Əsas Səhifə > Ana xəbər / Güney Press > Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib?

Bərdə Rayon Mərkəzi Xəstəxanasında ağır qəza xəstələri saatlarla gözlədilib?


Bu gün, 16:19

Bərdə Rayon Mərkəzi Xəstəxanası ilə bağlı səsləndirilən iddialar ciddi narahatlıq doğurur.

Gununsesi.info bildirir ki, iddialara görə, dünən səhər saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsindən sonra xəstəxanaya çatdırılan yaralılar vaxtında tibbi yardım ala bilməyib.

Şahidlərin bildirdiyinə görə, qəbul şöbəsində cəmi bir həkim xidmət göstərib. Ən ciddi narahatlıq doğuran məqam isə növbətçi cərrahların həmin vaxt iş yerlərində olmaması ilə bağlı iddialardır.

Əgər bu məlumatlar öz təsdiqini tapsa, söhbət sadəcə təşkilati çatışmazlıqdan deyil, insan həyatını riskə atan ciddi səhlənkarlıq ehtimalından gedə bilər. Məlum olduğu kimi, ağır travmalı xəstələr üçün ilk dəqiqələr həlledici hesab olunur.

Tibbdə bu müddət “qızıl saat” adlandırılır. Belə bir vaxtda həkim çatışmazlığı və ya növbə xidmətində yaranan boşluq ağır nəticələrə səbəb ola bilər. Sakinlər aidiyyəti qurumların hadisəni dərhal araşdırmasını, həmin növbədə hansı həkimlərin xidmət aparmalı olduğunu, onların iş yerlərində olub-olmadığını və xəstələrə tibbi yardımın hansı səbəbdən gecikdiyini açıqlamasını tələb edirlər.

İctimaiyyət hesab edir ki, dövlət tibb müəssisələrində növbə intizamı ilə bağlı ən kiçik şübhə belə dərhal araşdırılmalıdır. Çünki söhbət insanların həyatından gedir və belə iddialar cavabsız qalmamalıdır. Hazırda səsləndirilən iddialar rəsmi qurumlar tərəfindən təsdiqlənməyib. Bərdə Rayon Mərkəzi Xəstəxanasının və TƏBİB-in məsələyə münasibəti məlum deyil. Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.

Qeyd edək ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasına 2021-ci ildə Vüsal Məmmədov rəhbərlik edir.


Geri qayıt