Əsas Səhifə > Ana xəbər / Güney Press > “Bu, mənə Bavariya mal-qara bazarını xatırlatdı”
“Bu, mənə Bavariya mal-qara bazarını xatırlatdı”Bu gün, 15:26 |
|
Xəbər verdiyimiz kimi Keniyada Azərbaycan vəətndaşının boyrəyi çıxarılaraq Almaniya vətəndaşı 59 yaşlı Sabine Fişer-Kuqlerə köçürülüb. Almaniya jurnalistlərinin araşdırılmaları zamanı üzə çıxan bu fakt Keniya və Almaniya hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, Sabine Fişer-Kuqler Keniyada böyrək transplantasiyası etdirdiyi üçün Almaniya məhkəməsi tərəfindən orqan alveri ilə əlaqəli cinayətdə iştirak etməkdə təqsirli bilinərək 6 min avro cərimələnib. Məhkəmənin qənaətinə görə, qadın azərbaycanlı donorun böyrəyini tamamilə könüllü şəkildə vermədiyini, bunun maliyyə qarşılığında baş verdiyini anlamalı idi. Almaniyanın Vaysenburq Rayon Məhkəməsinin hakimi məhkəmə zalında donorla bağlanmış müqaviləyə olduqca sərt reaksiya verib. “Bu, mənə Bavariya mal-qara bazarını xatırlatdı”, deyə hakim bildirib. Hakim "MedLead" şirkəti ilə bağlanmış müqaviləni sərt tənqid edərək bildirdi ki, sənəd insan orqanını adi kommersiya malına çevirən alqı-satqı müqaviləsini xatırladır. Bu qiymətləndirmə təsadüfi deyil. Almaniyanın Transplantasiya Qanunu insan orqanlarının alqı-satqısını qəti şəkildə qadağan edir. Almaniya həmçinin insan orqanlarının kommersiyalaşdırılmasını yasaqlayan beynəlxalq hüquqi sənədlərin tərəfdarıdır. Buna görə də əməliyyat xarici ölkədə keçirilsə belə, Almaniya vətəndaşının qanunsuz orqan bazarından istifadə etməsi hüquqi məsuliyyət yarada bilər. Sabine Fişer-Kuqler illərlə böyrək çatışmazlığından əziyyət çəkirdi. Özünün açıqladığına görə Almaniyada transplantasiya növbəsinin uzanması onu alternativ yollar axtarmağa məcbur edib. İnternetdə fəaliyyət göstərən "MedLead" şirkəti ona Keniyada qısa müddətdə transplantasiya olunacağını və bütün prosedurların qanuni əsaslarla təşkil ediləcəyini vəd edib. Müqavilədə donorun heç bir maddi qarşılıq almadığı yazılıb. Lakin sonradan həm jurnalist araşdırmaları, həm də məhkəmə prosesi göstərib ki, bu bənd reallığı əks etdirməyib. Qadın özü də məhkəmədə etiraf edib ki, əməliyyatda iştirak edən hər kəs donorun pul alacağını anlayırdı. İş materiallarında donorun Azərbaycandan olan gənc olduğu göstərilir. Bu fakt bəzi beynəlxalq media orqanlarında geniş müzakirə olunur. Beynəlxalq orqan alveri şəbəkələri donorları əsasən sosial baxımdan həssas əhali qrupları arasından seçirlər. Almaniyanın ZDF telekanalının "Frontal" proqramının araşdırmasına görə, "MedLead" illərlə transplantasiya turizmini təşkil edən vasitəçi şəbəkənin əsas iştirakçılarından biri olub. İddialara əsasən, şirkət donorların tapılması, xəstələrin müxtəlif ölkələrə göndərilməsi, xəstəxanalarla əlaqələrin qurulması və bütün maliyyə əməliyyatlarının koordinasiyasını həyata keçirib. Araşdırmalarda Keniya əsas mərkəzlərdən biri kimi göstərilir. Bildirilir ki, yerli donorlar çox aşağı məbləğ qarşılığında böyrəklərini satmağa razı salınır, daha sonra isə imkanlı xarici vətəndaşlara transplantasiya həyata keçirilirdi. Bir çoxları düşünə bilər ki, əməliyyat Keniyada keçirilibsə, Almaniya məhkəməsinin buna müdaxilə etmək hüququ yoxdur. Əslində isə məsələ fərqlidir. Əgər Almaniya vətəndaşı xaricdə Almaniya qanunlarının qadağan etdiyi cinayət xarakterli fəaliyyətin iştirakçısına çevrilirsə, müəyyən hallarda Almaniya hüquq-mühafizə orqanları həmin əmələ hüquqi qiymət verə bilirlər. Məhz bu səbəbdən Vaysenburq Rayon Məhkəməsinin qərarı hüquqşünaslar tərəfindən presedent kimi qiymətləndirilir. Qərar yalnız bir qadının cərimələnməsi ilə yekunlaşmayacaq. İstintaqın beynəlxalq vasitəçilərə, transplantasiya turizmini təşkil edən şirkətlərə və maliyyə axınlarına qədər genişlənəcəyi ehtimal olunur. Bu isə insan alveri, çirkli pulların yuyulması və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində yeni cinayət işlərinin başlanmasına səbəb ola bilər. Son illərdə BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar da orqan alverinin artıq təkcə səhiyyə problemi deyil, insan hüquqlarının kobud şəkildə pozulması və transmilli cinayət şəbəkələrinin əsas gəlir mənbələrindən biri olduğunu dəfələrlə bəyan ediblər. Beynəlxalq orqan alveri şəbəkələri ilə bağlı araşdırmalarda Azərbaycanın adının donor mənşə ölkələrindən biri kimi hallanması düşündürücüdür. Musavat.com Geri qayıt |