Əsas Səhifə > Ana xəbər / Güney Press > YAP-da “kadr zəlzələsi” olacaq

YAP-da “kadr zəlzələsi” olacaq


Bu gün, 15:14

Hakim Yeni Azərbaycan Partiyasında (YAP) payız aylarında keçirilməsi gözlənilən qurultayla bağlı diqqətçəkən iddia səsləndirilib.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev partiyanın mətbuat orqanına verdiyi açıqlamada YAP-da genişmiqyaslı islahatların gündəmdə ola biləcəyini bildirib.

Deputatın sözlərinə görə, YAP üzvlərindən aldığı məlumata əsasən, partiyanın payızda keçirilməsi gözlənilən qurultayında yeni inkişaf strategiyasının elan olunacağı, həm struktur, həm də kadr sahəsində mühüm dəyişikliklərin həyata keçiriləcəyi istisna edilmir.

Qüdrət Həsənquliyev hesab edir ki, ölkədə islahatların dərinləşdirilməsi artıq zərurətə çevrilib və cəmiyyət tərəfindən də bu ehtiyac qəbul olunur.

“YAP üzvlərindən eşitdiyimə görə, onların payızda gözlənilən qurultayında yeni inkişaf strategiyası elan oluna, böyük islahatlara başlanıla və kadr islahatları həyata keçirilə bilər. Doğrusu, islahatlar həm də artıq hər kəsin qəbul etdiyi bir zərurətə çevrilib. Ölkəmizdə yaxşıya doğru dəyişikliklərin baş verəcəyinə inanıram”, – deyə deputat bildirib.

Hələlik YAP tərəfindən qurultayın gündəliyi və mümkün qərarlarla bağlı rəsmi açıqlama verilməyib. Bununla belə, siyasi dairələrdə partiyanın qarşıdakı mərhələdə yenilənmə prosesinə başlayacağı ilə bağlı müzakirələr davam edir.

YAP-ın payız qurultayında genişmiqyaslı islahatlar elan oluna bilərmi? Kadr dəyişiklikləri ölkənin siyasi və idarəetmə sisteminə hansı təsirləri göstərə bilər?

Hakim partiyanın Milli Məclis təmsilçilərindən olan Aydın Mirzəzadə həmkarının dediklərinə bu cür reaksiya verib:

“Partiyamızın fəaliyyəti hər zaman cəmiyyətin diqqətini cəlb edib. Ulu Öndərin adı ilə yaranan və bu gün cənab Prezidentin rəhbərliyi ilə fəaliyyət göstərən bu siyasi təşkilat cəmiyyətdə böyük nüfuza, ümumiyyətlə, bütün Azərbaycan coğrafiyasında geniş şəbəkəyə malikdir. Bütün seçkilərdən birmənalı olaraq qalib partiya kimi çıxması da onun seçicilər tərəfindən dəstəkləndiyini göstərir. Hakim partiya öz qurultayını müvafiq vaxta keçirəcək. Qəbul etdiyi qərarlar isə günün tələblərinə və partiyanın fəaliyyətinin daha yaxşı olmasına yönəlir”.

Musavat.com


Geri qayıt