|
İTV-nin rəhbəri Balakişi Qasımov deyir ki, ənənəvi televiziya "Titanik" kimi batır və bu reallığı qəbul etmək lazımdır. AzTV-nin rəhbəri Rövşən Məmmədov isə bildirir ki, ənənəvi televiziya sosial şəbəkələrlə dostluq edir, batmaqdan söhbət gedə bilməz. Balakişi müəllim prosesə daha realist baxır. O, televiziya auditoriyasının dəyişdiyini, rəqəmsal platformaların üstünlük qazandığını etiraf edir və problemin mövcudluğunu qəbul edir. Bir tərəf problemi etiraf edir, digər tərəf isə problemi yumşaldır, sanki hər şey qaydasındadır. Əlbəttə, televiziya sosial şəbəkələrlə əməkdaşlıq edə, onlardan faydalana bilər. Amma bu, ənənəvi televiziyanın uzun illərdir yaşadığı auditoriya itkisini və dəyişən media reallığını aradan qaldırmır.Problemi olduğu kimi qəbul etmək onu həll etməyə imkan yaradır. Problemi malalamaq isə reallığı dəyişmir, sadəcə onun görünüşünü dəyişir. Gəmi su alırsa, orkestrin daha gur çalması gəmini xilas etmir. Reallığı olduğu kimi görmək həmişə daha çətindir. Amma bəzən gələcəyi xilas edən də məhz gerçəyi etiraf etmək cəsarətidir.
Müəllif: Günel Musa - "DİA-AZ"
Geri qayıt
|