Əsas Səhifə > Ana xəbər / Güney Press > 2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə...
2300 manatlıq divar kağızı qalmaqalı: Müştəri şikayət etdi, mağaza isə...Dünən, 16:56 |
|
Redaksiyamıza vətəndaş Zamirə Dadaşovanın "İtaliano Parati" mağazası ilə bağlı şikayəti daxil olub. Müraciətdə o, mağaza tərəfindən ona keyfiyyətsiz məhsul satıldığını, verilən öhdəliklərin yerinə yetirilmədiyini və nəticədə maddi ziyana məruz qaldığını iddia edir. Şikayətçi bildirir ki, yaranmış problemlə bağlı dəfələrlə mağaza ilə əlaqə saxlamasına baxmayaraq, məsələ öz həllini tapmayıb. Moderator.az jurnalistikanın balans və obyektivlik prinsipini əsas tutaraq məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənib. Aşağıda həm Zamirə Dadaşovanın iddialarını, həm də "İtaliano Parati" mağazasının təqdim etdiyi açıqlamanı olduğu kimi təqdim edirik. Moderator.az İnformasiya Agentliyinə ƏRİZƏ Mən, Dadaşova Zamirə Sabir qızı, yazıb diqqətinizə çatdırmaq istəyirəm ki, Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən "İtaliano Parati" mağazasından ümumi dəyəri 2300 manat olan divar kağızları (aboy) almışam. Divar kağızlarının bir hissəsini 22 may, digər hissəsini isə 3 iyul tarixində almışam. Hər iki ödənişi nağd şəkildə etmişəm. Buna baxmayaraq, mənə heç bir rəsmi kassa çeki təqdim edilməyib, yalnız qaimə verilib. Məhsulları Vasif adlı satıcıdan almışam. Satıcı mənə divar kağızlarının xarici istehsal olduğunu, hazırda endirimlə satıldığını və keyfiyyətinə tam zəmanət verildiyini bildirmişdi.
Ramin adlı mütəxəssis gəlib baxış keçirdi və divarlarda heç bir problem olmadığını, problemin məhz divar kağızından qaynaqlandığını bildirdi. O, bu barədə mağaza rəhbərliyinə məlumat veriləcəyini dedi. Sonradan mənə bildirildi ki, "İtaliano Parati" mağazası dəymiş zərəri qarşılayacaq, öz ustalarını göndərərək problemli divar kağızlarını yenisi ilə əvəz edəcək. Bu barədə təqdim edə biləcəyim səsli mesajlar da mövcuddur. Lakin 16 iyul 2026-cı il tarixində mağazanın göndərdiyi ustalar mənim evimə gələrək əvvəlki ustalar tərəfindən vurulmuş divar kağızlarını sökdülər. Söküntü başa çatdıqdan sonra isə bildirdilər ki, divar kağızlarını yenisi ilə əvəz etməyəcəklər. Mən buna etiraz edərək soruşdum ki, əgər divar kağızlarını dəyişmək niyyətiniz yox idisə, ustalarınız mənim evimdə nə üçün söküntü işləri aparıblar? Əgər problem mənim ustalarımdadırsa, bunu əvvəldən niyə bildirməmisiniz? Bəlkə mən həmin qara ləkəli divar kağızları ilə yaşamağa razı olardım? Mən onlara açıq şəkildə dedim: "Mənim pul verib aldığım aboyu sizin ustalarınız hansı ixtiyarla cırıb yerə tökürlər? Əgər dəyişməyəcəkdinizsə, buna hansı əsasla müdaxilə etmisiniz?" Lakin iradlarıma məhəl qoyulmadı. Özünü mağaza müdirinin oğlu kimi təqdim edən Həmid adlı şəxs "Gedib kimə istəyirsiniz şikayət edin" deyərək mənzili tərk etdi. Onlarla birlikdə gələn mütəxəssis də son dərəcə kobud davranır, əvvəl dediyi sözləri inkar edir və etikadan kənar münasibət nümayiş etdirirdi. Həmid adlı şəxs də əvvəl verdiyi vədləri danaraq açıq şəkildə "Nə istəyirsiniz edin, biz bu mənzilin divar kağızını vurmayacağıq" dedi. Hesab edirəm ki, "İtaliano Parati" mağazası istehlakçı hüquqlarını kobud şəkildə pozmuş, məni aldatmış, keyfiyyətsiz məhsul satmış, verdiyi öhdəlikləri yerinə yetirməmiş, üstəlik nağd ödənişə görə kassa çeki təqdim etməyərək qanunvericiliyin tələblərini pozmuşdur. Bununla bağlı Moderator.az İnformasiya Agentliyindən xahiş edirəm ki, baş vermiş hadisəni işıqlandırsın və ictimaiyyətin diqqətinə çatdırsın. Hesab edirəm ki, bu məsələnin ictimailəşdirilməsi həm mənim üzləşdiyim problemin obyektiv araşdırılmasına, həm də digər vətəndaşların oxşar hallarla qarşılaşmasının qarşısının alınmasına xidmət edəcək. Moderator.az olaraq, məsələ ilə bağlı "İtaliano Parati" mağazası ilə əlaqə saxladıq. Mağaza tərəfindən redaksiyamıza təqdim olunan açıqlamanı olduğu kimi təqdim edirik: "Sizin Bizim mağazadan aldığınız divar kağızlarının guya keyfiyyətsiz olması və Bizim sonradan bu divar kağızlarını yenisi ilə əvəz etməkdən imtina etməyimiz və sair barədə qərəzli və həqiqətə uyğun olmayan məlumatınızla bağlı aşağıdakıları insanların nəzərinə çatdırmaq istərdim: Siz Bizim mağazadan “Mister Dekor” şirkətinə məxsus “329922” kodlu (seriyalı) divar kağızı əldə etmisiniz. Həmin divar kağızlarını əldə edərkən Sizə onun istehsal yeri və digər xüsusiyyətləri barədə geniş məlumat verilmiş, eləcə də bu barədə divar kağızlarının üzərində açıq şəkildə qeyd olunmuşdur. Həmin divar kağızı cənab Prezidentimiz İlham Əliyev tərəfindən açılışı edilmiş, 44 günlük müharibə nəticəsində düşmən tapdağından azad olunmuş Ağdam şəhərində fəaliyyət göstərən “Mister Dekor” zavodunda istehsal edilmişdir. Başqa sözlə, Biz satıcı olaraq Azərbaycanda istehsal olunan bu divar kağızlarını qürurla müştərilərə təqdim edirik və onu xaricdə istehsal olunan analoqlarından daha keyfiyyətli hesab edirik. Həmin divar kağızlarının keyfiyyəti ilə bağlı müvafiq sertifikatın surətini də əlavə etməklə bildiririk ki, bu zavodun istehsalı olan divar kağızları artıq bir ildən çoxdur ki, müştərilərə təqdim olunur və kağızlar barədə Bizə heç bir şikayət və narazılıq daxil olmamış, eləcə də başqa satıcılara bu tip müraciətlərin daxil olması barədə məlumat da eşitməmişik. O ki qaldı Sizin Bizdən aldığınız divar kağızlarının sonradan keyfiyyətini itirməsi ilə bağlı iddialarınıza münasibətdə bildirmək istərdik ki, Sizin tərəfinizdən Bizə təmir olunan 4 otaqlı mənzilin 3 otağına və dəhlizə vurulmuş divar kağızlarının sonradan kiflənməsi barədə məlumat daxil olan kimi Sizin evinizdə kağızlara baxış keçirdik. Sizin özünüzün və orada təmir aparan fiziki şəxslərin (onların ixtisaslı kadr olmaları, rəsmi işləyən olmaları şübhə doğurur) iştirakı ilə aparılan araşdırma zamanı divar kağızlarının vurulması zamanı havalandırmanın lazımi qaydada təmin edilməməsi və bunun nəticəsində su ilə yapışdırıcı qarışığının divar tərəfindən tam mənimsənilməməsi nəticəsində kağızlarda ləkələrin yaranması müəyyən edilərək Sizin diqqətinizə çatdırılmışdır. Bundan sonra, “Sizin prorab” kimi təqdim olunan şəxs təklif etmişdir ki, qonşuluqda yerləşən digər mənzilə alınmış Çin istehsalı olan divar kağızlarını dəhlizə vuraq. Əgər yenə kiflənib keyfiyyətini itirərsə, deməli, divarlar kağız vurulması üçün hazır vəziyyətə gətirilməmişdir və nöqsan təmir aparan şəxslərdə və divarlardadır. Bizim mütəxəssislər bir daha Sizə və Sizin işçilərinizə izah etmişlər ki, Sizin mənzilinizin dəhlizinin divarları da tam qurumamış olduğundan və lazımi havalandırma olmadığından divar kağızlarının ora vurulmasının heç bir əhəmiyyəti yoxdur, bu divar kağızları da qonaq otağında olduğu kimi sonradan kiflənə bilər. Lakin Sizlər təmir aparan işçilərin sözlərini əsas tutaraq mənzilin dəhlizinə Çin istehsalı olan divar kağızlarını vurdurmuşsunuz. Daha sonra Biz müştəri məmnuniyyəti əldə etmək məqsədilə öz ustalarımızı mənzilə apararaq ləkələr əmələ gəlmiş otaqlardakı divar kağızlarının bir hissəsini sökdükdən sonra bir daha əmin olmuşuq ki, divarların lazımi qaydada qurudulmaması və divar kağızları vurulan zaman və ondan sonra lazımi havalandırmanın təmin edilməməsi nəticəsində kağızların altında kif əmələ gəlmişdir. Eyni zamanda, bizim mütəxəssislərin proqnozlaşdırdığı kimi, mənzilin dəhlizinə də vurulmuş Çin istehsalı olan divar kağızlarında sonradan ləkələr əmələ gəlmişdir. Belə olan halda, Bizim mütəxəssis və ustalarımız qalan otaqlara vurulmuş kağızların sökülməsini dayandıraraq yaranmış bu vəziyyəti onların diqqətinə çatdırmışdır. Buna baxmayaraq, qeyri-obyektivlik göstərərək Siz divarların tam qurumamış olmasına və vurulan divar kağızlarının sonradan tələb olunan qurudulma texnologiyalarına əməl edilməməsinə baxmayaraq, əsassız olaraq satdığımız divar kağızının keyfiyyətsiz olması barədə iddialar irəli sürməkdə davam elədiniz. Bu azmış kimi, mənzildə yaranmış vəziyyətə kömək üçün gəlmiş Bizim 5 nəfər mütəxəssisimizə qarşı Azərbaycan qadınına yaraşmayan tərzdə, yüksək səslə danışaraq və nalayiq ifadələr işlətməklə onları mənzildən qovdunuz. Buna baxmayaraq, Sizin adınızdan işçiləriniz dünən Bizimlə əlaqə yaradaraq istifadə olunmamış divar kağızlarını qaytarmaq istədiklərini bildirdilər və Biz də bu kağızları qaytarmağa hazır olduğumuzu bildirdik. Bir daha qeyd etməyi zəruri hesab edirik ki, Sizin aldığınız divar kağızları ilə bağlı yaranmış vəziyyət divar kağızlarının keyfiyyətsizliyi ilə bağlı deyil, divar kağızlarının vurulması texnologiyalarına düzgün əməl edilməməsi nəticəsində yaranmışdır. Bu faktı Sizin və işçilərinizin iştirakı ilə mənzilə baxış keçirməsi üçün tərəfimizdən dəvət edilmiş divar kağızlarının istehsalçısı “Mister Dekor” MMC-nin mütəxəssisləri də bildirmişlər. Yaranmış bu vəziyyətin həqiqətə uyğun olmayan yalan məlumatlarla ictimailəşdirilməsi düzgün olmayan bir addımdır. Çünki Biz uzun illərdir bu sahədə fəaliyyət göstəririk, özümüzə məxsus işgüzar nüfuzumuz vardır və hər zaman fəaliyyətimiz ictimaiyyət üçün açıq olmuşdur. Öz növbəsində xəbərdar etmək istərdik ki, Bizim işgüzar nüfuzumuza xələl gətirə biləcək istənilən həqiqətə uyğun olmayan məlumatın yayılmasına qarşı Biz qanunla müəyyən olunmuş qaydada tədbirlərin görülməsini, o cümlədən məhkəməyə müraciət edilməsini təmin edəcəyik. Geri qayıt |