Əsas Səhifə > Ana xəbər / Güney Press > Min manat alan həkimdən möcuzə gözləyirik?

Min manat alan həkimdən möcuzə gözləyirik?


Bu gün, 01:56

Tibb işçilərinin sertifikasiyası ilə bağlı müzakirələr yenidən başlayıb.

Səhiyyə naziri Teymur Musayev deyib ki, tibb işçilərinin sertifikasiyası cəza mexanizmi deyil, peşəkar inkişafın təmin olunmasına xidmət edir:

“Bu prosesin əsas məqsədi tibb işçilərinin davamlı peşəkar inkişafını təmin etmək və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltməkdir. Sertifikasiya imtahanından keçid faizi tibb işçiləri arasında ən qızğın müzakirələrin getdiyi dövrdə belə 97 faiz idi.

Yəni səs-küy onun mahiyyətindən daha çox idi, amma hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil”. Ölkədə ən səs-küylü məsələlərdən biri də müəllimlərin sertifikasiyası olub.

Həmin sertifikasiyanın nəticələrinə əsasən, 9 mindən çox müəllimin işinə xitam verilib. Eyni vəziyyətin tibbi sektorunu da əhatə edəcəyi ehtimalı var.

Bu gün bölgələrdə həkim çatışmazlığı var. Sertifikasiyadan keçə bilməyən həkimləri də eyni aqibət gözləyirmi?

Məsələ ilə bağlı Azərbaycan Həkimlər Birliyinin sədr müavini, radioloq Aydın Əliyev “Cebheinfo.az”-a bildirib ki, tibb sahəsi üzrə sertifikasiyanın tətbiqi səbəbi həkim savadsızlığı ilə bağlıdır:

“Bu, əvvəllər daha çox idi, indi nisbətən azalıb, ancaq yenə də davam edir. Yəni uzun illər ərzində Azərbaycan Tibb Universitetini bitirib həkim diplomu alan və həkimlik etmək səlahiyyəti əldə edən çoxlu savadsız, “həkimlər” var.

Burada biz savadsız həkimdən daha çox ona diplom verən müəssisəni qınamalıyıq. Burada sual ortaya çıxır ki, həkim savadsız idisə, ATU-da keçilən proqramı mənimsəməyibsə, niyə ona diplom verilib?

Bu, çox vacib məsələdir. Yəni sertifikasiyanın tətbiq olunma səbəbi bu idi. Yəni baxdılar ki, həkimlər arasında savadsızlığı necə aradan qaldırmaq olar? Bu zaman sertifikasiyanı seçdilər. Ancaq bu da qənaətbəxş olmadı.

Çünki orada həm sualların tərtibatında problemlər var idi, həm də eyni zamanda savadı, biliyi o qədər olmayanlar da sertifikasiyadan keçə bildilər”. Həkim çatışmazlığına gəldikdə isə radiolqun sözlərinə görə, əslində bunun səbəbi sertifikasiya deyil:

“Çünki nazirin də dediyi kimi, 97 faiz imtahandan keçib sertifikat əldə etdi. Həkim çatışmazlığının səbəbi tibb işçilərinin maddi rifah halının yaxşı olmamasıdır. Məsələn, həkimlər standart 1000 manat civarında məvacib alır. Ancaq onların bonus əlavələri aylarla verilmir.

Belə ki, 5-6 aydan sonra bir ayın bonus əlavəsi verilir. Həkimlər ehtiyac olandan daha çox işlədilir. Yəni həkim 20 pasiyent qəbul etməlidirsə, 40, bəzən 50-60 xəstəni qəbul edir. Həkimlər sivil qaydada öz etirazlarını bildirə bilmirlər.

Kimsə etiraz etsə, onu işdən çıxarmaqla hədələyirlər. Ona görə də həkimlər etirazlarını başqa formada bildirirlər. Ya növbəyə çıxmaqdan imtina edirlər, ya xəstəylə aqressiv davranır. İndiki dövrdə güc tətbiq edərək həkimləri işlədə bilmərik.

Mövcud vəziyyət tibbi xidmətin keyfiyyətinin azalmasına gətirib çıxarır. Gənc həkimlərin əksəriyyəti Türkiyə, Almaniya kimi xarici ölkələrə getmək istəyir. ATU-nun yuxarı kurs tələbələri artıq xarici ölkələrə getməyi planlaşdırırlar.

Xüsusilə də yaxşı oxuyanlar ölkədə qalmağı düşünmürlər. Xəstəxanaların maddi-texniki vəziyyəti yaxşı deyil. Məsələn, ürək MRT-si yalnız “Yeni Klinika”da vardı, artıq o da yoxdur. Həkimlərdən də möcüzə tələb edirlər.

Onların sehirli çubuğu yoxdur ki, möcüzə göstərsinlər. Xəstələr də bu sistemin problemini görmürlər, həkimlərdən tələb edirlər. Həkimlərdə də müəyyən qədər səhvlər var. Ancaq ümumilikdə bu problemin kökü həkimdən çox tibbi xidməti təşkil edən qurumlara aiddir”.


Geri qayıt