Əsas Səhifə > Ana xəbər / Güney Press > "Baykar"la əməkdaşlıq nələri dəyişəcək?
"Baykar"la əməkdaşlıq nələri dəyişəcək?Bu gün, 12:33 |
|
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə yeni mərhələyə qədəm qoyub. Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin "Baykar" şirkətinin İdarə Heyətinin sədri və texniki direktoru Səlçuk Bayraktarla görüşü, eləcə də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə nümayəndə heyətini qəbul etməsi bu əməkdaşlığın gələcək perspektivləri ilə bağlı diqqət çəkən hadisələrdən olub. Mövzu ilə bağlı Moderator.az-ın suallarını hərbi ekspert Üzeyir Cəfərov cavablandırıb. – Vüqar Mustafayev və Səlçuk Bayraktarın görüşünü Azərbaycan–Türkiyə müdafiə sənayesi əməkdaşlığı baxımından necə qiymətləndirirsiniz? – Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq uzun illərə söykənən möhkəm təmələ malikdir. Qardaş ölkə ilə hərbi və hərbi-texniki sahədə əlaqələrimiz davamlı şəkildə inkişaf edir. Mütəxəssislərin qarşılıqlı səfərləri, təcrübə mübadiləsi və birgə müzakirələr bu əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Müdafiə sənayesi naziri Vüqar Mustafayevin "Baykar" rəhbəri Səlçuk Bayraktarla, eləcə də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə nümayəndə heyəti ilə keçirdiyi görüşlər göstərir ki, tərəflər gələcək layihələri birlikdə planlaşdırır və strateji istiqamətləri koordinasiya edirlər. Bu, müdafiə sənayesində əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. – "Baykar" şirkəti ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın müdafiə sənayesinə hansı texnoloji və strateji üstünlüklər qazandıra bilər? – "Baykar" bu gün dünyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biridir. Onun istehsal etdiyi pilotsuz uçuş aparatları və digər yüksək texnologiyalı məhsullar bir çox ölkələr tərəfindən istifadə olunur. Türkiyənin NATO üzvü olması şirkətin beynəlxalq standartlara uyğun məhsullar istehsal etməsinə də əlavə üstünlük yaradır. Bu şirkətlə əməkdaşlığın genişlənməsi Azərbaycan mütəxəssislərinin yeni texnologiyalarla tanış olmasına, peşəkar bilik və bacarıqlarının artırılmasına, müasir istehsal və idarəetmə təcrübəsinin mənimsənilməsinə mühüm töhfə verir. Təsadüfi deyil ki, "TEKNOFEST" kimi beynəlxalq texnologiya festivalı da Azərbaycanda keçirilib. – Bu əməkdaşlıq yerli müdafiə sənayesinin inkişafına və kadr hazırlığına hansı töhfələri verə bilər? – Birgə fəaliyyət yerli müdafiə sənayesinin inkişafına ciddi təkan verir. Eyni zamanda, Azərbaycan mütəxəssislərinin peşəkarlığının artırılmasına, yeni texnologiyaların mənimsənilməsinə və müasir çağırışlara uyğun kadr potensialının formalaşmasına şərait yaradır. – İnnovativ texnologiyalar və pilotsuz uçuş aparatları gələcəkdə regionun təhlükəsizlik mühitinə necə təsir göstərə bilər? – Artıq 2016-cı ildən Azərbaycan Respublikası bu texnologiyaların gücündən istifadə edir.İlk vaxtlar Azərbaycan Respublikası daha çox xarici dövlətlərdən(İsrail,Türkiyə və s.) alınmış innovativ texnologiyalardan və pilotsuz uçuş aparatlarından istifadə olunub. Sonrakı mərhələlərdə isə artıq biz yerli istehsal olunan pualardan, həm kəşfiyyat, həm də zərbə dronlarından istifadə olunub. Bu təcrübə bu gün dünyada geniş yayılmış təcrübələrdəndir. Belə ki, Rusiya-Ukrayna müharibələri ərzində Ukraynanın istifadə etdiyi dron zərbələri müharibənin gedişatına çox ciddi şəkildə təsir edib. Əlbəttə,dron zərbələri regionda təhlükəsizlik mühitinə təsiredici faktorlardan biri və ən önəmlisidir. Bu gün qonşu ölkələrimiz də bu sahəyə çox diqqətlə yanaşırlar. Gələcəkdə hadisələr necə olacağı dünyada və regionda baş verən proseslərin gedişindən asılı olacaqdır.İndidən bu barədə fikir bildirmək çətindir, amma ümumi aspektdən çıxış etdikdə 21-ci əsr texnologiyalar və pualar əsridir. Bu səbəbdən də dünyada bu sahələrə xüsusi maraq mövcuddur. – Sizcə, Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində yaxın illərdə hansı yeni birgə layihələrin həyata keçirilməsi daha real görünür? – Hesab edirəm ki, qarşıdakı illərdə Azərbaycan və Türkiyə arasında birgə müdafiə sənayesi layihələrinin sayı daha da artacaq. Çox sayda layihələr mövcuddur ki, birgə işlənir. Bunu da qeyd etmək vacibdir ki, bu layihələr mahiyyəti daha çox hərbi sahə olduğuna görə bu mövzuda geniş məlumat verilmir, amma Azərbaycan və Türkiyə arasında çox ciddi və perspektivə hesablanmış layihələr həyata keçirilir. Birgə layihələrin məqsədi regionda sülhün və əmin amanlığın təminatıdır. S. Bayraktarın Azərbaycan Respublikasına səfəri və Müdafiə Nazirliyi ilə görüşləri məhz yeni layihələrin həyata keçirilməsinə sübutdur. Bu görüşlərdə yeni layihələrin həyata keçirilməsində hansı dəyişikliklər olacağı, necə həyata keçiriləcəyi bir daha dəqiqləşdirilir, tərəflərin gücü, imkanları nəzərə alınır. Ən əsas məqam isə burada geosiyasi və geostrateji məsələlərin nəzərə alınmasıdır.Bu layihələrin həyata keçirilməsində dövlət büdcəsində olduqca vəsaitlər ayrılır və bu ayrılan vəsaitlərin özünü doğrultması üçün mütləq həmin layihələr mükəmməl olmalıdır. Bu səbəbdən də bu sahədə mütəxəssislərimiz birgə peşəkar fəaliyyət göstərirlər. Geri qayıt |