Əsas Səhifə > Ana xəbər / Güney Press > 2 ay əvvəl vəzifəyə təyin olunan müşavir istefa verdi

2 ay əvvəl vəzifəyə təyin olunan müşavir istefa verdi


Bu gün, 02:00

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəqəmsal hökumətin idarəolunması üzrə müşaviri Mehdi Cavadov vəzifəsindən ayrılıb. O, bu barədə sosial şəbəkə hesabında qısa paylaşım edərək agentlikdəki fəaliyyətinin başa çatdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məsələ ilə bağlı informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz sosial şəbəkədə diqqətçəkən şərh paylaşıb. Onun fikrincə, cəmi iki ay yarım əvvəl bu vəzifəyə təyin olunmuş şəxsin istefası gözlənilməz hadisədir.

Ekspert xatırladıb ki, Mehdi Cavadov təyinatı zamanı yeni komanda ilə birlikdə faydalı işlər görəcəyini bəyan etmişdi. O, bundan əvvəl ASAN Xidmətdə müşavir kimi çalışıb və uzun illər ölkədə rəqəmsal hökumət layihələrinin həyata keçirilməsində iştirak edib.

Osman Gündüzün sözlərinə görə, Mehdi Cavadov öz sahəsində peşəkar mütəxəssisdir və vaxtilə eGov platformasının texniki-texnoloji infrastrukturunun, həmçinin myGov ekosisteminin formalaşmasının ilkin mərhələsinə rəhbərlik edib.

"Belə bir şəxsin məhz rəqəmsal hökumət istiqaməti üzrə əsas məsul vəzifədən cəmi iki ay yarım sonra ayrılması təbii ki, düşündürücü görünür", – deyə ekspert bildirib.

Osman Gündüz hesab edir ki, baş verənlərin maliyyə ilə bağlı olması inandırıcı görünmür. Onun sözlərinə görə, İRİA və ümumilikdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumlar əməkhaqqı baxımından ölkənin ən rəqabətli dövlət qurumları sırasında yer alır.

Ekspert ehtimal edir ki, son dövrlər rəqəmsal hökumət quruculuğu sahəsində aparılan institusional dəyişikliklər və "rəqəmsal təmərküzləşmə" prosesləri fonunda rəhbərliklə müəyyən fikir ayrılıqları və ya yeni komanda ilə iş prosesində problemlər yaşanmış ola bilər. Bununla belə, o, bunların yalnız ehtimal olduğunu, məsələ ilə bağlı hər hansı rəsmi məlumatın açıqlanmadığını vurğulayıb.

Osman Gündüz qeyd edib ki, son aylarda İRİA-da rəqəmsal transformasiya istiqamətində ciddi fəallıq müşahidə olunurdu. Xüsusilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlamasından sonra qanunvericilik təşəbbüslərinin sürətləndirilməsi, maraqlı tərəflərlə intensiv müzakirələrin aparılması və yeni layihələrin hazırlanması diqqət çəkirdi.

Ekspertin fikrincə, məhz belə bir mərhələdə rəqəmsal hökumət istiqamətinə cavabdeh əsas rəhbərlərdən birinin vəzifədən ayrılması diqqətlə izlənilməli hadisədir.

"Hazırda ölkədə rəqəmsal transformasiya ilə bağlı mühüm qərarların və genişmiqyaslı layihələrin icra mərhələsinə keçildiyi bir dövrdə belə istefaların səbəblərinin aydın şəkildə izah edilməsi həm sektor, həm də ictimaiyyət üçün faydalı olardı. Ümid edirəm ki, İRİA və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələyə aydınlıq gətirəcək", – deyə Osman Gündüz bildirib.


Geri qayıt