Əsas Səhifə > Ana xəbər / Güney Press > Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın!

Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın!


Bu gün, 06:01

İnsanların dini inancını təhqir etdikləri üçün iki nəfərin həbs edilməsi barədə xəbər oxudum. Əgər kiminsə inancına görə insanları alçaltmaq, təhqir etmək və nifrət yaymaq baş veribsə, həbs qərarı normaldır. Amma məsələyə yalnız dini inanc çərçivəsində yox, insan hüquqları prizmasından baxmaq lazımdır. Bir insanın baş örtüyünə, digərinin açıq geyiminə, bir başqasının həyat tərzinə qarışmaq eyni düşüncə tərzindən qaynaqlanır: “Mənim seçimim doğrudur, sənin seçimin yanlışdır”. Əgər örtülü qadınları təhqir edənlərə qarşı sərt tədbir görülürsə, eyni qərar açıq geyinən qadınlara qarşı təhqir hallarında da göstərilməlidir. Əks halda belə təsəvvür yaranır ki, yalnız başıbağlı qadınlar qorunmalıdır, başıaçıqlar isə yox. Bu gün küçələrdə qısa ətək geyinən qadınlara söz atan kifayət qədər insan var. Bu da bir təhqirdir. Həmçinin, şort geyinən kişilərə, fərqli görünən hər hansı insana qarşı da təhqir hallarının şahidi oluruq. Amma mən indiyədək bu hallarla bağlı heç kimin həbs edildiyini eşitməmişəm. Bəlkə də olub, amma hər halda belə xəbərin ictimailəşdirildiyinə rast gəlməmişəm. Onlara qarşı da sərt qərarlar verilməlidir. İnsanların bədəninə, geyiminə, inancına, şəxsi seçiminə hörmət etməyi öyrənməliyik. Nə başıörtülü qadın təhqir olunmalıdır, nə də başıaçıq qadın. Nə uzun ətək geyinən, nə də qısa geyinən insan alçaldılmalıdır. 


Nigar Sabirqızı - "DİA-AZ"


Geri qayıt