Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan "boz kardinal"la yollarını ayırır

Paşinyan "boz kardinal"la yollarını ayırır


Bu gün, 10:57

Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərin nəticələrindən sonra hakim "Vətəndaş Müqaviləsi" partiyasında genişmiqyaslı kadr dəyişikliklərini davam etdirmək niyyətindədir. Musavat.com erməni nəşrlərinə istadla bildirir ki, Ermənistan mətbuatının və hakim partiyadakı mənbələrin yaydığı məlumatlara görə, Paşinyan ilk növbədə uzun illər ən yaxın silahdaşları hesab olunan şəxsləri hədəfə alıb.

Məlumdur ki, ilk "qurban" parlamentin sədri Alen Simonyan olub. Seçki kampaniyası boyunca Paşinyanı bütün səfərlərində müşayiət edən, onunla birlikdə bölgələri gəzən, hakimiyyətin təbliğatının əsas simalarından biri kimi çıxış edən Simonyan müxalifətə qarşı ən sərt ritorikanı məhz baş nazirin siyasi xətti çərçivəsində həyata keçirirdi. Lakin görünür, seçki nəticələri Paşinyanın öz komandasına münasibətini dəyişib. Növbəti hədəfin isə Nazirlər Kabineti Aparatının rəhbəri Araik Arutyunyan olacağı bildirilir. Ermənistan hakimiyyətində uzun illər Paşinyanın ən yaxın adamlarından biri hesab olunan Arutyunyan dövlət idarəçiliyində və hakim partiyanın daxili fəaliyyətində əsas fiqurlardan biri kimi tanınırdı. Bir çox siyasi müşahidəçilər onu Paşinyanın "boz kardinalı" adlandırırdı.Uzun illər müxalifətdə Nikol Paşinyanla birlikdə fəaliyyət göstərib və 2018-ci il "Məxməri inqilabı"nın əsas təşkilatçılarından biri olub.2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra Araik Arutyunyan əvvəlcə təhsil, elm, mədəniyyət və idman naziri təyin edildi. Daha sonra Baş nazir Aparatının rəhbəri vəzifəsinə gətirildi və faktiki olaraq hökumətin koordinasiya mərkəzinə çevrildi.Araik Arutyunyan mediada çox görünməsə də, Ermənistan hakimiyyətində bir çox mühüm qərarların hazırlanmasında iştirak etdiyi iddia olunur. Siyasi müşahidəçilərin fikrincə, Araik Arutyunyanın mümkün vəzifə dəyişikliyi təkcə kadr rotasiyası deyil, həm də Paşinyanın hakim komandasında nüfuz balansının yenidən formalaşdırılması cəhdi kimi qiymətləndirilir.

Məlumatlara görə, Paşinyan Arutyunyanı NK Aparatının rəhbəri vəzifəsindən uzaqlaşdıraraq parlümentdə sıravi deputat kimi fəaliyyət göstərməsini planlaşdırır. Bu, əvvəllər Arsen Torosyanla bağlı tətbiq olunan ssenarinin təkrarı kimi qiymətləndirilir. Erməni mətbuatının yazdığına görə, bu qərarın əsas səbəbi seçkilərin nəticələri deyil, Paşinyanın yaxın çevrəsinə olan etimadını itirməsidir. İddialara əsasən, Araik Arutyunyan baş naziri inandırmağa çalışıb ki, hakim partiya seçkilərdə təxminən 65 faiz səs toplayacaq və qələbə faktiki olaraq təmin olunub. Lakin nəticələr bu proqnozları doğrultmayıb və Paşinyanın yaxın komandasına münasibətində ciddi dəyişiklik yaradıb.

Bununla yanaşı, Arutyunyanın özünün də sıravi deputat mandatı ilə kifayətlənmək niyyətində olmadığı bildirilir. Mənbələrin məlumatına görə, o, hazırda rəhbərlik etdiyi Ermənistan Ağır Atletika Federasiyasındakı fəaliyyətini daha yüksək idman-siyasi vəzifə ilə davam etdirmək istəyir və gələcək planlarını Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti postu ilə əlaqələndirir. Hazırda bu vəzifəni 2004-cü ildən etibarən "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan tutur. Ermənistan mediası yazır ki, Paşinyan Tsarukyanın ölkənin idman sistemindəki təsirini zəiflətmək və onu bu postdan uzaqlaşdırmaq niyyətindədir. Bununla belə, hökumətin əsas tərkibində ciddi dəyişikliklər gözlənilmir. Baş nazir Nikol Paşinyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, baş nazir müavinləri və nazirlər səviyyəsində kadr dəyişikliklərinə ehtiyac görmür. "Baş nazir müavinləri və nazirlər səviyyəsində dəyişiklik zərurəti görmürəm. Hesab edirəm ki, müəyyən kadr dəyişiklikləri icra hakimiyyətinin digər pillələrində baş verəcək", – deyə Paşinyan bildirib.

Beləliklə, Ermənistan hakimiyyətində diqqət artıq nazirlərə deyil, Paşinyanın ən yaxın çevrəsinə yönəlib. Siyasi müşahidəçilər hesab edirlər ki, baş nazir seçkilərdən sonra hakim komanda daxilində məsuliyyət bölgüsü aparmağa və zəifləyən siyasi mövqelərini daxili kadr dəyişiklikləri hesabına möhkəmləndirməyə çalışır. Bu isə "Vətəndaş Müqaviləsi" daxilində etimad böhranının dərinləşdiyini və qarşıdakı aylarda yeni istefaların gündəmə gələ biləcəyini göstərir.

Musavat.com


Geri qayıt