Əsas Səhifə > Ana xəbər / Güney Press > Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi...

Enişdə olan Almaniya üçün Azərbaycan nümunəsi...


Dünən, 08:28

SSRİ ilə Qərbi Almaniya 1969-cu ildə əl sıxıb enerji əməkdaşlığının əsasını qoydular. Sovetlər Almaniyaya ucuz qaz vəd etdi, Almaniya isə bunun qarşılığında borular, texnologiya və sənaye avadanlığı verdi.
Beləcə Almaniyanın iqtisadi yüksəlişinin əsas dayaqlarından biri formalaşdı. Ucuz rus enerjisi Alman sənayesini gücləndirdi, sənaye isə Çin bazarına böyük həcmdə satış etdi. Almaniyanın rifah modeli uzun illər üç sütun üzərində dayandı:
1. ucuz rus enerjisi
2. güclü sənaye
3. Çin bazarına geniş çıxış
Bu sistem 50 ildən çox işlədi. Amma Rusiyanın Ukraynaya hücumu ilə həmin model sarsıldı. Almaniya eyni anda üç zərbə aldı:
1. enerji bahalaşdı
2. sənaye ağır keçid dövrünə girdi
3. Çin də rəqibə çevrildi
İndi Almaniya inkişafdan çox olduğu səviyyəni qorumağa çalışır. Sistem qocalıb, bürokratiya ağırlaşıb, dövlət hələ də bir çox sahədə poçt əsrinin ritmi ilə işləyir.
Cəmiyyət də qocalır, doğum azalır, işçi qüvvəsi çatışmır, bir çox sektorda kadr problemi böyüyür.
Gələn miqrant axını isə bu boşluğu doldura bilmir, çünki iqtisadiyyatın ehtiyacı olan yüksək ixtisaslı kadrlar deyillər.
Almaniya batmayacaq, çökməyəcək. Bu, hələ də çox güclü dövlətdir. Amma “Alman maşını” deyilən model əvvəlki gücünü itirir. Almaniya dünya iqtisadiyyatının xüsusi çəkisi olan sənaye nəhəngi statusundan çıxıb, zamanla daha adi bir Avropa ölkəsinə çevrilmək riski ilə üz-üzədir.
Mən Almaniyanın rəhbərlərinin yerində olsaydım, ilk işim Azərbaycandakı ASAN Xidmət modelini bu ölkəyə gətirmək olardı. Şişirtmirəm, inanın, Almaniyanın problemlərinin azı 50% elə ordaca həll olunmuş sayılar.
Müəllif: Orxan Atabəy (mühacir jurnalist)
"DİA-AZ"

Geri qayıt