Əsas Səhifə > Ana xəbər / Güney Press > Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var...

Ölkədə ARANI QARIŞDIRMAQ istəyənlər var...


Bu gün, 11:07

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir. Ermənistan ordusu tərəfindən tamamilə dağıdılmış şəhər və kəndlər yenidən inşa olunur, bəzi bölgələrdə isə yararsız vəziyyətə salınmış evlər bərpa edilərək keçmiş məcburi köçkünlərin ixtiyarına verilir.

Təbii ki, genişmiqyaslı köç prosesindən sonra bəzi narazılıqlar da ortaya çıxır. Bu narazılıqlar əsasən bərpa işləri zamanı yol verilən keyfiyyətsizliyə, köç prosesinin gözləniləndən zəif templə aparılmasına və ya sakinlərin öz doğma kəndləri əvəzinə Qarabağın digər bölgələrinə köçürülməsi cəhdlərinə qarşı yönəlir. Keçmiş məcburi köçkünlərin məhz öz ata-baba yurdlarına qayıtmaq tələbi tamamilə haqlı və başadüşüləndir.

Reyting.az-ın məlumatına görə, bəzi məkrli dairələr və xaricdəki ayrı-ayrı blogerlər məcburi köçkünlərin bu haqlı tələblərindən sui-istifadə edərək onlara qarşı qarayaxma kampaniyası aparırlar. Hətta prosesi əsassız olaraq "Xalq-Hakimiyyət qarşıdurması" kimi təqdim edənlər də var.

Ekspertlər iddia edirlər ki, sosial şəbəkələrdə keçmiş məcburi köçkünləri təhqir edən bəzi istifadəçilər gizli dairələr tərəfindən idarə olunurlar. Buna baxmayaraq, Azərbaycanın ziyalıları və ictimaiyyət nümayəndələri xalqa qarşı yönəlmiş bu çirkin kampaniyanı qətiyyətlə pisləyir, hüquq-mühafizə orqanlarını təcili tədbir görməyə çağırırlar.

Mədəniyyət nazirinin keçmiş müavini, Bakı və Kəndlər Birliyinin MNTK sədri Məlahət Babayeva Reyting.az-a açıqlamasında sosial şəbəkələrdə keçmiş məcburi köçkünlərin guya doğma yurdlarına qayıtmaq istəməməsi kimi təqdim olunmasını sərt şəkildə tənqid edib:

"Onlar Qarabağın digər bölgələrinə yox, öz doğma rayonlarına, kəndlərinə qayıtmaq istəyirlər. Neçə illərdir bu günü gözləyiblər, hətta bəziləri bunun üçün ailə üzvünü şəhid verib və ya sağlamlığını itirib. İndi niyə başqa rayona köçməlidir? Vətəndaş öz doğulub boya-başa çatdığı kəndinə qayıtmaq istəyində tam haqlıdır".

M. Babayeva sosial şəbəkələrdə bəzi şəxslərin Qarabağ əhalisinə qarşı səsləndirdikləri aşağılayıcı fikirlərə də sərt reaksiya verərək bildirib ki, regional qarşıdurma yaratmağa çalışanların özləri niyə dədə-baba torpaqlarına qayıtmırlar? O, bu cür kampaniyaların planlı şəkildə yönləndirildiyini və keçmiş məcburi köçkünlərə qarşı məqsədli təzyiq xarakteri daşıdığını vurğulayıb:

“Əslən Qərbi Azərbaycandan olan keçmiş deputat Etibar Əliyev də bir vaxtlar Qarabağ əhalisi barədə aşağılayıcı açıqlamalar verdi. Mən mətbuat vasitəsilə Etibar Əliyevə etirazımı bildirdim. Onun nə ixtiyarı var ki, Azərbaycanda regional qarşıdurma yaratsın? Digər tərəfdən, deyilənə görə, əslən Ermənistandan olan və Qarabağ əhalisinə qarşı kampaniya aparanlardan bir də jurnalist Səidə Bəkirqızıdır. Bəs onun özü niyə dədə-baba torpağına köçmür? Eləcə də çirkin kampaniya aparan digər şəxslər niyə öz doğma yurdlarına qayıtmırlar? Əgər doğma yurda qayıtmaq belə asandırsa, qayıtsınlar də...”.

Son günlər sosial şəbəkələrdə Qarabağ əhalisinə, xüsusən də Ağdam və Füzuli sakinlərinə qarşı çirkin kampaniya yenidən genişlənib. Tanınmış hüquqşünas Osman Kazımov iki gün əvvəl bununla bağlı rəsmi qurumlara müraciət ünvanlayıb. O, təhqiramiz ifadələr işlədərək bütövlükdə Azərbaycan xalqını aşağılamağa cəhd edən şəxslərə qarşı təcili tədbir görülməsini istəyir.

Osman Kazımov Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Daxili işlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciətində yazıb:

"Siz hüquq-mühafizə orqanlarının rəhbərləri kimi ölkədə ictimai asayişin pozulmasına yönəlmiş bu çirkin, qanunsuz fəaliyyətin qarşısını almağa borclusunuz. Necə olur ki, adi inzibati xəta törədən vətəndaş dərhal müəyyən olunaraq məsuliyyətə cəlb edilir, amma bu cür təhlükəli çağırışlar edən şəxslər cəzasız qalırlar? Vəzifənizi yerinə yetirin!"

İctimaiyyət nümayəndələri və hüquqşünaslar haqlı olaraq hesab edirlər ki, milli həmrəyliyə və məcburi köçkünlərin şərəf və ləyaqətinə toxunan belə təxribatçı halların qarşısı qətiyyətlə alınmalı, qanunazidd əməllərə yol verənlər qanun qarşısında cavab verməlidirlər.


Geri qayıt