Əsas Səhifə > Ana xəbər / Güney Press > ““Ehsan mafiyası” var, niyə fətva vermirlər?”
““Ehsan mafiyası” var, niyə fətva vermirlər?”Bu gün, 11:29 |
|
Azərbaycanda yas mərasimlərində ehsan süfrələrinin təşkili uzun illərdir həm dini, həm də sosial müzakirələrin mövzusudur. Son dövrlər israfçılığın qarşısının alınması və ailələrin əlavə maddi yükdən qorunması məqsədilə bir sıra bölgələrdə yas mərasimlərində yemək verilməsi ənənəsi ləğv edilsə də, bəzi yerlərdə bu ənənə hələ də davam edir. Gəncədə yas mərasimində baş verən kütləvi qida zəhərlənməsi isə məsələni yenidən aktuallaşdırıb. Məlumatlara görə, yas mərasimində qidalanan şəxslərin vəziyyəti təxminən bir saat sonra pisləşib və onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Baş verən hadisə ilə yaslarda yemək verilməsi ənənəsinin birdəfəlik dayandırılması ilə bağlı çağırışlar yenidən gündəmə gəlib. Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, ölkədə müəyyən bir qrup bir çox adətləri formalaşdırır, yaxud zərərli ənənələrin qarşısının alınmasına imkan vermir: "Həmin molla təbəqəsi yas zamanı yemək verilməsinin də adını ehsan qoyub dəbə salıb. İndi də özlərinə sərf etdiyi üçün qarşısının alınmasına mane olurlar. Təbii ki, bu ənənə İslama ziddir. Dində yas, yaxud dəfn zamanı yemək adəti yoxdur. Əksinə, məzarlıqda, yaxud yas yerində yemək yemək məkruh sayılır. Yəni dində belə nümunələr yoxdur. İsrafçılıq və dəbdəbəli məclislər isə tamamilə İslama ziddir. Bunun qarşısının alınması üçün din xadimləri normal təbliğat aparsalar, digər inzibati qurumların səlahiyyətliləri də dəstək versələr nəticə hasil olar. Yoxsa bir tərəfdən yasda yemək verməyin əleyhinə təbliğat aparılır, digər tərəfdən də kimlərsə böyük mərasim evləri açıb bahalı menyular təqdim edir. Belə iş görmək və nəticə əldə etmək olmaz". Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin yasda yemək verməyin düzgün olmaması barədə fətvası yoxdur: "Müvafiq fətva olmalıdır və din xadimləri də buna əməl edib camaatı başa salmalıdırlar ki, daha yasda yemək verməyi yığışdırın. Lakin nəyəsə görə bəziləri üzdə bu məsələyə razı kimi görünüb, altda isə yasda ehsanın təbliğatını aparırlar. Qazılar Şurasının fətvası olmalıdır ki, yasda ehsan vermək dinimizdə yoxdur. Xüsusən də israfçılıq, dəbdəbə dinimizdə qadağandır. Əksər inanclı adamlar dini məsələlərdə din xadimlərini eşidirlər, onları yaslarına dəvət edib dediklərinə əməl edirlər. Ona görə yaslara dəvət alan din xadimləri yas sahibinə yemək verilməməsini şərt qoya bilər. Yaxud yasda növbəti məclis üçün yeməyin olmaması üçün təşəbbüsdə buluna bilər. Amma çoxu bunu etmir. Xarici təsirdə olan, özlərini din bilgini kimi cəmiyyətə təqdim edən bəzi şəxslər də ümumilikdə bu kimi məsələlərin əksinə çıxış edir, ehsanı təbliğ edirlər. Çünki belə məclislərdə münbit şərait tapıb sətiraltı da olsa camaata öz niyyətlərini çatdırırlar". İlahiyyatçı qeyd edib ki xüsusi "ehsan mafiyası" var: "Bu "mafiya" mərasim evləri, bahalı menyular təqdim edir və digər sahələrdə fəaliyyət göstərir. Bakıda bütün mərasim evlərində şadlıq evləri kimi hər qiymətə menyu var. Bunun ləğvi üçün dini idarənin fətvası olmalıdır. Dini idarə bunu etmirsə, bu digər dövlət qurumlarının da vəzifəsi deyil. Hər məsələ aidiyyəti üzrə həll olunmalıdır. Sanki Qafqaz Müsəlmanları İdarəsi yalnız Məhərrəm ayının matəm günlərinin başlanğıcı haqda fətva vermək üçündür. Bəs bu kimi aktual, vacib mövzularda niyə fətva vermir? Bəlkə qazılar yasda ehsanın yığışdırılması ilə razı deyillər? Bir fətva versinlər ki, dində ölüyə 7, 40, cümə axşamları adı ilə yas vermək yoxdur. Quranla, hədislərlə də əsaslandırsınlar. Bir fətva da versinlər ki, yas zamanı yemək vermək olmaz və din xadimləri də bu fətvaya əsasən təbliğat, maarifləndirmə işi aparsınlar". Geri qayıt |