Əsas Səhifə > Ana xəbər / Güney Press > "Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin..."
"Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin..."Dünən, 07:05 |
|
Hörmətli dostumuz Mirşahin Ağayevə görə ; "Televizora baxmamaq tərbiyəsizlik və mədəniyyətsizlik kimi başa düşülməlidir. Evdəkiləri məcbur etmək lazımdır ki, mütləq televizora baxsınlar. Çünki televiziya milli mentalitetimizin tərkib hissəsidir" və s.
Əlbəttə, Azərbaycan tamaşaçısı TV proqramlarını izləməyəcək qədər "tərbiyəsiz və mədəniyyətsiz" də deyil. Bizim tamaşaçı əsasən Türkiyə və Rusiya kanallarını, YouTube layihələrini izləyir, bəzən gic-gic blogerlərə də baxır, sosial şəbəkələrdə vaxt keçirir, "söyüş müxalifəti" adlandırılan Avropadakı kanalları da izləyir. Amma , hörmətli Mirşahin Ağayevin də dediyi kimi , bizim bu söz eşitməz tamaşacı bircə Azərbaycanın rəsmi xəbər və siyasət proqramlarını, yerli kanallarını izləmək istəmir.
Yaxşı, Azərbaycan vətəndaşları hakimiyyətə yaxın xəbər və siyasət proqramlarını, rəsmi kanalları niyə izləmir? Bu tamaşacının qarnının dərdi nədir? Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin?
Halbuki eyni vətəndaşlar bir zamanlar elə Mirşahin Ağayevin də rəhbərlik etdiyi və böyük əmək verdiyi ANS-in "İç xəbər", "Xəbərçi", "Nəzər nöqtəsi", "Hesabat" kimi proqramlarını izləməyəcək qədər "mədəniyyətsiz" və tərbiyəsiz deyildilər. ANS də gedən alternativ fikirlər, canlı debatlar və ictimai müzakirələr cəmiyyətin maariflənməsinə, inkişafına, ayaqda qalmasına xidmət edirdi. ANS iqtidar, müxalifət və cəmiyyət arasında bir dialoq platforması idi. Ölkə insanı operativ, qərəzsiz və ilk xəbəri məhz ANS-dən alırdı. Bütün məmur ordusu da bilirdi ki, mərhum Heydər Əliyev ANS-də gedən hər bir xəbəri və qaldırılan problemi diqqətlə izləyir.
Hind filosofu Taqor deyirdi: "Kiçik həqiqətlər üçün aydın sözlər, böyük həqiqətlər üçün böyük sükut var". Azərbaycan cəmiyyəti özünü yuxuluğa vura, lal, kor və kar görünə bilər, amma qətiyyən yatmış və cahil deyil. Həzrət Əlinin Xəlifə Osmana nəsihətində dediyi kimi: "Nəyi mən bilirəm, sən bilmirsən? Nəyi sən bilirsən ki, cəmiyyət bilmir?"
Mirşahin bir zamanlar sözdən "xalça toxuyurdu", millət də onu heyranlıqla dinləyirdi. Bu gün isə o, yalandan divara quru palçıq vurur, o palçıq da qayıdıb elə öz üstünə tökülür.
Avropada, bir qədər kobud səslənsə də, mətbuatı zamanında "cəmiyyətin keşikçi köpəkləri" (watchdog) adlandırırdılar. Bu mənada mətbuatın vəzifəsi rüşvətxorluğu, oğurluğu, haqsızlığı və ədalətsizliyi vaxtında görüb, araşdırıb, cəmiyyəti xəbərdar etməkdir. Vətəndaşın "baxmıram" dediyi indiki Azərbaycan televiziyaları isə əksinə, problemlərin üstünü malalamaqla və yaltaqlıqla məşğuldursa tamaşacı o Tv lərə niyə etimad göstərməlidir və baxmalıdır. ?
Taqora görə: "Hökmdarlıq öz qurbanlarının əzabdan qıvrılmasını naşükürlük sanır". Hörmətli Mirşahin Ağayev hökumətdən də daha kəskin formada istənilən narazılığı, etirazı, sualı — "əzabdan qıvrılmanı" naşükürlük sayanda həm söz, həm də şəxsiyyət dəyərdən düşür.
İnsanın çəkisi həqiqətin yanında duranda ağır olur. Müəllif proqramlarının reytinqi və təsiri aparıcının şəxsiyyətinə, onun çatdırdığı həqiqətə bağlıdır. Azərbaycan cəmiyyəti isə heç vaxt bugünkü qədər şəxsiyyət yoxluğu yaşamayıb. Halbu ki, cəmiyyəti irəli şəxsi nümunələr aparır. Şəxsiyyətlərin olmadığı cəmiyyət yelkənsiz qayıq kimidir.
Rəqib sənə o vaxt qalib gəlir ki, səni özünə oxşadır. Avropadakı "söyüş müxalifəti"ni tənqid edən Mirşahinin özünün son illərdəki əksər çıxışlarının ana sütununun elə söyüş, kin və qəzəbdən ibarət olduğunu görmək çox məyusedicidir.
Yeri gəlmişkən onu da deyim ki, çoxları baxmıram desədə , məmurların özləridə də mövcud yerli xəbər və siyasət proqramlarından daha cox , kənar kanalları izləyirlər.
Əziz dost , " tərbiyəsizlik " kimi görünsədə, ehtiraf edirəm ki, uzun illərdi , mən də hec yerli kanalları izləmirəm.
Müəllif: Şahin Nəcəfov - Mənbə: "DİA-AZ"
Geri qayıt |