Əsas Səhifə > Ana xəbər / Güney Press > Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı

Merzdən İrəvana çağırış: Paşinyan üçün növbəti ev tapşırığı


Bu gün, 14:46

Almaniya kansleri Fridrix Merz Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. Tərəflər Ukrayna və Yaxın Şərqdəki vəziyyəti, eləcə də Ermənistanla Azərbaycan arasındakı sülh prosesini müzakirə ediblər.
Merz Ermənistanla Azərbaycan arasında sülh prosesində əlavə addımlar atılmasına çağırış edib və bunun regional sabitlik üçün əhəmiyyətini vurğulayıb.
Görəsən, Almaniya kansleri sülh prosesində əlavə addımlar dedikdə nələri nəzərdə tutub?
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, sülh prosesində əlavə addımların atılmasını Azərbaycan da gözləyir:
“Həmin əlavə addımlar da bəllidir. Bakı Azərbaycanla Naxçıvan arasında təhlükəsiz əlaqənin yaradılmasını istəyir. Digər tərəfdən, Ermənistanın konstitusiya və digər normativ hüquqi aktlarında yer alan Azərbaycana qarşı ərazi iddiaları götürülməlidir. Hətta keçən ilin avqustunda Vaşinqtonda da bunu Paşinyana ev tapşırığı olaraq tapşırıblar”.
Müsahibimizin sözlərinə görə, Berlinin prosesdə yer alması artıq vəziyyətin dəyişdiyini göstərir:
“Avropa İttifaqında əsas söz sahibləri olan Fransa ilə Almaniya arasında xarici siyasətə aid bölgü var. Yəni bu və ya digər mövzuları onlar öz aralarında bölməklə fəaliyyət göstərirlər. Uzun müddət bu məsələdə Fransa Avropa İttifaqının siyasətini, əslində isə ermənipərəst siyasəti həyata keçirirdi. İndi məsələnin Almaniyaya transfer olunması onu göstərir ki, artıq vəziyyət dəyişməkdədir. Nə dərəcədə dəyişəcəyini isə gözləyək”.

Geri qayıt