Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda böyük ƏFV təklifi

Azərbaycanda böyük ƏFV təklifi


Bu gün, 08:27

Meyxanaçı Rəşad Dağlı və başqalarının əfv məsələsi gündəmdədir.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, böyük bir əfv fərmanının verilməsi təşəbbüsü ilə çıxış ediblər:

“İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin, Rəşad Dağlı, Anar Məmmədov, Natiq bəy və başqaları azadlığa çıxsınlar. Onların adları siyahımızdadır. İstəyirik ki, hamısı bir yerdə azad edilsin. Təklif etmişik, görək necə olur”.

Amma müsahibimiz böyük əfvin baş tutub-tutmayacağı və ya nə zaman reallaşacağı barədə söz deyə bilməyəcəyini deyib. Onun sözlərinə görə, təklif verilib, böyük əfv arzulayıblar.

“Bizə nə Avropa Şurası, nə də Avropa İttifaqı təzyiq göstərə bilər. Özümüz bu addımı atmalıyıq. Öz dövlətimiz yükü çiyinlərinə götürüb bunu etməlidir. Biz təklif etmişik, müsbət qarşılanıb. Ümidvaram ki, baş tutacaq”.

Bəs bu ilin sonuna əfv fərmanının verilməsi gözlənilirmi?

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Musavat.com-a bildirib ki, müxtəlif vaxtlarda hüquq müdafiəçiləri tərəfindən ayrı-ayrı şəxslərin əfv olunması ilə bağlı müxtəlif təkliflər irəli sürülür: “Novella xanım da hər zaman belə təşəbbüslər irəli sürür. Bu cür təşəbbüslərin hüquq müdafiəçiləri tərəfindən irəli sürülməsinə normal baxmaq lazımdır. Çünki onların işi də bundan ibarətdir. Novella Cəfəroğlu tərəfindən irəli sürülən təşəbbüs ictimai müzakirə predmeti ola bilər. Lakin əfv məsələsi Konstitusiyaya uyğun olaraq ölkə prezidentinin müstəsna səlahiyyətlərinə aid humanitar hüquq institutdur. Hər bir müraciət fərdi qaydada qiymətləndirilir. İlin sonuna qədər əfv fərmanının imzalanacağını qəti şəkildə söyləmək mümkün deyil. Bu barədə rəsmi açıqlama yoxdur, hazırda Əfv Komissiyasının iclasları da başlamayıb. Müxtəlif dövrlərdə milli bayramlar, tarixi günlərlə bağlı əfv sərəncamlarının imzalanması təcrübəsi mövcuddur. İndiyə qədər 71 Əfv sərəncamı cənab Prezident tərəfindən imzalanıb və 10 mindən artıq şəxsə şamil edilib”.

Ə.Nuriyev deyib ki, hazırda da Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları iş Şöbəsinin Əfv Sektoru və Əfv Komissiyasının katibliyi fasiləsiz işləyir, bütün daxil olan müraciətləri emal edir, müvafiq arayışlar hazırlayır: “Amma konkret olaraq əfv sərəncamının nə vaxt olacağı ilə bağlı bu gün qəti fikir söyləmək mümkün deyil. Konkret şəxslərin əfv olunacağı ilə bağlı konkret proqnoz vermək də hüquqi baxımdan düzgün olmazdı”.


Musavat.com


Geri qayıt