Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər

Ermənistan prezidenti itib: Paşinyandan şübhələnirlər


Bu gün, 10:12

Ermənistanda prezident Vaaqn Xaçaturyanın son dövrlərdə siyasi proseslərdə və ictimai həyatda demək olar ki, görünməməsi ölkə mediasında yenidən müzakirə mövzusuna çevrilib. Musavat.com xəbər verir ki, "Qolos Armeniya" da dərc olunan məqalədə Vaaqn Xaçaturyanın faktiki olaraq siyasi gündəmdən kənarda qaldığı, prezident institutunun isə əvvəlki dövrlərlə müqayisədə formal xarakter aldığı iddia olunur. Bildirilir ki, əvvəllər də mediada nadir hallarda görünən Xaçaturyan son aylarda ümumiyyətlə informasiya məkanından itib. Məqalədə istehzalı şəkildə qeyd edilir ki, sanki prezident ölkədən gedib və hansısa beynəlxalq tədbirdə "itib", lakin bunun Ermənistanın siyasi həyatına heç bir təsiri yoxdur.

Xatırladaq ki, Vaaqn Xaçaturyan 2022-ci il martın 3-də Ermənistan parlamenti tərəfindən prezident seçilib. O, prezident postundan istefa verən Armen Sarkisyanı əvəz edib. Ermənistanın 2015-ci il Konstitusiya islahatlarından sonra ölkə parlament idarəetmə sisteminə keçdiyindən prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılıb. Hazırda dövlət başçısı əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir, hökumətin formalaşdırılması və icra hakimiyyəti isə baş nazirin əlində cəmlənib.Bununla belə, "Qolos Armeniya" hesab edir ki, hətta məhdud səlahiyyətlər çərçivəsində belə Xaçaturyan ölkənin siyasi həyatında nəzərəçarpacaq rol oynamır. Məqalədə bildirilir ki, bütün əsas qərarlar baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilir, prezident isə daha çox qanunları imzalayan və dövlət mükafatlarını təqdim edən simvolik fiqur kimi çıxış edir.

O da qeyd olunur ki, Prezident Administrasiyasının saxlanılması üçün dövlət büdcəsindən hər il milyonlarla dollar vəsait ayrılır. Hesab olnur ki, Ermənistan kimi iqtisadi problemlərlə üzləşən ölkə üçün əlavə yük olduğunu iddia edir və prezident institutunun səmərəliliyini sual altına alır. Məqalədə daha sonra Nikol Paşinyanın hazırladığı yeni Konstitusiya layihəsi ilə bağlı ehtimallar irəli sürülür. İddiaya görə, Paşinyan prezident institutunu qəsdən passiv vəziyyətdə saxlayır ki, gələcək referendum zamanı bu institutun ləğvi və ya səlahiyyətlərinin daha da azaldılması ideyasını cəmiyyətə rahat təqdim edə bilsin.İddia olunur ki, prezident institutunun "bahalı və faydasız" olması barədə ictimai rəy formalaşdırılacaq və bunun fonunda Konstitusiyaya daxil ediləcək digər mühüm dəyişikliklər diqqətdən kənarda qalacaq.

Bəs, Xaçaturyandan sonra kim prezident ola bilər? Hələlik hakim "Vətəndaş Müqaviləsi" partiyası rəsmi namizəd açıqlamayıb. Erməni siyasi dairələrində mümkün namizədlər sırasında parlament sədri Alen Simonyan, Nazirlər Kabineti Aparatının rəhbəri Arayik Arutyunyan, xarici işlər naziri Ararat Mirzoyan kimi hakimiyyətə yaxın fiqurların adları zaman-zaman hallandırılır. Müxalifət düşərgəsində isə hələlik vahid namizəd formalaşmayıb.

Bəzi siyasi müşahidəçilər isə hesab edirlər ki, Paşinyan yeni Konstitusiya qəbul edilərsə, ümumiyyətlə prezident institutunun səlahiyyətlərini daha da məhdudlaşdıra və ya onun statusunda ciddi dəyişikliklər edə bilər. Bu səbəbdən növbəti prezident seçkisinin formatı və həmin postun gələcək rolu yeni Konstitusiyanın məzmunundan birbaşa asılı olacaq.

Musavat.com


Geri qayıt