Əsas Səhifə > Ana xəbər / Güney Press > Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır...

Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır...


Dünən, 07:24

Avropalı alimlərin maraqlı bir araşdırması çıxdı qarşıma...
Araşdırmaya görə, iqtisadi cəhətdən zəifləyən və ya tənəzzül yaşayan ölkələrdə ən sürətlə böyüyən sahələrdən biri kafe-restoranlar, çayxanalar və kiçik fastfud məntəqələridir.
Alimlərə görə insanlar qazandıqları pulla ev almağın və ya böyük investisiyalar etməyin əlçatmaz olduğunu gördükcə, gələcəyə ümidləri azalır.
Buna görə də məhdud büdcələrini onlara ani məmnunluq verən kiçik zövqlərə, bir fincan qəhvəyə, pivəyə, çaya və ya dönərə xərcləyirlər. Kafelər həm də nisbətən ucuz qiymətə sosiallaşmaq, dostlarla görüşmək və özü kimi maddi çətinlik yaşayan insanlarla dərdləşmək üçün bir məkana çevrilir.
Bu sektora tələbat artdıqca kuryer, barmen və ofisiant kimi aşağı maaşlı, qeyri-sabit iş yerlərinin sayı da artır. Bu isə iqtisadiyyatın zahirdə canlı, daxilən zəif və kövrək olduğunu göstərir.
Araşdırmada nümunə kimi Yunanıstan göstərilir. Müsahibələrdə yaşlı yunanların "Hamı acam, maaşım çatmır deyir, amma baxırsan ki, kafelər və restoranlar gənclərlə doludur" dedikləri vurğulanır.
Bununla bildirilir ki, kiçik lükslərlə təsəlli tapmaq fenomeni oxşar iqtisadi problemlər yaşayan bir çox ölkədə müşahidə olunur.
Oxuyanda ilk ağlıma Azərbaycan gəldi. Bizdə də iqtisadiyyatdan söhbət düşən kimi mütləq kimsə "kafe və restoranlar doludur" arqumentini gətirir.
Müəllif: Orxan Atabəy - Mənbə: "DİA-AZ"

Geri qayıt