Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirliklərdə yeni müavin postlarının pərdəarxası

Nazirliklərdə yeni müavin postlarının pərdəarxası


Bu gün, 09:07

Azərbaycanda dövlət idarəçiliyində aparılan struktur dəyişiklikləri davam edir. 2026-cı ildə Prezident İlham Əliyevin imzaladığı fərmanlarla daha iki nazirlikdə nazir müavinlərinin sayı artırılıb. Bununla da son aylarda rəhbər heyəti genişləndirilən nazirliklərin sayı artıb.

Mart ayında qəbul edilən qərarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müavinlərinin sayı 4-dən 5-ə çatdırılmışdı. Ardınca, 2 iyul tarixində imzalanan fərmanla Səhiyyə Nazirliyində də analoji dəyişiklik edildi və nazir müavinlərinin sayı 3-dən 4-ə yüksəldildi.

Bu qərarlar hökumətin dövlət idarəçiliyinin daha çevik və funksional modelə keçid siyasətinin davamı kimi qiymətləndirilir. Nazir müavinlərinin sayının artırılması təkcə kadr dəyişikliyi deyil, həm də dövlət idarəçiliyində prioritetlərin dəyişdiyini göstərən addım hesab olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illərdə ən çox funksiyası artan qurumlardan biridir. DOST xidmətlərinin genişlənməsi, məşğulluq proqramları, sosial ödənişlərin rəqəmsallaşdırılması, reabilitasiya və sosial xidmətlərin vahid sistemdə idarə olunması rəhbərlik səviyyəsində iş yükünü əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan əlavə nazir müavini konkret istiqamətlərin daha effektiv koordinasiyasına xidmət edə bilər.

Səhiyyə Nazirliyində isə vəziyyət daha fərqlidir. Son illərdə icbari tibbi sığorta sistemi, səhiyyənin rəqəmsallaşdırılması, tibbi xidmətlərin keyfiyyətinə nəzarət və yeni islahat paketləri nazirliyin fəaliyyət dairəsini genişləndirib. Yeni müavin vəzifəsinin yaradılması bu sahələrin ayrıca kurasiya edilməsinə imkan verəcək. Ekspertlər hesab edirlər ki, bu cür qərarlar yaxın dövrdə digər iri dövlət qurumlarında da analoji struktur dəyişikliklərinin aparılacağının siqnalı ola bilər. Xüsusilə rəqəmsallaşma, sosial xidmətlər, səhiyyə və iqtisadi idarəetmə kimi istiqamətlərdə yeni səlahiyyət bölgüsünə ehtiyacın artdığı müşahidə olunur.

Bununla yanaşı, rəhbər heyətin genişləndirilməsi yalnız yeni vəzifələrin yaradılması demək deyil. Əsas məqsəd qərarların qəbulunu sürətləndirmək, məsuliyyət bölgüsünü dəqiqləşdirmək və islahatların icrasına nəzarəti gücləndirməkdir.

Son fərmanlar göstərir ki, hökumət idarəetmə sistemində institusional gücləndirmə xəttini davam etdirir və xüsusilə sosial siyasət ilə səhiyyə sektorunu növbəti mərhələnin əsas prioritetləri kimi nəzərdən keçirir.

Mövzu ilə bağlı deputat, iqtisadçı alim Vüqar Bayramov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda idarəetmə sistemində islahatların daha da dərinləşməsi müşahidə olunur: “Bir tərəfdən struktur və kadr islahatları genişləndirilir, digər tərəfdən isə rəqəmsal xidmətlərdən istifadə imkanları artırılır. Nəzərə alsaq ki, hazırda həm süni intellekt texnologiyalarının tətbiqi, həm də rəqəmsal həllərin genişləndirilməsi dövlətin iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biri hesab olunur, bu sahədə atılan addımlar xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında vurğulanan əsas strateji məqamlardan biri də məhz dövlət xidmətlərinin elektronlaşdırılması və inteqrasiyası prosesinin ardıcıl şəkildə davam etdirilməsi, eyni zamanda qəbul edilmiş yol xəritəsinə uyğun olaraq konkret fəaliyyətlərin həyata keçirilməsidir. Bu yanaşma ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə və dövlət idarəçiliyinin daha müasir prinsiplər əsasında formalaşdırılmasına xidmət edir. Xüsusilə nəzərə alsaq ki, həm təsdiq edilmiş yol xəritəsinə, həm də dövlət proqramlarına uyğun olaraq Azərbaycanda mərhələli şəkildə kağızsız hökumət modelinə keçid nəzərdə tutulur, bu istiqamətdə aparılan işlərin əhəmiyyəti daha da artır. Bu, o deməkdir ki, 2028-ci ilin iyun ayınadək ölkədə informasiya dövriyyəsinin tam elektronlaşdırılması, elektron sistemlərin daha geniş tətbiqi və kağız daşıyıcılardan istifadə səviyyəsinin minimuma endirilməsi istiqamətində mühüm nəticələrin əldə olunması planlaşdırılır. Nəticə etibarilə dövlət idarəçiliyində, xidmətlərin təqdim edilməsində və məlumat mübadiləsində elektron daşıyıcıların əsas platformaya çevrilməsi gözlənilir”.

Deputat qeyd edib ki, məhz bu kontekstdə yeni kadr təyinatları da xüsusi aktuallıq kəsb edir: “Çünki yeni təyin olunan nazir müavinləri arasında süni intellekt və rəqəmsal inkişaf istiqamətlərinə cavabdeh olan şəxslər də yer alır. Bu isə göstərir ki, dövlət yalnız texnoloji transformasiyanı prioritet elan etmir, eyni zamanda həmin transformasiyanın idarə olunması üçün institusional və kadr potensialını da gücləndirir. Müasir çağırışlar və Azərbaycanda rəqəmsal inkişafla bağlı müəyyənləşdirilmiş strateji prioritetlər nəzərə alındıqda, kadr siyasətinin genişləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi zəruri addım kimi çıxış edir”.

V.Bayramov vurğulayıb ki, həm kadr, həm də struktur islahatları müasir tələblərə uyğun olaraq dövlət idarəetmə sisteminin daha çevik, daha effektiv və nəticəyönümlü fəaliyyət göstərməsinə imkan yaradacaq: “Eyni zamanda bu dəyişikliklər rəqəmsal həllərdən daha geniş və səmərəli istifadə imkanlarını artıracaq, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, qərar qəbuletmə prosesinin sürətlənməsinə və idarəetmədə şəffaflığın gücləndirilməsinə töhfə verəcək. Nəticə etibarilə bütün bunlar iqtisadi inkişafın sürətlənməsinə, biznes mühitinin daha da yaxşılaşdırılmasına və vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının yüksəlməsinə xidmət edəcək".


Geri qayıt