Əsas Səhifə > Ana xəbər / Güney Press > “İssık gölü sammiti” Kremlin diqqətində: Moskva nədən narahatdır?

“İssık gölü sammiti” Kremlin diqqətində: Moskva nədən narahatdır?


Bu gün, 10:38

Rusiyanın əsas narahatlığı İssık gölü sammitinin əsas nəticəsi prezidentlər bir masa arxasında oturması deyil, əsas məsələ...

İssık gölü sahilində Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin görüşü yalnız regional əməkdaşlıq məsələləri ilə məhdudlaşmır. “C6” formatının formalaşması və Orta Dəhlizin inkişaf perspektivləri Rusiyanın Mərkəzi Asiyadakı ənənəvi iqtisadi və geosiyasi mövqeləri baxımından da diqqət çəkir.

Musavat.com xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta”nın (NG) təhlilində bildirilir.

Nəşrə görə, iyulun 30-dan avqustun 1-dək Qırğızıstanın Çolpon-Ata şəhərində Mərkəzi Asiya dövlətləri-Qırğızısatan, Tacikistan, Özbəkistan liderlərinin və Azərbaycanın dövlət başçısının qeyri-formal məşvərət görüşündə siyasi dialoq, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunur.

“NQ”yazır ki, bu görüşün arxasında daha böyük geosiyasi proses dayanır. Söhbət Mərkəzi Asiyanın Xəzər vasitəsilə Cənubi Qafqaz və Türkiyə ilə əlaqələrinin gücləndirilməsindən, yeni nəqliyyat marşrutlarının yaradılmasından və nəticə etibarilə regionun xarici bazarlara çıxışının şaxələndirilməsindən gedir.

Mərkəzi Asiyanın beş ölkəsinin liderləri bu il ilk dəfə Azərbaycanla birlikdə görüşürlər. Ötən ilin noyabrında Daşkənddə keçirilən yeddinci məşvərət görüşündə Azərbaycan bu formata tamhüquqlu iştirakçı kimi qoşulub. Beləliklə, Mərkəzi Asiyanın beşliyinin iştirakı ilə formalaşan platforma artıq “C6” formatına çevrilib.

“NQ” bu dəyişiklikdə əsas geoiqtisadi məntiqi Mərkəzi Asiya ölkələrinin xarici bazarlara alternativ çıxış yolları axtarmasında görür. Regionun dənizə birbaşa çıxışı olmayan dövlətləri üçün Xəzər dənizi üzərindən Azərbaycan istiqaməti Avropa və Türkiyə bazarlarına çıxış baxımından mühüm alternativdir. Azərbaycan isə öz liman, dəmir yolu, avtomobil və enerji infrastrukturu ilə Mərkəzi Asiya üçün Qərbə açılan əsas qapılardan birinə çevrilir.Bunun qarşılığında Azərbaycan Mərkəzi Asiyanın, xüsusilə Çin istiqamətindən gələn yük axınlarının Xəzər vasitəsilə Qərbə daşınmasında daha böyük rol əldə edir.

Məqalədə Moskvanın narahatlığı birbaşa Rusiyadan yan keçən alternativ nəqliyyat marşrutlarının inkişafı ilə əlaqələndirilir. Söhbət ilk növbədə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan – Orta Dəhlizdən gedir. Orta Dəhliz Çin və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxan nəqliyyat xəttidir. Bu marşrutun inkişaf etdirilməsi Mərkəzi Asiya ölkələrinə Rusiyanın ərazisindən istifadə etmədən Qərb bazarlarına çıxmaq imkanı yarada bilər.

Nəşrə danışan ekspert, MGIMO-nun Beynəlxalq Araşdırmalar İnstitutunun elmi əməkdaşı Aleksandr Knyazev hesab edir ki, Azərbaycanın bu formata qoşulmasının əsas praktiki motivi məhz nəqliyyat məsələsidir.Knyazevin fikrincə, Mərkəzi Asiya ölkələri Orta Dəhlizin inkişafı hesabına xarici bazarlara çıxış imkanlarını genişləndirməyə çalışırlar.

Bu yanaşma Moskva üçün əhəmiyyətlidir. Çünki Mərkəzi Asiyanın Avropa ilə ticarətində alternativ marşrutların payının artması Rusiyanın tranzit əhəmiyyətini azalda bilər.
Orta Dəhlizin gələcəyi baxımından Azərbaycanın rolu xüsusilə böyükdür.Çindən gələn yüklərin Mərkəzi Asiya üzərindən Xəzərə çatdırılması, daha sonra Azərbaycan ərazisindən Gürcüstan və Türkiyəyə, oradan isə Avropaya daşınması nəzərdə tutulur.Bu sistemin şərq hissəsində Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsi xüsusi əhəmiyyət daşıyır.Belə bir nəqliyyat zənciri formalaşarsa, Çin ilə Avropa arasında Rusiya ərazisindən yan keçən alternativ quru bağlantısı daha da güclənəcək.

Burada Zəngəzur istiqaməti də xüsusi əhəmiyyət qazanır. Qırğızıstan Prezidenti Sadır Japarov daha əvvəl Zəngəzur dəhlizini Orta Dəhlizin məntiqi davamı kimi qiymətləndirib. Bu yanaşma reallaşarsa, Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Naxçıvan–Türkiyə xətti Avropaya çıxan daha geniş nəqliyyat sisteminin bir hissəsinə çevrilə bilər.

Bununla belə, “NQ”nın materialında “C6” formatının imkanları ilə bağlı kifayət qədər ehtiyatlı yanaşma da var. Ekspert Aleksandr Knyazev hesab edir ki, Mərkəzi Asiya prezidentlərinin məşvərət görüşləri indiyədək geniş gündəliyə malik olsa da, praktiki nəticələri məhdud olub.Onun fikrincə, əsas problem regional səviyyədə mövqelərin daimi razılaşdırılması üçün institut və mexanizmlərin olmamasıdır.Bu baxımdan “C6” hələlik tamhüquqlu regional təşkilat deyil. Daha çox siyasi dialoq və ictimai diplomatiya platformasıdır.Üstəlik, Mərkəzi Asiya dövlətlərinin maraqları da bir-birindən fərqlənir. Azərbaycan da formata qoşulduqdan sonra platformanın daxili balansı daha da mürəkkəbləşib.

Knyazevin fikrincə, “C6” müəyyən mənada Türk Dövlətləri Təşkilatının fəaliyyətini də təkrarlaya bilər. Bu isə xüsusilə türkdilli olmayan Tacikistan üçün müəyyən narahatlıq yarada bilər. Nəşrin təhlilində Orta Dəhlizin perspektivlərinə yalnız geosiyasi deyil, iqtisadi prizmadan da yanaşılır.Marşrutun əsas problemləri arasında logistikanın mürəkkəbliyi və daşımaların bahalılığı göstərilir.Xəzərin keçilməsi, yüklərin müxtəlif nəqliyyat vasitələri arasında dəyişdirilməsi, liman və dəmir yolu sistemlərinin uyğunlaşdırılması əlavə xərc və vaxt yaradır. Buna görə Orta Dəhlizin uzunmüddətli uğuru üçün əsas şərt yalnız infrastrukturun tikilməsi deyil, böyük və sabit yük bazasının formalaşmasıdır.

Məqalədə daha bir riskə – təhlükəsizlik məsələsinə diqqət çəkilir. Knyazev hesab edir ki, Xəzər regionu əvvəlki kimi yalnız təhlükəsiz iqtisadi məkan kimi qəbul edilə bilməz. Ukrayna müharibəsi və Yaxın Şərqdəki gərginlik Xəzərin yerləşdiyi geosiyasi mühiti də dəyişdirir. Bu isə Orta Dəhlizin qarşısında yeni suallar yaradır.Əgər Xəzərdə təhlükəsizlik riskləri artarsa, ticarət gəmilərinin sığortalanması, müşayiəti və hava hücumlarından müdafiəsi kimi məsələlər də gündəmə gələ bilər.Deməli, marşrutun inkişafı üçün yalnız dəmir yolları, limanlar və terminalların tikilməsi kifayət deyil. Xəzərin təhlükəsizliyinin təmin edilməsi də Orta Dəhlizin gələcəyinin əsas şərtlərindən birinə çevrilir.

Rusiyanın əsas narahatlığı İssık gölü sammitinin əsas nəticəsi prezidenlərin bir masa arxasında oturması deyil. Əsas məsələ Mərkəzi Asiyanın Xəzər üzərindən Azərbaycan və Türkiyə vasitəsilə Qərbə çıxışının institusional və iqtisadi baxımdan möhkəmlənib-möhkəmlənməyəcəyidir. Bu proses sürətləndikcə Moskvanın regiondakı ənənəvi tranzit və geoiqtisadi üstünlüyü də daha ciddi sınaq qarşısında qala bilər...

Musavat.com


Geri qayıt