Əsas Səhifə > Ana xəbər / Güney Press > İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək?
İcra hakimiyyətlərinin taleyi müzakirə olunur: Səlahiyyətlər Milli Məclisə veriləcək?Bu gün, 12:24 |
|
Azərbaycanda dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı müzakirələr fonunda yerli icra hakimiyyətlərinin fəaliyyəti yenidən gündəmə gəlib. Bəzi təkliflərdə bu institutun ləğv edilərək səlahiyyətlərinin Milli Məclisə verilməsi irəli sürülür. Görəsən, belə bir dəyişiklik hüquqi və idarəetmə baxımından nə dərəcədə mümkündür? Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, ölkədə icra hakimiyyətlərinin fəaliyyətində uzun illərdir ciddi narazılıqlar mövcuddur və bu səbəbdən institutun ləğvi barədə təkliflər zaman-zaman gündəmə gəlir.
“Ümumilikdə ölkədə icra hakimiyyətlərinin fəaliyyəti qənaətbəxş deyil. Bu səbəbdən də vaxtaşırı həmin institutun ləğvi ilə bağlı fikirlər səsləndirilir. Hesab edirəm ki, icra hakimiyyətləri qalmalıdır. Ancaq onların fəaliyyətində müsbət dəyişikliklərin həyata keçirilməsi vacibdir”.
“Bunlar tamamilə fərqli sahələrdir. Milli Məclis qanunverici orqandır, icra hakimiyyətləri isə icraedici funksiyanı yerinə yetirir. Buna görə də icra hakimiyyətlərinin səlahiyyətlərinin Milli Məclisə verilməsi bir qədər qəribə və inandırıcı görünmür”.
“İstənilən halda icra hakimiyyətlərinin fəaliyyətində ciddi dəyişikliklərə ehtiyac var. Zaman keçdikcə onların işi ilə bağlı sərt tənqidlər daha tez-tez səslənir. Eyni zamanda belə təkliflər də var ki, regional idarəetmə modeli yaradılsın. Bir-birinə yaxın yerləşən rayonların vahid regional idarəetmə altında birləşdirilməsi mümkündür. Belə bir model tətbiq oluna bilər. Lakin bu səlahiyyətlərin Milli Məclis tərəfindən həyata keçirilməsi real və inandırıcı görünmür”. Geri qayıt |