Əsas Səhifə > Ana xəbər / Güney Press > Gələcəkdə belə əsərlər yarana bilərmi?
Gələcəkdə belə əsərlər yarana bilərmi?Bu gün, 03:45 |
|
Görəsən, Azərbaycanın ədəbiyyat tarixində indiyədək “Hərb və sülh” və “Karamazov qardaşları” kimi güclü əsərlər varmı? Bundan sonra olarmı? Bu məsələ aktualdır.
Fikrimi əsaslandırıram:
Tolstoyun "Hərb və sülh"ü və Dostoyevskinin "Karamazov qardaşları" sadəcə bədii mətnlər deyil. Onlar dövrü əks etdirən və insan varlığının dərinliklərinə enən əsərlərdir. Bu əsərlərin gücü üç səbəblə bağlıdır və səbəbləri daha da artırmaq olar.
1. Dövrün miqyası: Rusiyanın imperiya kimi formalaşması, Napoleon müharibələri və din yazıçıya yazmaq üçün geniş mövzu vermişdi.
2. Fəlsəfi təchizat: Hər iki müəllif əsərlərini yazmazdan əvvəl dünya fəlsəfəsini, ilahiyyatı və tarixi dərindən mənimsəmişdilər. Bizdə təbii ki belə savadlı yazıçılar və filosoflar var. Amma hər üç sahəni dərindən bilib yazıya köçürənlər tam deyil.
3. Milli özünüdərk məsələsi. Bu əsərlər xalqın özü haqqındakı suallara cavab axtardığı bir zamanda yazılmışdı. Biz özümüz haqqında suallara cavab axtarmışıq, amma o ölçüdə olubmu?
Bizim ədəbiyyatımızda vəziyyət necədir?
Bizim ədəbiyyatımızda "Hərb və sülh" miqyasında çoxcildlik epopeyalar yoxdur, yazılmayıb. Amma müəyyən istiqamətlərdə dərinliklərimiz mövcuddur. Məsələ tarixi yaddaş problemlərinin işıqlandırılmasına gələndə İsmayıl Şıxlının "Dəli Kür"ü və ya Anarın, Elçinin əsərləri yada düşür. Bu siyahıya Yusif Səmədoğlunun “Qətl günü” əsərini, Rafiq Tağının hekayələrimi, İsa Muğannanın “İdeal” əsərini və indi adlarını unutduğum digər gözəl əsərləri və müəllifləri də əlavə etmək olar. Həmin əsərlərdə milli kimlik və keçid dövrlərinin və sosial transformasiyanın ağrılı məqamlarını təbii ki, ustalıqla əks etdirilib. Lakin bu əsərlər daha çox "sosial-psixoloji" çərçivədə qalır. Bu əsərlər “kosmik" və ya "bəşəri" suallara cavab axtarışında rus klassikası qədər geniş fəlsəfi spektrə malik deyil.
Digər məsələ isə fəlsəfi dərinlikdir və mənim yuxarıda adını çəkdiyim iki əsərə heyranlığımın səbəblərindən birincisi budur. Bizim ədəbiyyatımız daha çox şeir mərkəzlidir. Şəhriyarın, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin şeirlərindəki fəlsəfi yük bəzən böyük bir romanın verə biləcəyi effekti verir. Lakin nəsr sahəsində biz heç vaxt o miqyaslı "təfəkkür sistemləri" yaradan roman janrına tam fokuslana bilməmişik. Həmişə düşünürəm ki, görəsən bunun kökləri və səbəbləri nədir, hardadır?
Gələcəkdə belə əsərlər yarana bilərmi?
Bəli, yarana bilər, lakin bu, müəyyən şərtlərdən asılıdır:
Sərbəstlik və cəsarət əsas şərtlərdən biridir, demək istəyirəm. "Karamazov qardaşları" kimi əsərlər yazmaq üçün yazıçı cəmiyyətin bütün tabu, qorxu və stereotiplərini sındırmalıdır. Bizim ədəbiyyatda bəzən "səmimiyyət çatışmazlığı" və təzyiqlər buna mane olur.
İkinci məsələ qlobal təfəkkürdür və biz bəşəri təfəkkürsüzlükdən bir az əziyyət çəkirik. Müasir Azərbaycan yazıçısı artıq təkcə yerli problemlərlə kifayətlənməməlidir. İnsanlıq, süni intellekt, insanın rəqəmsallaşması,
və tənhalıq kimi ümumbəşəri suallardan bəhs edən əsərlər yazmalıdır.
Üçüncü şərt isə cəmiyyətin dəstəyi və zaman məsələsidir. Tolstoy və Dostoyevski öz əsərlərini illərlə masa arxasında əyləşərək, bütün həyatlarını buna həsr edərək yazıblar. Müasir sürətli dünyada dərinliyə düşmək üçün yazıçıya həm iqtisadi müstəqillik, həm də intelektual arxa plan lazımdır.
Bizim ədəbiyyatda hələlik bu miqyasda "böyük romanlar" yoxdur, çünki bizim tarixi və sosial inkişaf trayektoriyamız fərqli olub. Bəlkə bu səbəb bizi geri atıb...
Müəllif: Könül Nuriyeva - "DİA-AZ"
Geri qayıt |