Əsas Səhifə > Ana xəbər / Güney Press > “Cəbiş müəllim”in qızı banka etiraz etdi

“Cəbiş müəllim”in qızı banka etiraz etdi


Bu gün, 10:42

“Bizim Cəbiş müəllim” filminin məşhur obrazından reklam çarxında istifadə edilib.

“Qafqazinfo” xəbər verir ki, “Rabitəbank” tərəfindən hazırlanan reklamda Cəbiş müəllim obrazı pul krediti şərtlərinin təqdimatını edir. Süni intellektlə hazırlanan videonun prosesi zamanı müəllif hüquqları ilə bağlı məsələlərin nəzərə alınmadığı bildirilir.

Məsələyə Cəbiş müəllim obrazı ilə tanınmış Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova da münasibət bildirib. O, “Bizim.media”ya açıqlamasında atasının yaratdığı unudulmaz obrazın bu şəkildə kommersiya məqsədləri üçün istifadəsini ürəkağrısı ilə qarşıladığını deyib. S.Ələsgərovanın sözlərinə görə, reklam çarxı hazırlanmazdan əvvəl “Rabitəbank” tərəfindən onlarla heç bir əlaqə saxlanılmayıb və obrazın istifadəsi ilə bağlı hər hansı razılıq alınmayıb: “Atam ömrünü aktyorluq sənətinə həsr etmiş bir sənətkar idi. Onun yaratdığı Cəbiş müəllim obrazı isə illər keçsə də, insanların yaddaşında yaşayır. “Bizim Cəbiş müəllim” də bizim milli sərvətimizdir. Belə bir əsərin və onun obrazlarının pul qazanmaq məqsədilə reklama çevrilməsi məni çox məyus etdi. “Rabitəbank”ın bu addımını pisləyirəm. Bu, təkcə müəllif hüquqları məsələsi deyil, həm də sənətkara və onun yaratdığı irsə münasibətdir”.

Aktyorun qızı əlavə edib ki, belə hallarda müəlliflərin və onların hüquqi varislərinin razılığı alınmalı, milli-mədəni irsə daha həssas yanaşılmalıdır.

Qeyd edək ki, 1969-cu ildə müharibə-dram janrında çəkilən filmin rejissoru Həsən Seyidbəyli, ssenari müəllifi isə Maqsud İbrahimbəyov olub.


Geri qayıt