Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda devalvasiya qorxusu: Tam aradan qalxıb?

Azərbaycanda devalvasiya qorxusu: Tam aradan qalxıb?


Bu gün, 06:16

“Bu ilin altı ayı ərzində Mərkəzi Bank 1.5 milyard ABŞ dolları həcmində alış yönümlü müdaxilə edib. Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə etdik ki, məzənnə 1.7 dollar səviyyəsində qalsın. Əhalinin manata olan inamı son 4 ildə çox artıb. Bu sadəcə sözlər deyil, bunun arxasında rəqəmlər də var”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.

AMB sədri əlavə edib ki, son 18 ayda valyuta bazarında təklif tələbi üstələyib:

“Bu bir faktdır. İkinci fakt isə ondan ibarətdir ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb.

Müqayisə üçün qeyd edim ki, 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub. Göründüyü kimi, kifayət qədər azalma var. 2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40 %-i xarici valyutada idisə, bu gün bu göstərici cəmi 25 %-dir.

Yəni azala-azala dollarlaşma səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artıb. Rəqəmlə desək, 6.3 milyard artıb və 12.5 milyard manat səviyyəsində formalaşır. Bu da əhalinin manata inamının gücləndiyini və valyutaya tələbatın azaldığını göstərir”.

Taleh Kazımov əlavə edib ki, bəzən heç bir əsas olmadan insanlar arasında “kurs dəyişəcək” kimi fikirlər yayılır:

“İnsanlar da başlayır narahat olmağa və hamı axırıncı manatını götürüb qaçır valyuta mübadilə məntəqələrinə dollar alır, bir həftədən sonra isə satır. Mən istəyirəm bunu çox sadə dildə izah edim. Bunun üçün hər hansı fundamental əsas yoxdur. Hansısa qərarı verməmişdən öncə təhlillər aparmalıyıq, yəni doğrudanmı bizdə problem var?

Bizim əsas məqsədimiz, manatımızın qiymət sabitliyidir və makroiqtisadi sabitlikdir. Buna nail olmaq üçün bugünkü çərçivə, sabit məzənnə rejimi tam uyğundur. Bu siyasətimizi növbəti illərdə də davam etməyi planlaşdırırıq”.

Maraqlıdır, dolların bahalaşma qorxusu tam aradan qalxdı?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, Taleh Kazımovun açıqladığı fakt onu göstərir ki, hazırda bazarda xarici valyuta təklifi tələbi üstələyir və Mərkəzi Bank manatın həddindən artıq möhkəmlənməsinin qarşısını almaq üçün bazardan valyuta alır:

“Başqa sözlə, hazırda təzyiq manatın ucuzlaşmasına deyil, əksinə, möhkəmlənməsinə yönəlib. Son illərdə əhalinin manata olan inamının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Bu, təkcə psixoloji amillərlə deyil, makroiqtisadi göstəricilərlə də təsdiqlənir.

Manatın uzun müddət sabit qalması, strateji valyuta ehtiyatlarının artması, bank sistemində manatla əmanətlərin və kreditlərin payının yüksəlməsi milli valyutaya etimadı gücləndirib.

Bununla belə, dolların bahalaşması ilə bağlı risklərin tam aradan qalxdığını demək düzgün olmaz. Azərbaycan iqtisadiyyatı hələ də neft və qaz ixracından formalaşan valyuta gəlirlərindən əhəmiyyətli dərəcədə asılıdır.

Qlobal enerji qiymətlərində uzunmüddətli eniş, geosiyasi gərginliyin artması, beynəlxalq maliyyə bazarlarında qeyri-müəyyənlik və ölkəyə daxil olan valyuta axınlarının azalması kimi amillər gələcəkdə məzənnəyə müəyyən təzyiqlər yarada bilər.

Ona görə də hazırda devalvasiya gözləntiləri əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləsə də, riskləri tam sıfır hesab etmək olmaz. Mərkəzi Bankın yaxın illərdə də sabit məzənnə siyasətini davam etdirmək niyyətini açıqlaması isə mövcud makroiqtisadi şərait baxımından real görünür.

Bu siyasətin davamlılığını təmin edən əsas amillərdən biri ölkənin yüksək strateji valyuta ehtiyatlarıdır. Dövlət Neft Fondu və Mərkəzi Bankın ehtiyatları zərurət yarandıqda bazara müdaxilə etmək və məzənnədə kəskin dəyişikliklərin qarşısını almaq üçün kifayət qədər ciddi maliyyə imkanları yaradır.

Digər mühüm amil enerji ixracından daxil olan sabit valyuta gəlirləridir. Azərbaycanın neft və xüsusilə təbii qaz ixracı ölkəyə davamlı xarici valyuta axını təmin edir.

Son illərdə qaz ixrac bazarlarının genişlənməsi də bu baxımdan əlavə üstünlük yaradır. Paralel olaraq fiskal və monetar siyasət arasında koordinasiya, inflyasiyanın nəzarətdə saxlanılması, dövlət borcunun idarəolunan səviyyədə qalması və bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi sabit məzənnə siyasətinin əsas dayaqları hesab olunur.

Hazırda Mərkəzi Bankın alış yönümlü müdaxilə etməsi onu göstərir ki, valyuta bazarında kifayət qədər təklif mövcuddur və AMB bazardakı tarazlığı qorumağa çalışır. Bu da yaxın perspektivdə manatın məzənnəsinin sabit qalacağına dair gözləntiləri gücləndirir.

Amma uzunmüddətli perspektivdə məzənnə sabitliyinin əsas təminatçısı yalnız valyuta ehtiyatları deyil. Ən vacib məsələ iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması, özəl sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi və ölkəyə davamlı valyuta axınının təmin edilməsidir”.

İqtisadçı qeyd edib ki, yalnız bu halda sabit məzənnə inzibati müdaxilələrdən deyil, güclü iqtisadi fundamental göstəricilərdən qaynaqlanan dayanıqlı xarakter daşıyacaq.


Geri qayıt