Əsas Səhifə > Ana xəbər / Güney Press > Qəndqabını həkimə atdı, nazirlikdə insident yaratdı: 2 il 6 ay həbs edildi

Qəndqabını həkimə atdı, nazirlikdə insident yaratdı: 2 il 6 ay həbs edildi


Bu gün, 09:58

Gəncə Apellyasiya Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə və xuliqanlıqda təqsirləndirilən Adəm Həmidovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Adəm Həmidov müxtəlif vaxtlarda həm tibb müəssisələrində, həm dövlət qurumunda, həm də şəxsi münasibətlər zəminində baş vermiş münaqişələr zamanı ictimai qaydanı kobud şəkildə pozmaqda, zor tətbiq etməkdə və əmlaka ziyan vurmaqda təqsirləndirilir.


Belə ki, hadisələrdən biri 2022-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən şəhər poliklinikalarından birində baş verib.


Təqsirləndirilən şəxs COVID-19 peyvəndinə qarşı "Əks-göstəriş Sertifikatı" almaq məqsədilə poliklinikaya müraciət edib. Baş həkimin müavini ona belə sertifikatın yaşadığı ərazi üzrə qeydiyyatda olduğu poliklinika tərəfindən verilə biləcəyini izah edib. Lakin bu cavabla razılaşmayan Adəm Həmidov daha sonra tanışı ilə birlikdə baş həkimin qəbul otağına daxil olaraq həmin tələbi yenidən irəli sürüb. Baş həkim və əməkdaşlar eyni hüquqi izahı verdikdən sonra vəziyyət gərginləşib.


Təqsirləndirilən şəxs əsəbiləşərək əvvəlcə stolun üzərinə yumruqla zərbə endirib, ardınca stolun üzərində olan qəndqabını və içərisində qaynar çay olan stəkanı baş həkimə tərəf atıb. Nəticədə qəndqabının qapağı həkimin sifət nahiyəsinə dəyib, qaynar çay isə onun üzərinə tökülüb.


Ekspertiza zərərçəkmişdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətlərinin müəyyən edildiyini göstərib. Hadisə zamanı stəkan və qəndqabı da sıradan çıxıb, nəticədə 85 manat məbləğində maddi ziyan dəyib.


Bundan sonra Adəm Həmidov poliklinikanın dəhlizində yüksək səslə nalayiq ifadələr işlədərək tibb müəssisəsinin fəaliyyətini pozmaqda ittiham olunur.


Cinayət işinin digər epizodu həmin ilin başqa bir tarixində baş verib.


İttihama əsasən, təqsirləndirilən şəxs özünü qeydiyyatdan keçməmiş "Gənc qazilər" ictimai birliyinin sədri kimi təqdim edərək bir qrup Vətən müharibəsi iştirakçısını dövlət qurumunun qəbul otağı qarşısına toplayıb. Onlar əlillik dərəcələrinin və sığorta ödənişlərinin təyin olunmasını tələb etsələr də, səlahiyyətli şəxslərin qanuni izahlarını qəbul etməyiblər. Qəbul otağında yaranmış sıxlıq zamanı huşunu itirmiş şəxsə tibbi yardım göstərilməsi məqsədilə qapının müvəqqəti bağlanması etirazlara səbəb olub.


Adəm Həmidov aqressiv davranış nümayiş etdirərək dövlət qulluqçularını təhqir edib, ətrafdakı şəxsləri qanunsuz hərəkətlərə sövq edib. Nəticədə qrupun bəzi üzvləri qəbul otağının şüşəli giriş qapısını, iki turniketi, IP telefon aparatını və elektron növbə sistemini sındıraraq dövlət qurumuna ümumilikdə 5 550 manat məbləğində maddi ziyan vurublar.


İttiham aktında yer alan növbəti hadisə Tovuz rayonunda yerləşən tibb müəssisəsində baş verib. Belə ki, təqsirləndirilən şəxs qardaşının müalicəsi ilə bağlı narazılığını əsas gətirərək bir neçə nəfərlə birlikdə xəstəxanaya gəlib. Qardaşına lazımi tibbi yardım göstərilmədiyini iddia edən Adəm Həmidov tibb işçilərinin ünvanına nalayiq ifadələr işlədib, xəstəxananın normal fəaliyyətini pozub və Acil şöbəsinin giriş qapısının şüşəsini sındıraraq müəssisəyə 200 manat maddi ziyan vurub.


Cinayət işinin son epizodunda isə təqsirləndirilən şəxsin kənddə baş vermiş əvvəlki münaqişəni "barışıq yolu ilə həll etmək" bəhanəsi ilə zərərçəkmiş şəxsi evinə dəvət etdiyi göstərilir. Söhbət zamanı yaranan gərginlik nəticəsində o, heç bir əsas olmadan zərərçəkmişə yumruq zərbəsi endirib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmiş şəxsin üz nahiyəsində sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri qeydə alınıb.


İş materiallarına əsasən, Adəm Həmidova Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyadan istifadə edilməklə təkrar xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.


Tovuz Rayon Məhkəməsinin hökm ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə təqsirli bilinsə də, həmin epizod üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona bu maddə ilə cəza təyin edilməyib. Eyni zamanda məhkəmə onu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hökmə əsasən, Adəm Həmidov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Geri qayıt