Əsas Səhifə > Ana xəbər / Güney Press > Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı...

Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı...


Bu gün, 10:57

Konstitusiya Məhkəməsinin qərarı ölkədə siyasi böhranı dərinləşdirdi

Ermənistanda növbədənkənar parlament seçkilərinin nəticələri ətrafında yaranmış siyasi gərginlik Konstitusiya Məhkəməsinin son qərarı ilə yeni mərhələyə qədəm qoyub. Məhkəmə müxalifətin seçkilərin nəticələrinin ləğvi ilə bağlı iddialarını təmin etmədi və Mərkəzi Seçki Komissiyasının 7 iyun tarixli parlament seçkilərinin yekunlarını qüvvədə saxladı. Bununla da hüquqi prosedur başa çatsa da, siyasi mübarizənin daha da kəskinləşəcəyi barədə proqnozlar güclənib.
Müxalif siyasi qüvvələr hesab edirlər ki, Konstitusiya Məhkəməsi hakimiyyətin siyasi iradəsinə uyğun qərar qəbul edib və bununla ölkədə məhkəmə sisteminin müstəqilliyi ciddi zərbə alıb. Hakimiyyət isə əksinə, məhkəmənin qərarını demokratik seçki prosesinin və hüquqi dövlət prinsiplərinin təsdiqi kimi təqdim edir. Beləliklə, eyni qərar Ermənistan cəmiyyətində tamamilə fərqli siyasi qiymətləndirmələrə səbəb olub.

Musavat. com xəbər verir ki, Konstitusiya Məhkəməsində dinləmələr iyunun 26-da başlayaraq altı gün davam edib. İddia ərizələri parlamentə düşə bilməyən və ya seçkilərin nəticələri ilə razılaşmayan yeddi siyasi qüvvə tərəfindən təqdim olunmuşdu. Onlar səsvermə zamanı çoxsaylı qanun pozuntularının baş verdiyini, inzibati resurslardan istifadə olunduğunu, bəzi seçki məntəqələrində nəticələrin məqsədli şəkildə dəyişdirildiyini və seçicilərin iradəsinin tam əks olunmadığını iddia edirdilər.
Məhkəmə prosesində Mərkəzi Seçki Komissiyası ilə yanaşı Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Antikorrupsiya Komitəsi də iştirak edib. Hakim "Vətəndaş Müqaviləsi" Partiyası isə prosesə üçüncü tərəf kimi cəlb olunub.
Dinləmələr zamanı hərbi qulluqçuların və xüsusi siyahılar üzrə səs vermiş şəxslərin seçki məlumatları qapalı iclaslarda araşdırılıb. Müxalifət məhz həmin hissənin seçkinin ən qaranlıq məqamlarından biri olduğunu bildirərək, bu məlumatların tam açıqlanmasını tələb edib.
Qərarı mübahisəli edən əsas səbəblərdən biri Konstitusiya Məhkəməsinin tərkibi ilə bağlı irəli sürülən ittihamlardır. Müxalifət iddia edir ki, məhkəmə hakimiyyətə yaxın şəxslərdən formalaşdırılıb və buna görə də siyasi baxımdan həssas məsələlərdə obyektiv qərar qəbul etmək imkanında deyil.
Bundan başqa, müxalifət bəzi hakimlərin prosesdən kənarlaşdırılmasına baxmayaraq, digər hakimlərin mümkün maraq toqquşması barədə etirazlarının nəzərə alınmamasını da məhkəmənin qərəzliliyinin göstəricisi kimi qiymətləndirir.
Hakimiyyət nümayəndələri isə bütün bu ittihamları rədd edir. Onların fikrincə, məhkəmə yalnız qanuna əsaslanaraq qərar qəbul edib və seçkilərin nəticələrinin dəyişdirilməsi üçün hüquqi əsas mövcud olmayıb.
Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra Mərkəzi Seçki Komissiyası parlamentdə mandat bölgüsünü təsdiqləyib. Bununla da "Vətəndaş Müqaviləsi" Partiyası parlamentdə yenidən çoxluğu qoruyub saxlayıb.
Bu nəticə Nikol Paşinyan hökumətinə qanunverici hakimiyyət üzərində nəzarəti davam etdirmək imkanı versə də, siyasi sabitliyin təmin olunacağı anlamına gəlmir. Çünki müxalifət artıq hüquqi mübarizənin başa çatdığını, bundan sonra isə siyasi və ictimai mübarizənin davam edəcəyini bəyan edib.

Konstitusiya Məhkəməsinin qərarından sonra Ermənistanın aparıcı müxalif siyasi qüvvələri birgə bəyanat yayaraq fəaliyyətlərini koordinasiya etmək barədə razılığa gəliblər.
Onların əsas prioritetləri bunlardır: Konstitusiyaya mümkün dəyişikliklərin qarşısının alınması; Erməni Apostol Kilsəsinin mövqeyinin müdafiəsi; Siyasi motivli hesab edilən həbslərə qarşı mübarizə; Hakimiyyət dəyişikliyinə nail olmaq üçün vahid siyasi platformanın yaradılması. Bu, son illərdə Ermənistan müxalifətinin ən geniş koordinasiya cəhdlərindən biri kimi qiymətləndirilir. Lakin siyasi müşahidəçilər qeyd edirlər ki, müxalifətin vahid mövqedən çıxış etməsi hələ onun geniş ictimai dəstək qazanacağı anlamına gəlmir.
Musavat.com Rusiya erməni diasporasının rəsmi saytına istinadən yazır ki, formal baxımdan Konstitusiya Məhkəməsinin qərarı Paşinyanın mövqeyini möhkəmləndirib. Hakimiyyət seçkilərin legitimliyini təsdiqləyən hüquqi qərara istinad edərək siyasi fəaliyyətini davam etdirəcək. Lakin digər tərəfdən, müxalifətin məhkəməyə inamını tam itirməsi gələcəkdə siyasi proseslərin daha çox küçə etirazları və ictimai təzyiq vasitəsilə aparılmasına səbəb ola bilər.
Erməni mediası yazır ki, seçkilərin legitimliyi ətrafında davam edən mübahisələr Ermənistanın beynəlxalq imicinə də təsirsiz ötüşməyə bilər. Qərb institutları indiyədək seçkilərin nəticələri barədə sərt bəyanatlar verməsələr də, ölkədə hüquq sistemi və demokratik institutların fəaliyyəti bundan sonra daha yaxından izlənilə bilər. Əgər daxili siyasi böhran uzun müddət davam edərsə, bu, xarici investorların qərarlarına, beynəlxalq maliyyə proqramlarına və Ermənistanın regional diplomatik imkanlarına da müəyyən təsir göstərə bilər.
Bir sıra erməni siyasi şərhçiləri hesab edirlər ki, hazırda cəmiyyətdə ciddi narazılıq olsa da, genişmiqyaslı etiraz aksiyaları üçün yetərincə sosial enerji formalaşmayıb. Son illərin siyasi böhranları, iqtisadi problemlər və müharibələrin yaratdığı yorğunluq əhalinin əhəmiyyətli hissəsini passiv müşahidəçi mövqeyində saxlayır. Bu səbəbdən müxalifətin əsas vəzifəsi hüquqi arqumentlərlə yanaşı, cəmiyyətin etimadını yenidən qazanmaq olacaq.


Geri qayıt