Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər

Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər


Bu gün, 08:20

Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrində fəaliyyət göstərən banklar iyun ayından etibarən rublun hesablara yatırılması ilə bağlı qaydaları sərtləşdiriblər. Bu isə Rusiyada çalışan və ailələrinə pul göndərən şəxslər üçün əlavə xərc və çətinliklər yarada bilər. Belarusda ən azı səkkiz bank rublun hesaba mədaxili üçün 2-5 faiz komissiya tətbiq etməyə başlayıb. Bu banklar sırasında "Alfa-Bank", "Belarusbank", "BelVEB", "BNB-Bank", "MTBank", "Sberbank", "Technobank" və "Zepter Bank" yer alır.

Qazaxıstanda "CenterCredit" (BCC) bankı da bankomat və terminallar vasitəsilə nağd rublun qəbuluna görə 5 faiz komissiya müəyyənləşdirib. Qırğızıstanda isə "EcoIslamicBank" SWIFT köçürmələri üçün analoji tarif tətbiq edir.

Ermənistanda bəzi banklar nağd rublla aparılan əməliyyatları, o cümlədən hesablara nağd rubl yatırılmasını tamamilə dayandırıb. Bununla belə, nağdsız ödənişlər əvvəlki qaydada davam etdirilir. RBC-yə danışan maliyyə bazarı iştirakçılarının sözlərinə görə, AİB ölkələrinin bankları Rusiya valyutasının həddindən artıq artıqlığı problemi ilə üzləşiblər. Qazaxıstan Milli Bankının məlumatına əsasən, ölkənin valyutadəyişmə məntəqələri aprel ayında 39,8 milyard tenge dəyərində 6,5 milyard rubl, may ayında isə 30 milyard tenge dəyərində 4,7 milyard rubl alıb.

Azərbaycan AİB-in üzvü olmasa da, baş verən proseslər ölkəyə də dolayısı ilə təsirsiz ötüşmür. Rusiyada çalışan minlərlə azərbaycanlı ailələrinə əsasən rubl ilə pul göndərdiyindən, rublun məzənnəsindəki dəyişikliklər və bu valyuta ilə əməliyyatların bahalaşması köçürmələrin dəyərinin azalmasına səbəb ola bilər.

İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi artıq uzun müddətdir azalır: “Hazırda Rusiya Azərbaycana ən çox pul köçürülən ölkə də deyil. Türkiyə, Avropa ölkələri və ABŞ-dan Azərbaycana Rusiyadan daha çox vəsait göndərilir. Təbii ki, pulköçürmə sistemlərinin üzləşdiyi problemlər və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların dərinləşməsi bu ölkədən pul köçürmələrində əlavə çətinliklər yarada bilər. Bu da Rusiyada yaşayan soydaşlarımızın ailələrinə göndərdikləri vəsaitin həcminin daha da azalmasına səbəb ola bilər. Bu, gözlənilən bir prosesdir”.

N.Cəfərli qeyd edib ki, bu tendensiya yeni deyil: “Azalma artıq 4-5 ildir davam edir. Hətta bu proses 2019-cu ildə, pandemiyadan əvvəl başlamışdı. COVID-19 dövründə davam etdi, Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra isə daha da sürətləndi. Hazırda da azalma tendensiyası davam edir. Buna görə də qarşıdakı dövrdə Rusiyada yaşayan azərbaycanlıların ölkəyə göndərdikləri pul vəsaitlərinin həcminin daha da azalacağı gözlənilir”.


Geri qayıt