Əsas Səhifə > Ana xəbər / Güney Press > “Nəzarət edə bilməmişəm”

“Nəzarət edə bilməmişəm”


Dünən, 14:44

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin 10 gün əvvəl həbs edilən sabiq rəisi Mehdi Əmrahovun məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən əsas iclasda prokuror ittihamı oxuyub.

Mehdi Əmrahov illər ərzində 783 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilərək cinayət məsuliyyətinə cəlb edilib. Bu pullar əsasən işə gəlməyən şəxslərin adına yazılan əmək haqlarının ələ keçirilməsi, şirkətlərlə bağlanılan müqavilər üzrə köçürülən pullardan kəsintilər və başqa yollarla mənimsənilib.

Bu əməllərinə görə ona Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 309.2-ci (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Həmin puldan yalnız 113 min manat geri ödənilib. Səhiyyə Nazirliyi qalan 670 min manat ziyanın ödənilməsi üçün məhkəməyə mülki iddia təqdim edib.

Məhkəməyə sədrlik edən hakim Neymət Məmmədov müttəhimin nəzərinə çatdırıb ki, ona verilmiş ittiham sübuta yetirilərsə, 10 ildən artıq azadlıqdan məhrum edilə bilər.

Əmrahov ittihama münasibətdə özünü təqsirli bilməyib. O, sadəcə rəhbərlik etdiyi idarəyə yaxşı nəzarət etmədiyi üçün özünü günahkar sayıb: “Kifayət qədər nəzarət edə bilməmişəm. Ona görə ancaq özümü təqsirli sayıram. Vəssalam”.

Proses avqustun 3-ü davam edəcək.

Qeyd edək ki, M.Əmrahov ibtidai istintaq boyu azadlıqda olub. Lakin ilk məhkəmə iclasında dövlətə dəymiş ziyanın hələ də ödənilmədiyi müəyyən edildikdən sonra hakim öz təşəbbüsü ilə onun dərhal həbs edilməsinə qərar verib.


Geri qayıt