Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda dollar və avro ucuzlaşacaq?

Azərbaycanda dollar və avro ucuzlaşacaq?


Bu gün, 01:50

2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın valyuta hərraclarında 757 milyon dollar satılıb.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

Bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard dollar, 2024-cü ildə isə 3,7 milyard dollar olub. Aprelin 1-dən etibarən keçirilən 101 valyuta hərracında cəmi 203 milyon dollar satılıb. Mərkəzi Bank isə iyulun 30-u daxil olmaqla, valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirərək ümumilikdə 2 milyard 77 milyon dollar alıb.

Nəticədə, ehtiyatların idarə olunması və alışyönümlü müdaxilələr hesabına Mərkəzi Bankın valyuta ehtiyatları 19,4 % və ya 2,2 milyard dollar artaraq 13,7 milyard dollara yüksəlib”, - deyə AMB sədri qeyd edib.

Bəs dollar və avro ucuzlaşa bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dollara tələbatın azalmasının arxasında dayanan iqtisadi səbəblər o qədər də nikbin deyil:

“Bu göstərici Azərbaycanda iqtisadi aktivliyin zəiflədiyini göstərir. Dollara tələbatın azalmasının əsas səbəblərindən biri idxalın həcminin azalmasıdır, idxal zəiflədikcə xarici valyutaya ehtiyac da azalır.

Digər tərəfdən, əhalinin alıcılıq qabiliyyətinin və gəlirlərinin zəifləməsi istehlakın azalmasına səbəb olur ki, bu da xarici valyutaya tələbatın aşağı düşməsində mühüm rol oynayır.

Bununla yanaşı, Azərbaycanda yaxın perspektivdə dolların və avronun ucuzlaşacağını gözləmək doğru olmaz. Mövcud şəraitdə belə bir ehtimal real görünmür. Əksinə, yaxşı ki, bahalaşmır.

Hazırkı şərait nəzərə alındıqda, 2027-ci il ərzində də manatın məzənnəsində ucuzlaşma gözlənilmir. Bu baxımdan məzənnə sabitliyinin qorunması iqtisadiyyat üçün müsbət amildir.

Lakin dollara tələbatın azalması müsbət göstərici deyil. Bu, iqtisadi aktivliyin zəifləməsinə, istehlak və idxalın azalmasına işarə edən amillərdən biridir”.


Geri qayıt