Əsas Səhifə > Ana xəbər / Güney Press > Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim...

Əvvəl Taleh Yüzbəyov, indi də Cəbiş müəllim...


Bu gün, 11:00

Son dövrlər Azərbaycanda yayımlanan bəzi reklam çarxları ictimai müzakirə və etirazlara səbəb olur.

Xüsusilə süni intellekt texnologiyalarından istifadə edilməklə klassik film obrazlarının reklamlara cəlb edilməsi, eləcə də reklam məzmununda qadın obrazlarının təqdimat forması reklam etikası və müəllif hüquqları ilə bağlı sualları yenidən gündəmə gətirib.

Belə ki, "Bizim Cəbiş müəllim" filminin məşhur Cəbiş müəllim obrazı "Rabitəbank"ın reklam çarxında kredit məhsulunun təqdimatı üçün istifadə olunub. Süni intellekt vasitəsilə hazırlanan video ilə bağlı müəllif hüquqlarının qorunub-qorunmadığı ətrafında müzakirələr aparılır.

Digər tərəfdən, aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamında məhsulun keyfiyyətinin qadınların xarici görünüşü ilə müqayisə edilməsi də cəmiyyətdə birmənalı qarşılanmayıb. Bütün bunlar reklamların hazırlanmasında etik normaların, cəmiyyətin həssas yanaşdığı məsələlərin və müəllif hüquqlarının nə dərəcədə nəzərə alındığı sualını yenidən aktuallaşdırır.

Reklamın cəmiyyətə təsiri nəzərə alınaraq hansı prinsiplər əsas götürülməlidir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında marketoloq Nicat Hacızadə bildirib ki, reklam çarxı hazırlanarkən ilk növbədə nəticəyə fokuslanmaq lazımdır:

“Əvvəlcədən reklamla hansı məqsədin əldə olunmaq istəndiyi dəqiq müəyyənləşdirilməlidir. Məqsəd məhsulun sürətli satışını təmin etmək, brend tanınırlığını artırmaq, ictimaiyyətlə əlaqələri gücləndirmək, şirkətin strategiyasını nümayiş etdirmək və ya cəmiyyət qarşısında mövqeyini göstərmək ola bilər.

Süni intellekt vasitəsilə hazırlanan reklamlara hazırda çox az sayda insan baxır. Çünki bu gün süni intellektlə yaradılan kontentlərin sayı həddindən artıq çoxdur və onlar informasiya axını içərisində itib-batır. Xüsusilə Azərbaycanda adi üsulla, peşəkar şəkildə çəkilmiş videoçarxlar süni intellektlə hazırlanan reklamlardan qat-qat çox baxış toplayır.

Süni intellektlə hazırlanmış reklam çarxlarının izlənmə sayı xeyli aşağı olur. Buna görə də reklam hazırlanarkən süni intellektdən minimum səviyyədə istifadə etmək daha məqsədəuyğundur. Ən səmərəli yanaşma isə hibrid modeldən istifadə etməkdir. Bu zaman həm real çəkiliş, həm də süni intellekt imkanları birlikdə tətbiq olunur ki, bu da brend üçün daha faydalı nəticə verir”.

Onun sözlərinə görə, reklam fəaliyyəti cəmiyyətə, istehlakçılara və rəqabət mühitinə təsir göstərdiyi üçün etik prinsiplərə uyğun hazırlanmalıdır:

“Reklam etik kodeksi reklamın dürüst, şəffaf, qanunvericiliyə uyğun və ictimai maraqları nəzərə alan şəkildə hazırlanmasını nəzərdə tutur. Etik kodeksə əsasən, reklam istehlakçını aldatmamalı, məhsul və ya xidmət haqqında yalan, şişirdilmiş və ya sübut olunmamış məlumat verməməlidir.

Reklamda insan ləyaqətini alçaldan, ayrı-seçkiliyi, zorakılığı və ya nifrəti təşviq edən məzmun yer almamalıdır. Uşaqlara yönəlmiş reklamlarda onların psixoloji xüsusiyyətləri nəzərə alınmalı, təhlükəli davranışlara sövq edən və ya valideyn nüfuzunu zəiflədən çağırışlardan istifadə edilməməlidir.

Reklamlar ictimai əxlaq normalarına uyğun olmalı, dini, milli və mədəni dəyərlərə hörmətlə yanaşmalıdır. Gizli reklamdan çəkinilməli, sponsorlu və ya kommersiya xarakterli məzmun açıq şəkildə reklam kimi təqdim edilməlidir. Həmçinin rəqib şirkət və məhsullar haqqında əsassız, nüfuzdan salan məlumatların yayılmasına yol verilməməlidir”.

Marketoloq qeyd edib ki, şəxsi məlumatların qorunması, müəllif hüquqlarına hörmət, foto, video və musiqilərdən qanuni istifadənin təmini də reklam etikasının vacib tələblərindəndir:

“Reklamın əsas məqsədi istehlakçını düzgün məlumatlandırmaq, onun seçim azadlığına hörmət etmək və cəmiyyət qarşısında sosial məsuliyyət prinsiplərinə əməl etməkdir. Bəzən reklamlar qəsdən rezonans doğuracaq formada hazırlanır ki, daha çox müzakirə edilsin və daha geniş auditoriyaya çatsın.

Burada əsas məqsəd səs-küy yaratmaqla brendi daha çox tanıtmaqdır. Buna görə də hər hansı reklamın arxasında duran məqsədi bilmədən onu düzgün qiymətləndirmək və ya şərh etmək həmişə mümkün olmur”.


Geri qayıt