Əsas Səhifə > Ana xəbər / Güney Press > İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi

İşdən çıxarılan müəllim Baş Prokurora müraciət etdi


Bu gün, 16:03

Goranboy rayonunun Qaraçinar kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Minarə İsayeva işdən çıxarılıb.

Minarə İsayeva bildirib ki, 29 iyun 2026-cı ildə məktəbdə əmək məzuniyyətinə çıxmaq üçün ərizə yazdıqdan sonra əmək müqaviləsinə xitam verilib.

Onun sözlərinə görə, işdən çıxarılmasına səbəb kimi 23 iyun 2026-cı ildə keçirilən sertifikatlaşdırma imtahanında iştirak etməməsi göstərilib.

Məsələ ilə bağlı Minarə İsayeva Baş Prokurorluğa müraciət edib.

Gununsesi.info həmin müraciəti təqdim edir:

“Hörmətli cənab Baş Prokuror, Erməni zülmündən sonra indi də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin, Goranboy rayonu üzrə Təhsil Sektorunun və Qaraçinar kənd tam orta məktəbinin rəhbər şəxslərinin repressiyalarına məruz qalmışam. Mən Minarə İsayeva Məhəmməd qızı Kəlbəcərdən o vaxt didərgin düşmüş tək qadın, təktənha anayam, Goranboyda məskunlaşmışam. 20 yaşında bir övladım birinci qrup əlildir. 28.06.2026-cı ilə qədər Qaraçinar kənd tam orta məktəbində ibtidai sinif müəllimi kimi çalışırdım. 29.06.2026-cı il tarixində Qaraçinar kənd tam orta məktəbinə çağırılaraq mənə növbəti əmək məzuniyyətə çıxmağımla bağlı ərizə yazmaq bildirildi, mən də həmin ərizəni yazıb məktəbin direktoru vəzifəsini icra edən cənab İbrahimov Rəmziyə təqdim etdim. Lakin həmin gün axşam saat 6 radələlərində evdə olanda, məktəbin direktoru vəzifəsini icra edən cənab Rəmzi İbrahimov mənə zəng edərək bildirdi ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri əlahəzrət Elçin Kərimovun və Goranboy rayonu üzrə təhsil sektorunun müdiri möhtərəm Vüsal Cəfərovun təkidi ilə mənimlə bağlanmış əmək müqaviləsinə 29.06.2026-cı il tarixində xitam verildi.

Bununla da Əmək Məcəlləsinin 79-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndləri yenə də mənə münasibətdə pozularaq, şəxsi-qərəzlik prinsipi və məndən qisas almaq niyyəti ilə qanunsuz olaraq işdən çıxarıldım. Mənə verilən məlumata görə, işdən bu formada qanunsuz şəkildə çıxarılmağıma səbəb guya 23.06.2026-cı ildə keçirilmiş növbəti sertifikasiya imtahanında iştirak etməməyimdir. Lakin qətiyyətlə bildirirəm ki, 23.06.2026cı ildə keçirilməsi planlaşdırılan növbəti sertifikasiya imtahanıda iştirak barədə portal.edu.gov.az saytındakı şəxsi kabinetimə heç bir rəsmi məlumat və ya bildiriş 1 göndərilməmişdir.

Hətta məktəbin ditrektoru vəzifəsini icra edən cənab İbrahimov Rəmzidən sertifikasiya imtahanı barədə və bu imtahanda iştirak barədə soruşanda bildirdi ki, bu barədə onda heç bir məlumat yoxdur və mənim iştirakım barədə ona heç bir göstəriş verilməmişdir. Bu qanunsuzluq təkcə Əmək Məcəlləsinin 79-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərinin (öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verilməsi qadağandır) mənə münasibətdə pozulmasından ibarət deyildir. Mənə qarşı bu qanunsuzluğun kökündə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri əlahəzrət Elçin Kərimovun və Goranboy rayonu üzrə təhsil sektorunun müdiri möhtərəm Vüsal Cəfərovun cinayət əməlləri durur. Erməni qəsbkarlarının Azərbaycana qarşı repressiyalarının kökünü araşdırmaq üçün həmişə tarixə müraciət edirik. Eyni ilə GəncəDaşkəsən Regional Təhsil İdarəsinin müdiri əlahəzrət Elçin Kərimovun və Goranboy rayonu üzrə təhsil sektorunun müdiri möhtərəm Vüsal Cəfərovun mənə qarşı repressiyalarının kökünü araşdırmaq üçün 3 il əvvəlki tarixə müraciət etmək lazımdır.

Belə ki, hələ 2023-cü ildə də mənə qarşı ədalətsizlik edilmişdi və məni qanunsuz formada işdən çıxartmışdılar. O vaxt qanunsuzluq həm də onunla bağlı idi ki, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 3.8-ci bəndinə zidd olaraq o zamankı məktəb rəhbərliyinin və Təhsil Sektorunun müdirinin yanlış qərarı ilə mən 20 il müddətində tədris etmədiyim fənlər üzrə setifikatlaşdırma imtahanına cəlb edildim və nəticədə keçid balını toplaya bilməməyim görüntüsü yaradılaarq məni tutduğum vəzifədən azad etdilər. Lakin o zaman Goranboy rayon məhkəməsinin 2(045)-2133/2023 nömrəli qətnaməsi ilə barəmdə verilmiş əsassız və qanunsuz qərar ləğv edildi və işimə bərpa edildim. Lakin bunu həzm edə bilməyən bəzi “məmurlar”, o cümlədən GəncəDaşkəsən Regional Təhsil İdarəsinin və Goranboy rayonu üzrə təhsil sektorunun vəzifəli şəxslərinin göstərişi ilə mənə çalışdığım məktəb rəhbərliyi vasitəsilə şantaj xarakterli planlar qurulurdu, barəmdə saxta töhmətlər verilirdi ki, 3 töhmətdən sonra işdən azad edilim. Yenə də Goranboy rayon məhkəməsi barəmdə çıxarılmış qanunsuz töhmət əmrlərini ləğv etdi. Bundan sonra süni şəkildə dərs saatlarım azaldıldı ki, əmək haqqının az olmasını görüb, özüm könüllü işdən çıxmaq barədə ərizə yazım. 2 Mən isə 350 manat əmək haqqı ilə əzab çəkə-çəkə işdən çıxmadım.

Buna görə də GəncəDaşkəsən Regional Təhsil İdarəsinin müdiri əlahəzrət Elçin Kərimov və Goranboy rayonu üzrə təhsil sektorunun müdiri möhtərəm Vüsal Cəfərov Qaraçinar kənd tam orta məktəbinin müdir əvəzi cənab Rəmzi İbrahimovla cinayət əlaqəsinə girərək, məni qəsdən rəsmi şəkildə sertifikasiya imtahanına cəlb etmədən, bu barədə mənə rəsmi bildiriş vermədən guya sertifikasiya imtahanında iştirak etmədiyimə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndi ilə 29.06.2026-cı il tarixində 49 nömrəli Əmrlə çalışdığım Qaraçinar kənd tam orta məktəbinin direktor əvəzi Rəmzi İbrahimovun imzası ilə məktəbdən (işdən) çıxartdılar.

Bu sadəcə bir əmək mübahisəsi deyildir. Burada əlahəzrətlər Elçin Kərimov, Vüsal Cəfərov və Rəmzi İbrahimov üçlüyü Cinayət Məcəlləsinin 308-ci maddəsinə görə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, məni sertifikasiya imtahanı barədə rəsmi şəkildə məlumatlandırmamış, hüquqlarıma və qanuni mənafelərimə mühüm zərər vurmuşlar. Eləcə də onların əməllərində Cinayət Məcəlləsinin 314-cü maddəsində qeyd edildiyi kimi, mənə qarşı səhlənkarlıq olubdur və sertifikasiya imtahanı barədə mənə rəsmi məlumat verməyiblər və yenə də qanunla qorunan mənafelərimə mühüm zərər vurublar. Bundan başqa, adları çəkilən 3 nəfər vəzifəli şəxsin mənə qarşı əməllərində təqib cinayətinin tərkibi vardır. Yəni yuxarıda izah etdiyim kimi, başıma gətirdikləri oyunlar, verdikləri saxta töhmətlər, son 20 ildə tədris etmədiyim fəndən 2023-cü ildə sertifikasiya imtahanına cəlb edilməyim, 2026-cı ildə isə bilə-bilə sertifikasiya imtahanı barədə mənə rəsmi məlumatın verilməməsi və imtahana cəlb edilməməyim, öhdəmdə 1-ci qrup əlil övladım ola-ola və rəsmi olaraq məzuniyyətdə oldğum halda, Qanundan və Dövlət Başçısından, Baş Prokurorluqdan, Elm və Təhsil Nazirliyindən qorxmayaraq, Əmək Məcəlləsinin 79-ci maddəsinin 6-cı bəndini ayaqları altında tapdalamaqla himayəsində əlil övladı olan bir ananı – İsayeva Minarə Məhəmməd qızını qəsdən işdən çıxartmaq cinayət deyilmi? Prokurorluğun düşüncəsinə görə, bu şəxslər məni fiziki məhv edəndən sonramı mənə qarşı cinayət törətməkdə şübhəli bilinəcəklər? Elçin Kərimovlar, Vüsal Cəfərovlar, Rəmzi İbrahimovlar cəzasızlıq mühitindən istifadə edərək məni təqib edirlər, Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, Cinayət Məcəlləsinə görə insanlıq əleyhinə, şəxsiyyət əleyhinə cinayət törədərək, övladım 1-ci qrup əlil olduğuna görə, kasıb olduğuma görə, yaşayış yerimə görə, ailə vəziyyətimə və ailə vəzifələrimə görə mənə qarşı ayrı-seçkilik ediblər, iş yerində daim məni sıxışdırıblar, yalandan töhmətlər veriblər, Rəmzi İbrahimovun Goranboy rayon məhkəməsində etiraf etdiyi kimi, Goranboy rayonu üzrə Təhsil Sektorunun müdiri möhtərəm Vüsal Cəfərov onu məcbur edirdi ki, barəmdə töhmətlər versin. Bu barədə məhkəmənin audio-video səs yazılarında qeyd edilmişdir.

Gördüyünüz kimi, onların əməllərində bir çox 3 cinayətlərin bütün təzahürləri özünü göstərir, eləcə də Cinayət Məcəlləsinin 293-cü maddəsinə görə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qisimdə çıxış edən Elçin Kərimov və Vüsal Cəfərov tərəfindən, yaxud onların təhriki və ya razılığı ilə Rəmzi İbrahimov tərəfindən mən qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmışam. Hörmətli cənab Baş Prokuror, İndi söz Sizindir. Xahiş edirəm mənə köməklik edəsiniz, bu məktubumu sadəcə ETN-ə göndərməklə kifayətlənməyib, Elçin Kərimovun, Vüsal Cəfərovun və Rəmzi İbrahimovun yuxarıda toxunduğum əməllərinə hüquqi qiymət verəsiniz, mənə qarşı olan çirkin niyyətlərini ifşa edib, repressiv əməllərinə son qoyasınız, pozulmuş hüquqlarımın bərpa edilməsində ciddi araşdırma aparılması üçün göstəriş verəsiniz”.


Geri qayıt