Əsas Səhifə > Ana xəbər / Güney Press > “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!”
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!”Dünən, 15:49 |
|
İtkin düşmüş Ermənistan hərbçilərinin yaxınları hökumət binasının qarşısına toplaşaraq doğmalarının taleyi ilə bağlı konkret məlumat verilməsini tələb ediblər. Bu barədə Musavat.com Ermənistan KİV-lərinə istinadən məlumat yayıb. Bildirilir ki, itkin düşmüş hərbçilərdən birinin əmisi Arsen Qukasyan 1990-cı illərdən etibarən azərbaycanlıların dəfn yerləri barədə məlumata malik şəxslərin onların təşəbbüs qrupu ilə əlaqə saxlayaraq vahid məlumat bazasının yaradılmasına kömək edə biləcəyini deyib. Onun sözlərinə görə, onlar danışıqlar aparmaq üçün ağ bayraqla Həkəri çayına gəlməyə və eyni taleyi yaşayan azərbaycanlılarla əlaqə yaratmağa hazırdırlar: “Biz itkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək üçün bir-birimizə kömək etmək istəyirik. Artıq nə hökumətə, nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya ümid edirik. Bütün ümidimiz özümüzədir. Mümkün olan bütün vasitələrdən istifadə etməliyik”. Müstəqil Jurnalistlərə Hüquqi və Texniki Yardım İctimai Birliyinin sədri, əslən Qarabağdan olan Asəf Quliyev Sherg.az-a açıqlamasında bildirib ki, bu, həm Azərbaycan, həm də Ermənistan üçün olduqca ağrılı məsələdir: “İtkin düşmüş şəxslərlə bağlı hər iki dövlətin müvafiq qurumları fəaliyyət göstərir. Əminliklə deyə bilərəm ki, Azərbaycanda bu sahə üzrə Dövlət Komissiyasının fəaliyyəti yüksək səviyyədə təşkil olunub. Ermənistan vətəndaşları Azərbaycan dövlətinə müraciət edəcəkləri təqdirdə, komissiya əlində olan məlumatları onlarla bölüşəcək. Erməni hərbçilərinin aşkarlanmış cəsədlərinin Ermənistan tərəfinə təhvil verildiyinin dəfələrlə şahidi olmuşuq. Bundan sonra da hər hansı məlumat əldə edilərsə, tərəflə paylaşılacaq. Azərbaycan dövləti humanist yanaşmaya hər zaman önəm verir. İtkin düşmüş, əsir və girov götürülmüş azərbaycanlılarla bağlı müəmmalı vəziyyət isə hələ də davam edir. Azərbaycanda təxminən 4 min nəfərin itkin düşməsi ilə bağlı məlumat var. Qarabağ azad edildikdən sonra onların bir qisminin cəsədləri kütləvi məzarlıqlarda aşkarlanıb. Bu proses hazırda da davam edir. Taleyi naməlum qalan çoxsaylı insanlarımız var. Qarabağda məskunlaşma genişləndikcə yeni kütləvi məzarlıqların aşkarlanması da istisna deyil. Lakin Ermənistan tərəfinin bu məsələdə fəaliyyəti qənaətbəxş deyil. Onlar hələ də kütləvi məzarlıqların yerləri barədə Azərbaycan tərəfinə məlumat vermirlər. Çünki anlayırlar ki, belə məlumatların açıqlanması törədilmiş müharibə cinayətlərinin etirafı deməkdir. Əslində bu cinayətlərin mövcudluğu məlumdur, sadəcə qarşı tərəf bunu rəsmən etiraf etmək istəmir. Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlərimiz zamanı da bu məsələ müzakirə olunub. Vətəndaş cəmiyyəti qruplarının yaradılması müsbət addımdır. Ancaq dövlət dəstəyi və siyasi iradə olmadan nəticə əldə etmək çətindir. Azərbaycan tərəfində siyasi iradə mövcuddur, Dövlət Komissiyası fəaliyyət göstərir, tapılmış erməni hərbçilərinin cəsədləri qarşı tərəfə təhvil verilib. Ermənistan isə eyni yanaşmanı nümayiş etdirmir”. A.Quliyev bildirib ki, bir neçə il əvvəl kütləvi məzarlıqlarla bağlı hesabat hazırlayarkən erməni mənbələri ilə əlaqə saxlayaraq Azərbaycanın Milli Qəhrəmanı, Silahlı Qüvvələrin ilk hərbi pilotu Vaqif Qurbanovun harada dəfn olunduğunu öyrənməyə çalışıblar: “Lakin qarşı tərəf bununla bağlı heç bir məlumat vermədi. Harada dəfn edildiyini, məzarın yerini və koordinatlarını açıqlamadılar. Yəqin ki, bu məlumat onlarda var idi, sadəcə paylaşmaq istəmədilər. Hazırda Ermənistanda siyasi müstəvidə gərginlik hökm sürdüyündən, müharibə cinayətlərində iştirak etmiş şəxslər belə məlumatların açıqlanmasına mane olurlar. Çünki bu, onların törətdikləri cinayətlərin üzə çıxmasına səbəb ola bilər”. A.Quliyev qeyd edib ki, Ermənistan vətəndaşları itkin düşmüş yaxınlarını daha çox Ermənistan ərazisində axtarmalıdırlar: “Müharibə zamanı həlak olmuş hərbçilərdən bəziləri Ermənistan ərazisində dəfn edilmiş ola bilər. Azərbaycan tərəfinin gizlədəcəyi hər hansı fakt yoxdur. Ermənistan vətəndaşları itkinlərinin taleyi və dəfn olunduqları yerlərlə bağlı məlumatı ilk növbədə öz hakimiyyətlərindən tələb etməlidirlər”. Geri qayıt |