Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan təhsilində “heyvagülü” siyasəti
Azərbaycan təhsilində “heyvagülü” siyasətiBu gün, 15:09 |
|
"DİA-AZ" Moderator.az-a istinadən ADPU-nun dosenti İlham Əhmədovun məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan xalqının zəngin folklorunda bəzən bütöv bir sosial həqiqəti ifadə edən metaforalar görünür. Onlardan biri də bu ifadədir: “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam.” Bu ifadənin mənası budur ki, kim nə deyirsə desin, mən yenə də öz bildiyimi edəcəyəm. Əslində bu, təkcə fərdi xarakterin xüsusiyyəti deyil, bu bəzən bütöv idarəetmə modeli olur...
Bu gün Azərbaycan təhsil sisteminə diqqətlə baxdıqda müəyyən sahələrdə məhz belə idarəçilik fəlsəfəsinin formalaşdığını görürürk. Bu məqalədə həmin yanaşmanı şərti olaraq “Təhsildə heyvagülü siyasəti” adlandırırıq. Bu anlayış təhsildəki idarəetmə davranışının analitik modelidir.
“Heyvagülü siyasəti” nədir?..
Bu təhsil siyasətinin əsas xüsusiyyətləri belədir:
• ekspert rəyinin nəzərə alınmaması;
• elmi araşdırmaların qərarverməyə təsir etməməsi;
• tənqidlərin sistemli şəkildə görməzlikdən gəlinməsi;
• statistik göstəricilərin formal və saxta xarakter daşıması;
• beynəlxalq təcrübənin əməldə yox, yalnız təqdimatlarda xatırlanması;
• problemlərin səbəblərinin deyil, nəticələrinin müzakirə olunması…
Başqa sözlə, qərar əvvəl qəbul edilir, sonra isə həmin qərarı əsaslandıracaq arqumentlər axtarılır. Halbuki müasir dövlət idarəçiliyində proses bunun tam əksidir. Əvvəl məlumat toplanır, sonra təhlil aparılır, daha sonra qərar qəbul edilir.
Təhsil menecmentində ən təhlükəli amil: səbəbsiz yerə özünəinamın həddindən artıq olması…
Müasir idarəetmə nəzəriyyəsində “Dunning-Kruger effekti” adlanan maraqlı psixoloji hadisə mövcuddur. Bu effekt göstərir ki, ən az bilən insanlar çox vaxt özlərini ən çox bilən hesab edirlər. Ən peşəkar insanlar isə daim öyrənməyə çalışırlar. Təhsil idarəçiliyində də bəzən oxşar vəziyyət müşahidə edilir.
İdarəçilərdən bəziləri hesab edirlər ki, onların qərarları müzakirə olunmamalıdır. Təklif vermək tənqid kimi qəbul edilir. Alternativ fikir isə sanki şəxsi hücum hesab olunur. Belə olduqda idarəetmə inkişaf etmir. Sadəcə təkrarlanır…
Reallıqda xeyli məqalələr yazılır, təkliflər verilir, amma “söz sahibi” öz payini götürmür…
Son on ildə Azərbaycan təhsili haqqında yüzlərlə analitik məqalə dərc olunmuşdur. Universitet professorları, təhsil ekspertləri, müəllimlər, işəgötürənlər, jurnalistlər, beynəlxalq təşkilatlar eyni problemləri dəfələrlə göstərmişlər. Məsələn, kurikulum problemləri, müəllim hazırlığındakı boşluqlar, qiymətləndirmə mexanizmlərinin zəifliyi, universitetlərin əmək bazarından uzaqlaşması, elmi fəaliyyətin formal xarakter daşıması, beynəlxalq akkreditasiyanın zəif inkişafı, rəqəmsallaşmanın konsepsiyasız həyata keçirilməsi. Lakin illər keçir, problemlər isə demək olar ki, dəyişmir. Bu, artıq təsadüf deyil. Bu, idarəetmə modelidir. Ölkə prezidenti deyir ki, ictimai nəzarəti gücləndirin, bizə təkliflər verin, amma məmurlar başqa cür düşünür və işləyirlər...
Məktəb məzunları niyə proqramın yalnız az bir hissəsini mənimsəyirlər?..
Müxtəlif qiymətləndirmələr göstərir ki, məktəbdə öyrədilən proqramın əhəmiyyətli hissəsi şagird tərəfindən tam mənimsənilmir. DİM-in hesabatı göstərir ki, məzunlar proqramı 40 % həcmində mənimsəyirlər. Bu hal yalnız şagirdin və ya müəllimin fərdi səyləri ilə izah oluna bilməz. Problem daha dərin sistem amilləri ilə bağlıdır…
Əgər məzun yalnız proqramın təxminən 40 faizini effektiv şəkildə mənimsəyirsə, bu, ilk növbədə proqramın həcminin real imkanlara uyğunluğu, öyrənmə metodikasının müasir idrak xüsusiyyətlərinə uyğunluğu, qiymətləndirmə sistemi öyrənməni təşviq edirmi, yoxsa yalnız nəticəni ölçür, müəllimlərin peşəkar inkişafı davamlı şəkildə dəstəklənirmi, məktəblərdə məlumatın əzbərlənməsi, yoxsa bacarıqların formalaşdırılması prioritetdir və s. kimi suallar yaradır. Əgər bu suallar illərlə cavabsız qalırsa, problem fərdlərdə deyil, sistemdədir...
Universitet diplomunun dəyərini kim müəyyən edir?..
Ali təhsilin keyfiyyəti diplomun kağız üzərində mövcudluğu ilə deyil, onun məzununa qazandırdığı kompetensiyalarla ölçülür. Müasir qlobal əmək bazarında universitet diplomunun nüfuzu dörd əsas amildən asılıdır: tədrisin keyfiyyəti, elmi tədqiqat potensialı, beynəlxalq əməkdaşlıq, məzunların rəqabət qabiliyyəti…
Əgər universitet məzunu əmək bazarında üstünlük qazanmırsa, işəgötürənlər həmin diplomu yüksək dəyər kimi qəbul etmirlərsə və beynəlxalq akademik mühitdə universitetin elmi nüfuzu zəifdirsə, formal diplom iqtisadi və sosial kapitala çevrilə bilmir. Bu vəziyyət yalnız ayrı-ayrı ali məktəblərin deyil, bütövlükdə ali təhsil siyasətinin nəticəsidir...
İdarəetmədə ən böyük təhlükə — geribildirimdən qorxmaq…
İnnovativ təhsil sistemlərinin hamısında bir ümumi xüsusiyyət vardır. Onlar tənqidi sevirlər. Çünki tənqid pulsuz konsaltinqdir. Ən uğurlu universitetlər hər il minlərlə rəy toplayırlar. Müəllimdən, tələbədən, məzundan, işəgötürəndən, valideyndən… Onlar bu rəyləri təhlükə hesab etmirlər. Bunu inkişaf resursu hesab edirlər. Əgər təhsil sistemi tənqidi qəbul etmirsə, o zaman səhvlər gizlədilir. Səhvlər gizlədildikdə isə inkişaf dayanır…
Təhsil idarəçiliyi XXI əsrdə necə olmalıdır?..
Rəqəmsal əsrdə təhsil idarəçiliyi inzibati göstərişlərə deyil, biliklərin kollektiv istehsalına əsaslanmalıdır. Müasir menecer yalnız qərar qəbul edən şəxs deyil, həm də öyrənən liderdir. O, ekspert rəylərini toplayır, məlumatları təhlil edir, fərqli baxışları müqayisə edir və qərarlarını sübutlara əsaslandırır. Belə yanaşma “öyrənən təşkilat” modelinin əsasını təşkil edir. Burada rəhbər hər şeyi bildiyini iddia etmir, əksinə, daha yaxşı qərarlar qəbul etmək üçün müxtəlif bilik mənbələrindən istifadə edir. Təhsil kimi mürəkkəb sistemdə bu xüsusiyyət zərurətdir…
Təhsildə “heyvagülü siyasəti”nin uzunmüddətli nəticələri…
Əgər qərarvermə prosesi qapalı qalarsa və elmi əsaslandırılmış təkliflər sistemli şəkildə nəzərə alınmazsa, bir neçə strateji risk formalaşır:
• insan kapitalının keyfiyyətinin zəifləməsi;
• innovasiya potensialının aşağı düşməsi;
• universitetlərin beynəlxalq rəqabət qabiliyyətinin azalması;
• işəgötürənlərlə ali təhsil arasında uyğunsuzluğun dərinləşməsi;
• gənclərin xaricdə təhsilə və əmək bazarına yönəlməsinin artması;
• dövlətin təhsilə yatırdığı investisiyaların səmərəliliyinin azalması…
Bu nəticələr yalnız təhsil sektorunu deyil, bütövlükdə insan kapitalı, iqtisadi inkişafı və milli rəqabət qabiliyyətini də zəiflədir.
“Heyvagülü siyasəti”ndən “Öyrənən təhsil idarəçiliyi” modelinə keçid…
Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifə yeni layihələr elan etməkdən daha çox, qərarvermə fəlsəfəsini dəyişməkdir. Bunun üçün aşağıdakı istiqamətlər prioritet olmalıdır:
1.Təhsil siyasətində sübuta əsaslanan qərarvermə mexanizmlərinin tətbiqi.
2.Müstəqil ekspert və akademik icmanın qərarların hazırlanmasına sistemli şəkildə cəlb olunması.
3.Təkliflərin və ictimai müzakirələrin nəticələrinin rəsmi şəkildə qiymətləndirilməsi.
4.Təhsil göstəricilərinin müntəzəm monitorinqi və açıq məlumat bazalarının yaradılması.
5.Pilot layihələrin nəticələri əsasında siyasətin korrektə edilməsi.
6.Uğursuz qərarların səbəblərinin etiraf edilməsi və institusional öyrənmə mexanizmlərinin formalaşdırılması.
Bu yanaşma idarəetməni şəxsi iradədən institusional rasionalizmə doğru yönəldir…
Azərbaycanın xalq hikmətində “Siz nə çalırsınız çalın, mən heyvagülü oynayacağam” ifadəsi inadkarlığın və dəyişməz davranışın obrazlı təsviridir. Lakin dövlət idarəçiliyində, xüsusilə, təhsil kimi gələcəyi müəyyən edən sahədə belə yanaşma inkişaf strategiyası ola bilməz. Təhsil sistemi yalnız büdcə və ya normativ sənədlərlə deyil, öyrənmə qabiliyyəti ilə güclənir. İdarəetmə də eyni prinsiplə işləyir: dinləməyən sistem öyrənmir, öyrənməyən sistem isə inkişaf etmir…
Azərbaycan təhsilinin gələcəyi “Heyvagülü siyasəti”ndən imtina edib dialoq, elmi sübutlar, peşəkar ekspertiza və institusional öyrənmə mədəniyyətinə keçidindən asılıdır. Əsl innovasiya yeni terminlər yaratmaqda deyil, idarəetmənin özünü öyrənən və öz səhvlərindən nəticə çıxaran sistemə çevirməkdədir. Məhz belə olduqda təhsil yalnız diplom verən institut deyil, ölkənin intellektual, iqtisadi və mədəni inkişafını təmin edən strateji gücə çevrilə bilər…”
Geri qayıt |