqı ilə yanaşı, digər gəlirlər də daxildir. İki böyüklə iki uşaqdan ibarət ailənin ümumi aylıq gəliri təxminən 3000–3200 manat civarındadır. Belə olan halda aylıq 20 min manatlıq limit adi vətəndaşların gündəlik kart əməliyyatlarına maneə yaratmır”. O qeyd edib ki, vətəndaş gün və ya ay ərzində dəfələrlə kartdan-karta köçürmə edə bilər və bu, problem yaratmır: “Limit kifayət qədər yüksək müəyyən edilib ki, nağdsız ödənişlərə maraq azalmasın və vətəndaşlar gündəlik maliyyə əməliyyatlarını rahat şəkildə həyata keçirə bilsinlər. Bu qərarın kibertəhlükəsizlik və ya dələduzluq hallarının qarşısını əhəmiyyətli dərəcədə alacağını düşünmürəm. Lakin mərc ödənişləri və vergidən yayınma ilə bağlı qanunsuz maliyyə əməliyyatlarının qarşısının alınmasında ciddi rol oynaya bilər. Əsas məqsəd məhz qanunsuz əməliyyatların qarşısını almaqdır. Hesab edirəm ki, kartdan-karta əməliyyatlara limit tətbiqi gecikmiş, lakin düzgün verilmiş qərardır”. Geri qayıt |