Əsas Səhifə > Ana xəbər / Güney Press > Hərbi gücümüzü artırmağa MƏHKUMUQ...
Hərbi gücümüzü artırmağa MƏHKUMUQ...Bu gün, 12:19 |
|
NATO-nun Ankara sammitinin yekunlarının müzakirəsi bitməmiş Yaxın Şərq yenidən qarışıb. ABŞ Prezidenti Donald Tramp elə Ankarada olarkən, İrana zərbə vurmağa qərar verib. Livanda da müharibənin şiddətlənməsi ehtimalı var. İranın təlimatıyla İsrail ərazisinə yeni zərbələrin endirilməsi Tel-Əvivi qonşu ölkənin ərazisində hərbi müdaxiləni genişləndirməsiylə nəticələnəcək.
ABŞ-la İran arasında hərbi qarşıdurmanın yenidən alovlanması Pakistanı çətin vəziyyətə salıb. İslamabad aylardır iki ölkə arasında vasitəçi kimi çıxış edir, tərəflər arasında razılaşma əldə etməyə çalışırdı. İmzalar atıldı, ancaq bu sülhə yol açmadı. Əldə olunan razılaşma yerinə yetirilmədiyinə görə, bölgədə gərginlik yenidən artıb. Buna görə də Pakistanın Xarici İşlər Nazirliyi tərəflərə çağırış etmək məcburiyyətində qalıb. İslamabaddan yayılan açıqlamada, Yaxın Şərqdə sülhə nail olmaq üçün diplomatiyadan başqa alternativ olmadığı bildirilib. Pakistan bütün tərəfləri təmkinli olmağa, bölgədə sülh və sabitliyi daha da sarsıda biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırıb.
Vaşinqton və Tehranın İslamabadın çağırışını eşidəcəyi çətindir. ABŞ və İran bir-birini razılaşmanı pozmaqda ittiham edir. İran Hörmüz boğazına nəzarət iddiasından əl çəkmədiyinə görə, razılaşmanın yerinə yetiriləcəyini gözləmək əbəsdir. Boğazdan keçən ticarət gəmilərinə açılan atəş isə Vaşinqtonu İrana zərbələr endirməyə sövq edib.
Pakistanla yanaşı Çin də mövcud vəziyyətdən narahatdır. Gərginliyin yayılması ehtimalı olduğuna görə, Çinlə Pakistan öz aralarında hərbi ittifaqı gücləndirməkdədirlər. Pakistanın Çinlə dərinləşən əlaqələri Pekinin regionun müdafiə bazarlarında təsirinin genişlənməsində əsas rol oynayır. İslamabad vasitəçilikdə uğursuzluğa düçar olmasına baxmayaraq, təhlükəsizlik sahəsində müvafiq addımlar atmaqdadır. Bunlardan biri Çinlə hərbi əməkdaşlığın genişləndirilməsidirsə, digəri 2025-ci ildə Səudiyyə Ərəbistanı ilə imzalanmış strateji müdafiə müqaviləsidir. Bu müqavilə bir tərəfə hücumu hər iki tərəfə hücum kimi qəbul edir.
Beləliklə, bölgədə son geosiyasi dəyişikliklər Pakistanın əhəmiyyətini artırıb. Mühüm amil Pakistanın Çinlə sıx inteqrasiyası, xüsusən də müdafiə, təhlükəsizlik və kəşfiyyat əməkdaşlığıdır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun hesabatına əsasən 2021-ci ildən 2024-cü ilə qədər Pakistanın silah idxalının 80%-dən çoxu Çinin payına düşüb. gəlir. Bu, qırıcı təyyarələrin birgə istehsalından tutmuş hava hücumundan müdafiə sistemlərinə qədər sahələri əhatə edir. Çinlə Pakistanın birgə istehsal etdiyi hərbi texnikaya bölgənin müxtəlif dövlətləri maraq göstərirlər. Səudiyyə Ərəbistanı ABŞ-dan hərbi asılılığını azaltmaq üçün Çin və Pakistanın birgə istehsal etdiyi hərbi məhsulların alınması üçün intensiv danışıqlar aparır. Liviya ilə də müvaqilələr imzalanıb. Bununla Pakistan və Çin Yaxın Şərq bazarında fəallıqlarını artırırlar. ABŞ-İran qarşıdurması uzandıqca, bölgə ölkələri daha çox silah və hərbi texnika almaq istəyəcəklər.
Azərbaycan İkinci Qarabağ müharibəsində qələbəsina baxmayaraq, hərbi büdcəsini artırmaqda davam edir. Bunun səbəbi yalnız Ermənistanla əlaqəli deyil. Azərbaycan Ermənistanla sülh quruculuğuna başlayıb, iki ölkə arasında ticarət əlaqələri qurulub. Yaxın müddətdə iki ölkə arasında sülh sazişinin imzalanması ehtimalı var. Sülh sazişinin imzalanması və iki ölkənin birgə nəqliyyat və digər layihələrdə iştirakı müharibə ehtimalını xeyli azaldıb. Ancaq Cənubi Qafqaz ətrafındakı hərbi toqquşmalar, o cümlədən Rusiya-Ukrayna və ABŞ-İran müharibəsi, İranın mühafizəkar dairələrindən Azərbaycan əleyhinə səslənən açıqlamalar ölkəmizə hərbi gücünü artırmaqdan başqa alternativ qoymur.
Müəllif: Elxan Şahinoğlu - Mənbə: "DİA-AZ"
Geri qayıt |