Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfində
Azərbaycan Rusiyanın "günahkar" axtarışının hədəfindəBu gün, 08:04 |
|
Məhz Bakının bu diplomatik addımından sonra Rusiyanın bəzi təbliğat resurslarında Azərbaycanın ünvanına ittihamların səslənməsi diqqət çəkir... Rusiyanın ən iri neft emalı müəssisələrindən biri olan Omsk Neft Emalı Zavoduna endirilən PUA zərbəsi Z-bloggerləri və hərbi təbliğatçıları Azərbaycanı hədəf alan ittihamlar irəli sürüblər. Onların iddiasına görə, pilotsuz uçuş aparatları guya Xəzər dənizi üzərindən, Azərbaycan istiqamətindən Omska çatdırılıb. Bu iddiaların heç biri rəsmi faktlarla təsdiqlənməsə də, onların meydana çıxması Moskva-Bakı münasibətlərində son dövrlərdə müşahidə olunan gərginliyin informasiya müstəvisinə daşındığını göstərir. Versiyanın əsas arqumenti Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Ukraynadakı obyektlərinə endirilən zərbələrdir. Rusiyalı hərbi blogerlər iddia edirlər ki, guya Bakı Kremençuk Neft Emalı Zavodunun və SOCAR-a məxsus yanacaqdoldurma məntəqələrinin vurulmasına cavab olaraq belə addım ata bilərdi. Bu ehtimal hər hansı sübuta deyil, yalnız fərziyyələrə əsaslanır. Məsələ ondadır ki, iyulun 6-da Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirini çağıraraq, Ukraynanın Nikolayev vilayətində SOCAR yanacaqdoldurma məntəqəsinə endirilən PUA zərbəsi ilə bağlı etiraz notası təqdim edib. Bakı bildirib ki, bu, ilk belə hadisə deyil. Bundan əvvəl də Odessada SOCAR-a məxsus neft bazası, qazpaylayıcı obyektlər və digər infrastruktur zərbələrə məruz qalıb. Azərbaycan tərəfi bu hücumların sistemli xarakter daşıdığını vurğulayaraq, Moskvanı araşdırma aparmağa və mülki obyektlərin təhlükəsizliyi ilə bağlı beynəlxalq öhdəliklərə əməl etməyə çağırıb. Məhz bu diplomatik addımdan sonra Rusiyanın bəzi təbliğat resurslarında Azərbaycanın ünvanına ittihamların səslənməsi diqqət çəkir. Faktiki sübutların olmadığı şəraitdə bu cür versiyaların yayılması daha çox Rusiyanın daxili auditoriyası üçün izahat formalaşdırmaq cəhdi kimi görünür. Çünki Omsk Neft Emalı Zavoduna qədər təxminən 2500 kilometrlik məsafəni qət edən pilotsuz aparatların Rusiyanın hava hücumundan müdafiə sistemini necə keçməsi ölkə daxilində ciddi suallar doğurur. Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov Müsavat.com-a dedi ki, bu, Rusiyanın Azərbaycana qarşı növbəti təxribatıdır: "Rusiyadan edilən bu çağırışlar “qara məni basınca, mən qaranı basım” kimi bir axmaqlıqdır və SOCAR-ın Ukraynadakı obyektlərinə endirilən zərbələrin “effektini zərərsizləşdirmək” kimi sərsəm bir gedişdir. Bunlar əvvəlcə çirkin oyun oynayır və sonradan bu oyunlara don geyindirməyə başlayırlar. Rusiyanın digər dövlətlərə qarşı davranışlarında heç zaman siyasi ərkan gözlənilməyib. Tarix boyu Rusiyanın xarici siyasətinin mayasını yalan və şantaj təşkil edib və bu gün də o siyasətinin fəlsəfəsində zərrə qədər dəyişiklik yoxdur. Bir sözlə, bu şər imperiyasının xarici siyasəti həmişə boğazdan yuxarı çirkabın içində olub. Geri qayıt |