Əsas Səhifə > Ana xəbər / Güney Press > İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlikBu gün, 07:52 |
|
"İranın məqtul dini lideri Seyid Əli Xamneinin yas mərasiminə Azərbaycandan 3 rəsmi nümayəndə getmişdi: Ali Məclisin spikeri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev və Naxçıvan MR-in Baş naziri Cabbar Musayev..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Maraqlıdır ki, yayımlanan videolarda Naxçıvanın Baş naziri Azərbaycan nümayəndələr heyətinin tərkibində təyyarədən enərkən göründüyü halda, İran rəsmiləri ilə görüşdə nədənsə gözə dəymirdi. Belə anlaşılır ki, İran tərəfi Cabbar Musayevi öz dini liderlərinin yas mərasimində iştirak etməyə layiq görməyib və onu rəsmi heyətdən kənarda saxlayıb.
İran tərəfini qane etməyən nə ola bilər?
Görünür, rəsmi Tehran Azərbaycandan da ən azı Ermənistan kimi ölkə rəhbəri səviyyəsində qatılım gözləyirmiş. Hətta könlündən İraq kimi bizim də Xamneyi həzrətlərinin nəşini İmam Rzanın bacısının dəfn olunduğu Bibiheybət məscidində ağırlamağımızı keçirirmiş. Rəsmi Bakı isə Xamneyinin yasına nüfuzu Milli Məclisdən o tərəfə gedib çıxmayan, adı Biləcəridən kənarda duyulmayan Sahibə xanımı, ölkə idarəçiliyində çox da mühüm çəkisi olmayan Şahin Mustafayevi, ən əsası isə Naxçıvanda belə düz-əməlli tanınmayan Cabbar Musayevi göndərib. Yəqin Tehran da bunu öz dini liderinə qarşı hörmətsizlik kimi qəbul etdiyindən Naxçıvan MR-in Baş nazirini protokoldan kənarda saxlamağa qərar verib. Başqa sözlə, onu rəsmi şəxs kimi tanımadığını göstərib.
Sual oluna bilər: Azərbaycan niyə din və məzhəb qardaşı İranın dini liderinin yasına heç olmasa Ermənistan kimi ölkə başçısı səviyyəsində qatılmaq ehtiyacı hiss etməyib?
Zənnimizcə, bunun səbəbi Tehrana aydındır. Heç kim bilməsə də, Tehran yaxşı başa düşür ki, diplomatik protokollarda bütün münasibətlər qarşılıqlı olur. Sən mənə nə qədər hörmət göstərirsənsə, məndən də o qədər hörmət gözləməlisən. Xüsusilə 44 günlük müharibədə biz öz din qardaşımız sayılan Xamneyi həzrətlərini Azərbaycanın yox, düşmənimizin yanında gördük. Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsində qarşımıza ən böyük əngəl kimi İran dini hakimiyyəti və onun lideri Xamneyi çıxdı. Dolayısıyla bizim də ona özümüzün dini lideri yox, düşmənimizin hamisi kimi baxmaq məcburiyyətimiz meydana gəldi. Təbii ki, bizim Xamneyinin yasında iştirakımız da İrəvandan fərqli olmalıydı. Yeri gəlmişkən, Paşinyan da məhz Xamneyiyə olan borcunu qaytarmaq üçün onun yasında iştirak edirdi. Hər halda aşırı xristian olan və müsəlman məscidinə donuz bağlamaqla ün qazanan rəsmi İrəvanın müsəlman dini liderinə sayğısını dini təəssübkeşliklə izah etmək mümkün deyil.
Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində İranın legitim hakimiyyəti kimi dini lideri deyil, xalq tərəfindən seçilmiş İran prezidentini tanıdığını açıq şəkildə ifadə etmişdi. Nəzərə alsaq ki, Azərbaycan Konstitusiyamıza görə, sekulyar və hüquqi dövlətdir, bu cür dövlətlərdə dini liderin yeri dövlət idarəçiliyi orqanlarında deyil, ibadət yerlərindədir, Prezident İlham Əliyevin nə demək istədiyini və İrana niyə 4-cü, yaxud 5-ci dərəcəli "ehtiyat heyətini" göndərdiyini anlaya bilərik. Qısası, Xamneyi həzrətləri rəsmi Bakının nəzərində bizim şeyxülislam Allahşükür Paşazadədən fərqli birisi deyildi. Sözsüz ki, Azərbaycanın siyasi iradəsi də İranın Allahşükürünün dəfnində dövlət səviyyəsində iştirak edə bilməzdi.
Zənnimcə, məsələyə bu aspektdən yanaşanda İranın bizim Cabbar Musayevi dövlət protokolundan kənarda qəbul etməsi əslində rəsmi Bakının Tehrana göstərdiyi diqqətə adekvat deyil. Amma bu diqqətsizliyi haqsız da saymaq olmaz. Hesab edirəm ki, Xamneyinin dəfn mərasiminə göndərilən rəsmilərimizin heç birisi dövlətimizin İrana münasibətini tam mənası ilə əks etdirmirdi. Yaxşı olardı ki, dəfn mərasiminə Azərbaycanın şeyxislamı Allahşükür Paşazadə həzrətləri və ya onun Qazilər Şurasının bir neçə üzvü göndərilərdi. Hər halda Xamneyi həzrətləri bir İranın dini lideridirsə, Allahşükür Paşazadə həzrətləri Azərbaycanla yanaşı həm də Rusiya, Ermənistan (baxmayaraq ki, bu ölkədəki müsəlman əhali 40 il əvvəl etnik təmizləməyə məruz qalıb, hazırda orada bir müsəlman belə yaşamır) və Gürcüstan müsəlmanlarının şeyxülislamıdır. Dolayısıyla 4 ölkənin dini lideri sayılır və Allahşükür həzrətlərinin Xamneyinin yasında iştirak etməsi İran dini liderinə göstərə biləcəyimiz ən böyük sayğı olardı. Ən azı ona görə ki, İranın can-bir qardaşı İraq şiələrinin lideri Sistani həzrətləri böyük ehtimalla Tehranda keçirilən bu dəfndə iştirak etməyəcək. Əksinə, Xamneyinin nəşi bir neçə gündən sonra Nəcəfdə Sistaninin hüzuruna aparılacaq.
Görünür, bizimkilər öz insanlarına düzgün qiymət vermədiklərindən Naxçıvan MR Baş naziri Cabbar Musayev İranda haqq etmədiyi hörmətsizliklə qarşılaşıb. Və bunun günahı nə İranda, nə də Cabbar Musayevdədir. Azərbaycanın xarici siyasətini müəyyənləşdirənlərdədir..."
Geri qayıt |