Əsas Səhifə > Ana xəbər / Güney Press > “ADY Express” MMC-də yüksək vəzifəyə yeni təyinat olub
“ADY Express” MMC-də yüksək vəzifəyə yeni təyinat olubBu gün, 10:48 |
|
Azərbaycan Dəmir Yollarının (ADY) törəmə şirkəti olan “ADY Express” MMC-də yeni kadr təyinatı həyata keçirilib. Banker.az-ın məlumatına əsasən, Elvin Teymur oğlu Paşayev “ADY Express” MMC-nin Maliyyə departamentinin rəisi vəzifəsinə təyin edilib. O, bu təyinata qədər “Azərbaycan Dəmir Yolları” QSC-nin Aparatında Maliyyə departamentinin Maliyyə hesabatlılığı şöbəsinin müdiri vəzifəsində çalışıb. Elvin Paşayev ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyası və Azərbaycan Texniki Universitetində bakalavr, Qafqaz Universitetində isə magistr pillələri üzrə alıb. O, həmçinin dünyanın aparıcı təhsil müəssisələrindən biri olan Harvard Business School-un maliyyə rəhbərləri üçün nəzərdə tutulmuş xüsusi proqramını uğurla başa vurub. Ali məktəbə qəbul imtahanlarında göstərdiyi yüksək nəticələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. Bakalavr təhsilini maksimal orta göstərici ilə başa vuran E.Paşayev təhsil illərində dəfələrlə SOCAR Təqaüd Proqramının qalibi seçilib. Göstərdiyi yüksək akademik nəticələr və peşəkar potensialı nəzərə alınaraq, daha sonra müsabiqədənkənar qaydada SOCAR-da işə qəbul olunub. Əmək fəaliyyətinə SOCAR-da başlayan Elvin Paşayev müxtəlif rəhbər vəzifələrdə çalışaraq uğurlu karyera yolu keçib. O, 8 mindən çox işçisi olan struktur qurumunun aparatında şöbə rəisi vəzifəsinə təyin edilərkən SOCAR-ın ən gənc şöbə rəisi olub. Həmçinin İqtisadiyyat və uçot departamentinin rəis müavini vəzifəsini icra edib. Neft-qaz sənayesinin inkişafına verdiyi töhfələrə görə SOCAR Prezidenti tərəfindən Fəxri Fərmanla təltif olunub. Əsas iş fəaliyyəti ilə yanaşı, E.Paşayev paralel olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramlarında və SABAH qruplarında pedaqoji fəaliyyət göstərib, maliyyə və mühasibatlıq sahələri üzrə bilik və təcrübəsini gənc mütəxəssislərlə bölüşüb. Elvin Paşayev beynəlxalq ACCA DipIFR, Peşəkar Mühasib Sertifikatı (PMS) və maliyyə, mühasibatlıq və idarəetmə sahələri üzrə digər nüfuzlu peşəkar sertifikatların sahibidir. Geri qayıt |