|

“Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək. Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq”.
Bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında qeyd edib.
“Biz toqquşmaya getmək istəmirik, xüsusən də nəinki Avropa Şurası Parlament Assambleyasına gəldikdə, o cümlədən Avropa Parlamentini götürsək. Yenə də deyirəm, onlar bizə qarşı belə əsassız addımlar atırlar. Onlar Azərbaycana bu qədər xüsusi bir qərəzlə yanaşırlar. Bu, onların hücumlarıdır və onların hamısı əsassızdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkə başçısının bu fikirləri bir daha sübut etdi ki, AŞPA-nın subyektiv və qərəzli yanaşması səbəbilə Azərbaycanla qurum arasında gərginlik pik həddə çatıb.
AŞPA siyasi dialoq platformasıdır, yoxsa qərəz tribunası?
Azərbaycan müstəqilliyinin ilk illərindən Avropa Şurası Parlament Assambleyası (AŞPA) əməkdaşlıq edib. 2000-ci ilin əvvəllərindən isə Azərbaycan qurumun tamhüquqlu üzvü olub.
Çox təəssüf ki, ötən illərə dönüb baxarkən AŞPA-nın Azərbaycana qarşı hər hansı bir ədalətli qərarını və yaxud obyektiv qərarını xatırlamırıq. Təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqedən çıxış edib.
Maraqlıdır ki, qurumun daha bir üzvü - Ermənistan 30 il Azərbaycan torpaqlarını işğal altında saxlasa da, AŞPA bu problemin həlli üçün heç bir qətiyyət göstərməyib. Əksinə, əksər hallarda ermənipərəst mövqedən çıxış ediblər.
Bu da təsadüfi deyil. Çünki AŞPA üzvü olan bəzi ölkələrdə güclü erməni diasporu var. Erməni lobbisi həmin ölkələrdə keçirilən seçkilərə təsir etmək iqtidarındadır. Ona görə də avropalı siyasətçilər hər zaman erməni diasporunun yanında olublar. İmkan düşdükcə ermənilərdən maddi dəstək də alıblar.
Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra AŞPA-nın Azərbaycana qarşı mövqeyi 180 dərəcə dəyişib. Nəticədə, ikili münasibətlər ən gərgin dövrünə qədəm qoyub.
Yada salaq ki, 2022-ci ilin sonlarında Şuşa-Xankəndi yolunda başlayan ekoaksiyalarda AŞPA açıq şəkildə ermənipərəst mövqe sərgilədi. Ondan sonrakı dövrdə isə Xankəndindəki bir ovuc separatçılara hər cür siyasi və maliyyə dəstəyi göstərilməsində qurum xüsusi canfəşanlıq edirdi.
Təbii ki, qurumun bütün təşəbbüsləri nəticəsiz qaldı. Azərbaycan suveren hüquqları və ərazi bütövlüyünün bərpası üçün qətiyyətli addımlar atdı. Nəticədə ölkəmizdə separatizmin kökü kəsildi. Lakin ermənilərin pul kisəsindən asılı olan AŞPA deputatlarını bu reallıq heç də məmnun etmədi.
Nəticədə AŞPA Azərbaycanı “cəzalandırmaq” qərarına gəldi. Və 2024-cü ilin əvvəllərində Azərbaycanlı deputatların AŞPA-da səsvermə hüququ donduruldu. Bunun qarşılığı da təbii ki, özünü gecikdirmədi. Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığını dayandırdı.
AŞPA dayanmaq istəmir...
Qurum ölkəmizlə münasibətləri bərpa etmək, faydalı əməkdaşlıq qurmaq əvəzinə Azərbaycanda insan hüquqları ilə bağlı qərəzli bəyanatlar verməkdə davam etdi. Assambleya sonuncu dəfə iyun ayında belə bir sərsəm addım atdı.
Bu da bir daha sübut edir ki, AŞPA hüquqi meyarlardan daha çox siyasi yanaşmalara üstünlük verir və bəzi dövlətlərin təsiri altında qərarlar qəbul edir. Bu cür qərəzli qərarlarla qurum regionda etimad yaratmaq əvəzinə qarşıdurmanı dərinləşdirir.
Halbuki AŞPA-nın Azərbaycana münasibəti təkcə insan hüquqları müstəvisində deyil, həm də Cənubi Qafqazda dəyişən geosiyasi balans və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu, müstəqil xarici siyasəti və regional proseslərdə artan təsiri fonunda formalaşmalıdır.
Çox təəssüf ki, biz bu cür ədalətli və obyektiv yanaşmanı görmürük...
Nəticədə AŞPA-nın Azərbaycana qarşı qərəzli münasibəti təkcə hüquqi və ya siyasi mübahisə deyil, həm də qarşılıqlı etimad böhranıdır.
Ən pisi də odur ki, AŞPA-nın Azərbaycana qərəzli mövqeyi həm də dünyada müsəlmanlara qarşı nifrətin aşılanmasını, İslam mədəni irsinin hədəfə alınmasını və İslam dəyərlərinin təhqir olunmasını geniş şəkildə təşviq edir.
Bu ağrılı və acınacaqlı vəziyyətin ən yaxşı qiymətini də Azərbaycan Prezidenti İlham Əliyev verib. IV Şuşa Qlobal Media Forumundakı çıxışına o qeyd edib ki, İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır:
“Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir”.
Azərbaycan AŞPA-dan tam çıxa bilər
AŞPA ilə Azərbaycan arasında yaranmış gərginlik təsadüfi proses deyil, uzun illər ərzində formalaşmış qarşılıqlı etimadsızlığın nəticəsidir. Əgər qurum gələcəkdə də ikili standartlardan və siyasi qərəzdən çıxış edərsə, münasibətlərin normallaşması daha da çətinləşəcək.
Məhz bu səbəbdən dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, Azərbaycan hazırda Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir.
Bu baxımdan, Şuşadan verilən mesaj yalnız AŞPA-ya ünvanlanmış sərt siyasi mövqe deyil, həm də beynəlxalq təşkilatlara obyektivlik, ədalət və bərabər yanaşma ilə bağlı açıq çağırışdır.
Surxay Atakişiyev, Bizim.Media
Geri qayıt
|